“Zuha” surəsinin 7-ci ayəsi - Peyğəmbər (s) tənqid edilir, yoxsa tərif?

Oxundu: 306
“Zuha” surəsinin 7-ci ayəsi - Peyğəmbər (s) tənqid edilir, yoxsa tərif?

İslam Peyğəmbəri (s) ilə bağlı olan bir irad da “Zuha” surəsinin 7-ci ayəsi ilə bağlıdır:

 

وَوَجَدَكَ ضَالًّا فَهَدَى

“Və səni (din mərifətlətindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.”  (Zuha, 7

 

Hidayət və zəlalətin mərhələləri vardır. İnsan hidayət yolunda bacardığı qədər cəhd və səy göstərməlidir. Bu yolda edilən günahlar insana hədəfə yetişməkdə mane olur. Odur ki, müqəddəs insanlar, Allah övliyaları nəinki günah, hətta məkruh işlərdən belə, çəkinirlər. Çünki onlar getdikləri yola yaxşı bələddirlər. Əgər bu yolu gedən peyğəmbərdirsə, o, hamıdan daha çox məsuliyyətli və diqqətlidir. Adi insanların etdikləri günahlara (yalan, qeybət, zina və sair) peyğəmbərlər ümumiyyətlə, yaxın düşməzlər. Hətta məkruha yol verməz, onu özlərinə eyib bilərlər. Yəni insanı Allahdan uzaqlaşdıran hər işi zəlalət, Allaha yaxınlaşdıran hər işi hidayət bilərlər.

Deməli, hər zəlalət günah və azğınlıq demək deyil. Zəlalət və hidayətin öz dərəcələri vardır. “Allah yaratdığı hər şeyi istisnasız hidayət edib”. (Taha, 50)

 

وَوَجَدَكَ ضَالًّا فَهَدَى

“Və səni (din mərifətlətindən) xəbərsiz tapıb,  (vəhy vasitəsilə) yol göstərdi”. (Zuha, 7)

 

Yəni ilahi vəhyi almaqla Peyğəmbərin (s) məqamı bir qədər də ucaldı, hidayət yolunda bir addım da atdı. Peyğəmbər (s) yolun azmamışdı ki, sonra da hidayət olsun. Bizim hidayət mövzusuna baxışımız yanlışdır deyə, aldığımız nəticə ürəkaçan olmur. Seçilmiş insanlar ən yaxşı işin tərkini belə, özlərinə eyib bilirlər. Allahın övliyalarından bir məkruh iş baş verdikdə günlərlə ona görə göz yaşı tökürlər. Çünki hidayət yolunda edilən ən xırda eyib belə, ən uca hədəfə çatmaqda maniə ola bilər.

 

“Zuha” surəsinin 7-ci ayəsini yolunu azmaq kimi izah edənlərə “Nəcm” surəsinin 2-ci ayəsini xatırlatmaq yerinə düşərdi:

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى

 

“Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb, nə də (əqidəsindən haqdan) azıb.” (Nəcm, 2)

Qurani-Kərimdən bir neçə ayəni də bu mövzuda nümunə göstərmək olar. Allah öz peyğəmbərlərini hidayət yolunda bir mərhəldən digərinə ucaldır – hidayət edir. Bu hidayət onlar üçün yeni bir mənəvi məqamdır. Amma çox təəssüf ki, bu ucalığı bəziləri onların yolunu azmaları ilə əlaqələndirirlər:

 

أُوْلَئِكَ الَّذِينَ هَدَى اللّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ

“Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir.  Odur ki, onların hidayət, yol və üslublarına tabe ol”.  (Ənam, 90)

 

وَمَا لَنَا أَلاَّ نَتَوَكَّلَ عَلَى اللّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا

“Allah bizi öz yollarımıza (dünya və axirət kamilləklərinə) hidayət etdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!”  (İbrahim, 12)

 

Bu ayə bütün peyğəmbərlərin dilindəndir:

 

 

قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“De: Şübhəsiz, Rəbbim məni doğru yola hidayət edib”. (Ənam, 161)

 

شَاكِرًا لِّأَنْعُمِهِ اجْتَبَاهُ وَهَدَاهُ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“(İbrahim) Allahın nemətlərinə şükr edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə dostluq məqamına) seçdi və doğru yola hidayət etdi.”  (Nəhl, 121 (Əlavə olaraq bax: Ənam, 84-85-86; Məryəm, 58; Nisa, 68) )

 

Nəticə: Qurandakı “ضَال” (dall) sözü peyğəmbərlər barədə istifadə olunduqda onların azğınlıqdan xilas olub hidayət olması yox, hidayət yolunda mənəvi pillələri qət etməsi kimi başa düşülməlidir.


Mənbə: Mahir Şəkərov: “Bütün Peyğəmbərlər məsumdur (şübhə və iradlara cavab), səh. 280-282.

 

 

İslaminSesi.info

İlahiyyatçı-araşdırmaçı Mahir Şəkərov

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system