"Yezid kafirdir və Allah onu bağışlamamışdır" – Əhli sünnə alimlərinin dilindən...

Oxundu: 844

Yezidi müdafiə edib, rəhmət oxumağı icazəli bilən əhli sünnə alimləri İmam Qəzzali və Dəmiriyə əhli sünnə alimlərinin dili ilə cavab: "Yezid kafirdir və Allah onu bağışlamamışdır."

 

Bəzi tarixi mənbələr və alimlər (İmam Qəzzali, Dəmiri kimi) Yezidin peyğəmbər ailəsinə qarşı törətdiyi qətliama haqq qazandıraraq onun günahsız olduğunu və Kərbəla hadisəsində heç bir günahı olmadığını isbat etməyə çalışırlar. Bəziləri isə Yezid sadəcə bir xəta etdi, o da İmam Hüseynin şəhid edilməsidir” deyərkən bəziləri isə daha da irəli gedərək, “Yezid xəlifə idi və imam Hüseyn (ə) gərək ona tabe olaydı” kimi gülünc fikirlər səsləndirmişlər.

 

Elə öncədən xatırladaq ki, İmam Qəzzali və Əd-Dəmiri, hər ikisi də Şafei məzhəbinin ardıcılları olmuşlar. Maraqlıdır ki İmam Şafei Yezid barədə mənfi sözlər qeyd etdiyi halda, bu məzhəbin ardıcılları isə tam fərqli mövqedən çıxış etmişlər. Mövzu daha yaxşı anlaşılsın deyə ümumən və geniş şəkildə toxunmaq istədik.

 

Öncədən bunu bilmək lazımdır ki, Yezid heç bir günahı olmayan böyüklü-kiçikli 72 nəfərlə bərabər Allah Rəsulunun bədəninin bir parçası olan imam Hüseynin (ə) şəhid edilməsi, onların namuslarının (yəni qadınlarının) kafir əsirlər kimi əsir alınması sadəcə bir xəta deyil, əksinə böyük günahlardandır. Yezidin çirkin əməlləri və kafirliyinin səbəbi, sadəcə imam Hüseyni (ə) şəhid etdiyi üçün deyildir. Onun küfr və mürtədliyini isbatlayan bir çox dəlillər vardır. O, həm sözlərində, həm də şerlərində içindəki küfrünü aşkar etmişdir. Xüsusilə şəraba aid şerləri açıq dəlillərdəndir. Bir şerində deyir:

 

Üzüm şərabı hər sübh mənim əlimdə doğur,

Hər axşam isə mənim ağzımda batır.

Əgər şərab Məhəmmədin dinində haramdırsa,

O halda, onu İsa Məsihin dininə görə iç.

Başqa şerində deyir:

Dünya, sadəcə bu dünyadır ki, var,

Bu aləmdən başqa bir aləm yoxdur.

Əgər, həqiqətən, belədirsə, bəs niyə mən,

Bu aləmin ləzzətlərindən əl çəkməliyəm?!

 

Gördüyünüz bu şerlər hamısı Yezidin şer divanında mövcuddur. Əbul-Fərəc ibni Covzi “Ər-rəddu ələl-mutəəsibil-ənid əl-maniu ən ləni Yezid lənətullah” adlı kitabında bu deyilən şerləri təsdiq etmişdir. Onun kafir, zındıq və mülhid olduğuna dair dəlillərdən bir digəri, Səbt ibni Covzinin “Təzkirə”də və babası Əbul-Fərəcin geniş şəkildə nəql etdiyi şerlərdir. O şerlərindən birinin əvvəlində (sevgilisinə xitab edərək) belə deyir:

 

Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə,

Çünki sakit və yavaş danışmağı sevmirəm mən.

Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir,

O, qəlbləri saz və sözdən uzaqlaşdırır.

 

Diqul-Cin adıyla tanınan böyük fəqih, alim, fazil və ədiblərindən olan İbrahim ibn İshaq, Abbasi xəlifələrindən Harun Rəşidin yanında Yezidin bütün şerlərini oxuduqda, Harun Yezidə ixtiyarsız olaraq lənət edərək belə dedi: “Bu zındıq, Yaradanı və Qiyaməti tamamilə inkar etmişdir.

Onun küfr və azğınlığına dəlil olan şerlərindən bəziləri nəşəli vaxtlarında oxuduğunəğmələrin sözləridir. Birində dostlarına xitabən belə deyir:

 

Durun saza və sözə qulaq verin,

Xalis şərab üçün ey dostlar.

Dini və imanı atın kənara,

Saz əzan səsini unutdururdu mənə.

Müğənni yaşlı qadınları,

Cənnət və hurilərə dəyişmərəm.

 

Məqatil kitablarında, hətta Səbt ibni Covzi “Təzkirə” kitabının 148-ci səhifəsində belə nəql edir: “Rəsulullahın (s) əhli-beyti Şama gətirildikdə, Yezid Ceyrun tərəfə baxaraq bu küfr dolu şerini oxudu:”

 

Ali-Məhəmməd əsirlərinin karvanı göründükdə,

Bir qarğa ucadan qarıladamağa başladı.

Dedim ki, ey qarğa qarıldasan da, qarıldamasan da,

Mən peyğəmbərdən borcumu aldım.

 

Əslində, Yezid belə deyirdi: “Uhudda, Bədirdə və Huneydə öldürülən əmim və qohumlarımın intiqamını peyğəmbərin (s) övladlarını öldürməklə aldım.”

 

Yezidin küfrünə dəlalət edən digər dəlillərdən digəri də, həzrət peyğəmbərin (s) övladını şəhid etdikdən sonra şənliklər təşkil etməsi və Əbdullah ibn Zəbəriyə aid olan küfr şerlərini oxumasıdır. Səbt ibni Covzi, Əbu Reyahni Biruni və başqa bu kimi alimlər bu şerləri qeyd etmişlər. Yezid bu şerlərdə müşrik və kafir olan və Bədir döyüşündə Allah və Rəsulunun (s) əmri ilə öldürülən atalarının dirilməsini arzu edir. Şerin ikinci və beşinci beyitlərini Yezid özünə həsr etmişdir. O, bu şeri müsəlman, yəhudi və xristianların yanında oxumuşdur. O şer budur:

 

Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları, Xəzrəc qəbiləsinin (Uhud döyüşündə)

Məğlubiyyətini görsəydilər, sevinərək deyərdilər: “Əlinə sağlıq, ey Yezid.”

Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək, bərabərləşdik,

Bəni-Haşim səltənətlə oyun oynadı, nə göydən bir xəbər gəlməmiş və nə də vəhy nazil olmuş.

Bəni-Əhməd övladlarından intiqam almasam, mən Xəndəf (Yezidin atlarından biridir) ailəsindən deyiləm,

Biz qanımızın əvəzini, Əlinin igid və qəhrəman oğlunu öldürməklə aldıq.

Əbul-Fərəc, Şeyx Əbdullah ibn Məhəmməd ibn Amir Şəbravi “Əl-İthaf” bi hubbil-əşraf”ın 18-ci səhifəsində, Xətib Xarəzmi “Məqtəlul-Hüseyn” adlı kitabının 2-ci cildində və s. alimlər yazırlar ki, məlun Yezid imam Hüseynin (ə) mübarək dodağına və dişlərinə əlindəki çubuq ilə vuraraq, qeyd etdiyimiz şerləri söyləmişdir.

Əhli sünnət alimlərinin məlun Yezidə lənəti caiz bilmələri.

Bir çox əhli sünnə alimləri başda Əhməd ibn Hənbəl olmaqla Yezidə lənət oxunmasını icazəli bilirlər. Xüsusilə Əbdurrəhman Əbul-Fərəc ibni Covzi bu mövzuda “Ər-rəddu ələl-mutəəsibil-ənid əl-maniu ən ləni Yezid lənətullah” adlı kitab yazmışdır. Əbul-Əla əl-Muərra isə, bu şeri söyləmişdir:

 

Zamanın, davamlı olaraq tövhid və tövhid əhlinin əleyhinə şeytani olanlar cızıldığını görürəm.

Mənim təəccübüm getdikcə, durmadan artır.

Görəsən, Qureyşiniz, başda Yezid xəlifəniz olmaqla

Həzrəti Hüseyni şəhid etmədimi?

 

Əhli sünnə alimi Dəmiri “Həyatul-Həyəvan” və Məsudi “Murəvvicuz-zəhəb” kitabında belə yazırlar: “Yezidin çox sayda meymunu var idi. Onlara ipəkdən paltarlar geydirərək, boyunlarına qızıl boyunbağı taxıb, onları atların üzərinə mindirərdi. Bundan əlavə, boyunlarına qızık zəncir taxılmış bir çox iti var idi. Onlara öz əliylə tumar çəkib, qızıl qablarda su verər, artığını isə özü içərdi. Çox spirtli içkilər içdiyindən, daima məst və sərxoş idi.”

Məsudi “Murəvvicuz-zəhəb” kitabının 2-cildində belə yazır: “Yezidin yolu (əməl və hərəkətləri) Fironluq yoluydu. Hətta Firon idarəçilikdə ondan daha adil idi. Onun səltənəti Onun səltənəti İslam üçün böyük bir utandırıcı nöqsan qaynağı oldu. Şərab içməsi, həzrət peyğəmbərin (s) oğlunu şəhid etməsi, o həzrətin vəsisinə lənət oxuması, Kəbəni talan etməsi və bir çox insanların qanını tökməsi, xüsusilə Mədinə camaatını qətlə yetirməsi – saysız-hesabsız iyrənc əməlləri onun bağışlanmayacağını göstərir.”

 

Yezidin anası Mucdil Kəlbiyyənin qızıdır. O Müaviyə ilə şəhərdə yaşamağı xoşlamırdı və aşağıdakı məşhur şer onundur:

“Həqiqətən sevinc və gözaydınlığı ilə sərt əba geyməyi nazik paltar geyməkdən daha çox sevinirəm. İçindəki sərt küləklər əsən ev mənim üçün cah-cəlallı qəsrdən daha sevimlidir. Yoxsul və bədəxlaq əmioğlanlarımdan biri mənim üçün qəd-qamətli və qaba bir kişidən daha yaxşıdır.”

Müaviyə o qadını Yezid ilə birgə səhraya göndərdi və Yezid səhrada boya-başa çatdı. Buna görə də çölçülük və bədəvi əxlaqa sahib idi. Dili çox fəsih idi. Ova çıxmağa, at çapmağa, müsabiqəyə, heyvanların xüsusilə itlərin tərbiyəsinə çox həvəsli idi. Yezid bədəvi fəsahət xislətinə malik olduğu üçün şairlərlə və batil-batil adamlarla oturub-durmağı çox sevirdi. Əlbəttə, İslamda faydasız hesab olunan şer növünə meyl göstərirdi. Şairlər və mütriflər Yezidin sarayında məqam sahibi idilər və o özü də şərab və başqa ona bənzər şeylər haqqında bir çox şerlər söyləmişdir. O cümlədən:

 

“Məscidləri abidlərə həvalə et ki, orada məskən salsınlar. Özün isə şərab satılan dükanda oturub bizə şərab sat. Həqiqətən şərab içənlər məst-xumarlıq halında kef edirlər, halbuki, namaz qılanların nə dini var, nə də dünyası. Rəbbin Quranda “vay şərab içənlərə” deməyib, lakin “ vay namaz qılanlara” deyib.

 

Başqa yerdə deyir:

 

“Mənə şərab içizdir ki, beynimi və sümüyümü sirab etsin,

Sonra camı əy və bənzərini bin Ziyada içirt,

O, mənim əmanətçim və sirdaşımdır,

Döyüşlərimi və qənimətlərimi möhkəm edəndir.”

 

Xatırladaq ki, Yezid bu şeri İmam Hüseyni (ə) şəhid etdikdən sonra söyləmişdir.

Yezid zina edir, şərab içir və namaz qılmırdı. (Daha ətraflı bax: “Ət-təbaqatul-Kubra”, İbn Səd, c. 5, səh. 66, “Tarixi Mədinə Dəməşq”, c. 27, səh 429, “Əl-Kamil” 3 c, səh. 310, “Tarixul-xuləfa,” səh. 165)

İmam Zəhəbi öz kitabında yazır: “Ey insanlar, Allahdan qorxun. Biz göydən başımıza daş yağmağından qorxduğumuz üçün qiyam etdik. Bu adam atasından uşaq dünyaya gətirmiş olan cariyələri nikahlayır, öz qızları və bacıları ilə yatır, şərab içir və namaz qılmır. (“Əz-Zəhəbi”, “Tarix əl-İslam”, c. 2, səh. 356)

İbn Cüreyc atasından nəql edir: “… Mən Yezid kimi homoseksual deyiləm.” (İbni Kəsir, “əl-Bidayə vən Nihayə,” c. 9, səh. 77)

“(İmam Əhmədin oğlu) Salih bin Əhməd dedi: Atama dedim: bir qrup Yezidi sevdiklərini söyləyir.

Dedi: Ey oğlum! Allaha və axirət gününə inanan bir kəs Yezidi sevərmi?

Digər bir yerdə Muhənna belə nəql edir: “İmam Əhmədə Yezid bin Muaviyə bin Əbi Sufyan haqqında sual verdim, cavabında dedi: O Mədinədə elədiyini eləyəndir.

Dedim: Nə edib ki?

Dedi: Rəsulullahın (s) səhabələrindən bəzilərini öldürdü və etdi.

Dedim: Nə etdi?

Dedi: Oranı (Mədinəni) talan etdi.

Dedim: Ondan hədis rəvayət edilərmi?

Dedi: Ondan heç bir hədis rəvayət edilməz!”

(Mənbə: Əhməd İbn Teymiyyə: “Məcmuətul Fətəva”: c. 4, səh. 295

Darul Vəfa: 1426/2005. İbn Teymiyyə: “Məcmu Fətəva”: c. 4, səh. 483

Fəhd nəşri.)

Hənəfi fəqihlərindən Əbul Muntəhə Əl Məğnivəsi İmam Əbu Hənifənin “Əl Fiqhul-Əkbər” əsərinin şərhində səhifə 88-də Yezid barəsində yazır: “O spirtli içkini halal hesab etdi və Hüseyn və səhabələri öldürüldüyü zaman dedi: “Bədrdə öldürülən ata-babalarımın intiqamını aldım.” Buna bənzər digər sözləri də var. Bu səbəbdəndir ki, İmam Əhməd b. Hənbəl Yezidi kafir hesab etmişdir, çünki Yezidin sözlərinin səhih olduğu ona (İmam Əhmədə) sübut edilmişdir.”

 

(Əbul Muntəhə Əl-Məğnivəsi (v. 1000 h/ 1592 m) Şərhi Fiqhul-Əkbər, səhifə 88)

 

Görkəmli Şafei alimlərindən Şeyx Süleyman b. Muhəmməd b. Ömər əl-Becərmi (ö.1221 h) yazır: “İmam Əhmədin Yezidi hər iki cür təlvih (adını çəkməklə) və təsrih (adını çəkmir, sadəcə Allah İmam Hüseynin (ə) qatillərinə lənət etsin deyir) üsulla təkfir etdiyi faktları var. İmam Malik və Əbu Hənifənin də bu cür nitqləri var. Həmçinin bənzər faktlar bizim məzhəb imamımız İmam Şafeidən də var. Əl-Bəkri də eyni sözləri demişdir. Onun (Əl-Bəkrinin) davamçılarından bəziləri Yezid barədə “Allah onun rüsvayçılığını daha da artırsın və cəhənnəmin ən alt təbəqəsinə yerləşdirsin” deyirdilər.” (Haşiyət əl-Buceyrimi, c.12, səh.369)

 

Şeyx Kəmaluddin Muhəmməd b. Musa Dəmiri yazır:

“Əbu Hənifənin, Malik və Əhmədin Yezidi təkfir məsələsində 2 cür nitqləri var: Təsrif və təlvih.” “Həyatul-həyvan”, 2/84

Qeyd: Təlvih – adını çəkməklə təkfir etmək.

Təsrih – adını çəkmədən, sadəcə Allah İmam Hüseynin (ə) qatillərinə lənət etsin deməklə təkfir etmək.

 

Əllamə Seyid Mahmud Əlusi əl-Bağdadi (ö.1270) “Muhəmməd” surəsinin 22-23-cü ayələrinin təfsirində yazır:

“Əl-Bərzənci və əl-Heysəmi “əl-Səvaiq”də nəql edirlər ki, İmam Əhməd bin Hənbəlin oğlu (Saleh) rəvayət edir ki, atasından Yezid bin Müaviyəni sevidklərini söyləyən insanlar barədə xəbər aldı. Bu barədə İmam Əhməd bin Hənbəl deyir: “Allaha imanı olan kəsin Yezid bin Müaviyəni sevmək üçün heç bir səbəbi yoxdur. Niyə görə Allahın Quranda lənət etdiyi kəs lənətlənməməlidir?” Saleh sual edir: “Yezid bin Müaviyə Quranın hansı hissəsində Allah tərəfindən lənətlənib?” İmam Əhməd cavabında bu ayəni zikr edir: “Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir! Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)” (“Muhəmməd” surəsi, 22-24)”

 

(“Təfsir Ruh əl-Məani”, cild 26, səh. 72; İbn Müflih əl-Hənbəli, “Ədəb Şəriə”, c.1, səh.342; Muhəmməd ibn Əhməd əl-Səffarini əl-Hənbəli (ö.1188), “Ğida əl-əlbab li-Şərh Mənzumat əl-Ədəb”, c.1, səh. 182; İbn Covzi, “əl-Rad əla əl-Mutəsib əl-Ənid əl-Mane lə zam Yezid”, səh.41)

 

Bu oxuduqlarınız Yezid haqda çox qısa xülasə idi ki, Yezidi insanlara mömin kimi tanıtdırmaq istəyənlər heç olmasa oxuyub, xəcalət çəksinlər. Əgər zərrə qədər vicdanları varsa Yezid kimi fasiq, kafir, zinakar, şərabxor, meymunbaz, it oynadan, öz məhrəmləri ilə zina etməkdən həzz alan, Mədinə şəhərində kütləvi qətl törədən, Kəbəni atəşə tutan, namazı məsxərə edən, ən əsası isə İslam Peyğəmbərinin (s) əziz nəvəsi Həzrəti Hüseyni (ə) şəhid edərək, mübarək başının bədənindən ayrılmasına səbəb olan, onun qardaşlarını, kiçik körpəsini şəhid edib, ailəsini əsir etməsi və bu kimi, misli görünməmiş cinayətlər törədən bir azğını müdafiə etmək əvəzinə, nadanlıq və təəssübkeşlik eynəyini gözlərindən çıxarıb, bəsirət gözü ilə tarixə nəzər salsınlar. Əhli sünnət alimlərinin bu məzmunda yazılmış əsərlərinə müraciət etsinlər.

 

İbn Həcər Heysəmi “Əs-Səvaiqul-Muhriqə” əsərində belə nəql edir: “Əsirlər və şəhidlərin başları Şama (Dəməşqə) gətiriləndən sonra Həzrət Hüseynin (ə) mübarək başı bir tabaq içində böyük bir məclis təşkil etmiş Yezid ibn Müaviyənin hüzuruna gətirilərək yerə qoyuldu. Xarici ölkələrin elçiləri və kafirlərin belə olduğu bir məclisdə Yezid əlindəki çubuqla Həzrət Hüseynin (ə) başını oynadaraq dodaqlarına vurur və zəfər sevincini bildirən bu şeri oxuyurdu:

 

Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları, Xəzrəc qəbiləsinin (Uhud döyüşündə)

Məğlubiyyətini görsəydilər, sevinərək deyərdilər: “Əlinə sağlıq, ey Yezid.”

Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək, bərabərləşdik,

Bəni-Haşim səltənətlə oyun oynadı, nə göydən bir xəbər gəlməmiş və nə də vəhy nazil olmuş.

Bəni-Əhməd övladlarından intiqam almasam, mən Xəndəf (Yezidin atlarından biridir) ailəsindən deyiləm,

Biz qanımızın əvəzini, Əlinin igid və qəhrəman oğlunu öldürməklə aldıq.

 

Məclisdə olan Qeysər (Roma) imperatorunun elçisi Yezidin peyğəmbərin (s) nəvəsinə etdiyi  bu qədər alçaqlıqları görəndə özünü itirmiş halda bu sözləri dedi: “Ey Yezid! Bizim adaların birində olan bir kilsədə Həzrət İsanın (ə) miniyinə aid bir dırnaq var. Biz xristianlar Həzrət İsanın xatirinə və ona olan imanımıza görə hər il onun ziyarətinə gedir, sizing Kəbəyə etdiyiniz hörmətin bərabərini ona edirik. Amma siz öz peyğəmbərinizin (s) qızının oğluna bu həqarətləri edir və onu qəddar bir şəkildə öldürürsünüz.”

 

Məclisdə olan bir yəhudi də Yezidə üzünü tutub belə dedi: “Ey Yezid! Mənimlə Davud peyğəmbər arasında yetmiş nəsil keçmişdir. Yəhudilər hələ də mənə sevgi göstərib, hörmətimi saxlayırlar. Amma sizlər dünən ölən peyğəmbərinizin oğlunu öldürürsünüz.”

 

Əhli sünnənin digər Hənəfi alimi “Yənaibul-Məvəddət” əsərində həmin yəhudinin elə oradaca müsəlman olmasını və Yezidin əmri ilə də şəhid edildiyini qeyd edir. (Qunduzi Hənəfi, “Yənaibul-Məvəddət”  c. 3, səh. 32)

 

Əbul-Qasim ibn Tayyib deyir ki, İmam Şafeinin əhli-beytin  məzlumiyyətini bildirən bu şeri oxuduğunu rəvayət edir: “Günlərin keçməsiylə onlara edilən zülmlər yuxumu qaçırmış, saçımı ağartmışdır. Dünya Ali-Məhəmmədin müsibətinə sarsılmış, dağların sərtliyi belə onlar üçün ərimişdir.

Bəziləri xoşlamasa da, biri məndən Hüseynə tərəf bir məktub çatdırsın. O Hüseyn ki, susuz yerdə öldürülmüş, köynəyi qana boyanmış və sanki xınalanmışdır. Necə olur ki, Ali-Haşimdən (peyğəmbərliyə) seçilənə salavat, salam və rəhmət xuyurq, amma uşaqlarına əziyyətlər edir, incidirik. Doğrusu, bu çox dəhşətli və heyrətli bir işdir.

 

Əgər mənim günahım Ali-Məhəmmədi sevməkdirsə, mən ondan tövbə etmərəm. Qiyamət günündə mənə hamilik edən onlardır. Mənə görə, onlara düşmən olmağın özü günahdır.”

 

Hakim Nişaburinin nəql etdiyinə görə, alimlərdən biri Həzrət Hüseynin (ə) matəmində bu şeri oxumuşdur: “Ey Məhəmmədin qızının oğlu, sənin başını qana bulaşmış halda gətirdilər. Səni öldürməklə, ey peyğəmbər (s) oğlu! Aşkar və bilərəkdən Rəsulullahı öldürdülər.

Sən “öldürüldün” deyə, təkbir sədalarını yüksəltdilər. Lakin səni öldürməklə təhlili (Lə iləhə illəlah) və təkbiri (Allahu Əkbəri) öldürdülər.” (“Əl-Bidayətu vən-nihayə” c. 8, səh. 216)

 

Yezidin beyətini pozduqları üçün Mədinə əhalisini qətlə yetirilməsi.

 

Tarixçilər, xüsusilə Səbt ibn Covzi “Təzkirə” kitabının 63-cü səhifəsində belə yazır: “Hicrətin 62-ci ilində Mədinə əhalisindən bir qrup Şama gələrək, Yezidin çirkin əməl və küfrlərini gördükdə, Mədinəyə döndülər. Beyətlərini pozun açıq-aşkar ona lənət oxudular. Yezidin Mədinədəki valisi Osman ibn Məhəmməd ibn Əbu Sufyanı da şəhərdən qovdular. Əbdullah ibn Hənzələ belə dedi: “Ey insanlar! Biz əgər Şamdan gəlib Yezidin əleyhinə qiyam etdikdə, bunun səbəbu onun dinsiz olduğu, anaları, qızları və bacılarıyla cinsi əlaqəda olduğu, şərab içdiyi, namaz qılmadığı və peyğəmbər (s) övladlarını öldürdüyü üçündür.”

 

Yezid bu xəbəri eşitdikdə, Müslim ibn Əqəbənin başçılığı altında mədinəlilərin üsyanını dağıtmaq üçün Şam əhalisindən təşkil olunmuş böyük bir ordunu Mədinəyə yolladı. Onlar şəhərə yetişdikdə, üç gün-üç gecə, mədinəliləri qətlə yetirdilər.

 

İbn Covzi, Məsudi və sairə tarixçilər belə yazırlar: “O qədər çox insan öldürdülər ki, küçələrdə qan axmağa başladı, əhali qan gölü içindəydi. Hətta qan Rəsulullahın (s) qəbrinə yetişdi və Məscidun-Nəbi qanla doldu.”

 

Ənsar, mühacir və Mədinə əhalisinin möhtərəm və şərafətli kişilərindən 700 nəfər öldürdülər. Ümumi əhalidən isə 10 min nəfər qətlə yetirdilər. Müsəlmanların namuslarına toxunduqlarını bura yazmaq istəmirik. Sadəcə Səbt ibn Covzinin “Təzkirə” kitabının 163-cü səhifəsində Əbul-həsən Mədainidən nəql etdiyi bu cümlə ilə kifayətənirik: “Hirrə faciəsindən (Mədinə əhalisinin qətli) sonra min qadın, ərsiz halda uşaq dünyaya gətirdilər.”

 

Bütün bu deyilən hadisələri gözardı edərək bəzi müxaliflər “Bu işlər Yezidin sadəcə fasiqliyini göstərir və günahkar fasiqin etdiyi əməllər isə əfv edilə bilən şeylərdir. Yezid də tövbə etmiş və Allah da onu bağışlamışdır. Çünki Allah günahları bağışlayandır. O halda, siz nəyə əsaslanaraq, ona daima lənət edir və məlun deyirsiniz?” deyə sual verirlər. Cavabında deyirik: “Onun küfrlü sözləri, Allah əvliyalarını şəhid etməsi, Mədinə əhalisinin qətli və başqa əməlləri tövbə etdiyi mövzuya tamamilə uyğun deyil. Yezidin tövbə etməsi rəvayətdir və sabit olmamışdır. Yezidin etdiyi günahlar sadəcə özü ilə Allah arasında deyil ki, tövbə vasitəsilə də bağışlana. Elədiyi bir çox günahlar xüsusən imam Hüseyni və dostlarını, Mədinə əhalisindən minlərlə insanı qətlə yetirmələri qul haqqına daxil olan günahlardandır və əgər zülm olunan özü bundan keçməsə Allah belə günahları əsla bağışlamır. Buna sözünüz nədir? Görəsən məadı, vəhyi, peyğmbərliyi inkar etmək və mürtəd olmaq sizə görə lənət oxumağa səbəb olan şeylər deyilmi? Allah Qurani-Kərimdə zalımlara açıq aydın lənət etmirmi? Sizə görə Yezid zalım deyilmi?

 

Bundan əlavə Müslim və Buxari öz “Səhih” əsərlərində, Əllamə Səmhudi “Tarixul-Mədinə”də Əbul-Fərəc İbn Covzi “Ər-rəddu ələl-mutəəsibil-ənid”də, Səbt ibn Covzi “Təzkirətu xəvassil-ümmə”də imam Əhməd ibn Hənbəl “Müsnəd” kitabında və başqa şəxslər Rəsulullahın (s) belə buyurduğunu nəql etmişlər: “Kim Mədinə əhalisini zülmlə qorxudarsa, Allah da (Qiyamət günü) onu qorxudar. Allahın, mələklərinin və bütün insanların lənəti olsun belə bir zalım insana. Qiyamət günü Allah bu cür əməl sahibinin heç bir əməlini qəbul etməz.”

 

Yenə başqa hədisdə belə buyurmuşdur: “Mənim şəhərimi (Mədinə əhalisini) qorxudana Allah lənət etsin.”

 

Mədinədə baş verən faciə, müsəlmanların kütləvi qətli, namuslara təcavüz və malların talan edilməsi Mədinə əhalisinin qorxmasına səbəb olmamışdırmı? Əgər bu belədirsə onda, Allah, peyğəmbəri (s), mələkləri və bütün insanlar o alçaq insana lənət etmiş və Qiyamətə qədər də lənət edəcəklər.

 

Bir çox əhli sünnə alimləri Yezidə lənət demiş,ona lənəti icazəli bilmiş və bu mövzuda kitablar da yazmışlar. Məsələn: Əllamə Əbdullah ibn Məhəmməd ibn Amir Şəbravi Şafei “Əl-İthaf bi hubbil-əşraf” adlı kitabının 20-ci səhifəsində Yezidə lənət etmə mövzusunda bunu nəql edir: Molla Səd Taftazaninin yanında Yezidin adını söylədikdə, o, belə dedi: “Allahın lənəti olsun ona, əshabına və yardımçılarına.”

 

Əllamə Səmhudi “Cəvahirul-Əqdəyn”dən belə nəql edir: “Alimlər həzrət Hüseyni (ə) qətl edənə, onu öldürməyə əmr, ya da izn verənlərə və ya onun qətlinə razı olanlara lənət deməyin caiz olduğu mövzusunda ittifaq etmişlər.”

 

Yenə ibn Covzi, Əbu Yəla və Əhməd ibn Hənbəldən Quran və hədislər baxımından Yezidin lənətlik olduğunu isbat edən dəlillər gətirdiklərini nəql edir.

İmam Hüseynin İslam ümməti üzərində böyük haqqı vardır. Çünki o, məzlumiyyət gücü ilə belə bir zalımlığın və zalımın kökünü qazıdı. Özü və əhli-beytinin qanıyla Bəni-Umeyyənin, xüsusilə də məlun Yezidin zülmüylə qurumaqda olan “Lə iləhə illəllah” ağacını öz qanıyla sulayıb, İslam və tövhidə yenidən həyat qazandırmışdır.

 

Təəssüfləndirici hal budur ki, müxaliflər imam Hüseynin (ə) xidmətlərini təqdir etmək əvəzinə, Onun ziyarətinə gedənlərə etiraz edir, qınayır və onlara başqa nisbətlər verib, yaraşmayan adlar qoyurlar. Daha sonra isə imam Hüseyni sevdiyini iddia edirlər. Həmin şəxslərədən soruşmaq lazımdır ki: “Bu necə sevgidir ki, onun ziyarətinə gedənlərə acığınız tutur? Əziz peyğəmbərimizin (s) əziz nəvəsini kimsə ziyarət edirsə siz niyə əsəbləşirsiniz? Niyə hər il milyonlarla insanın imam Hüseynin (ə) ziyarətinə getdiyindən və matəm tutub o məzlumun qəribliyinə ağladığına görə şikayətlənirsiniz?

 

Bir çox ölkələrdə “adsız əsgər” məzarları mövcuddur. Bu qəbirlərin üzərində abidə ucaldan xalqların məqsədini belə açıqlayırlar: “Bu əsgər zalımların zülmünə qarşı vətənini qorumaq üçün canından keçmişdir. Amma onun bədənindən və geyimindən kim olduğu və hansı ailə və şəhərdən olduğuna dair hər hansı bir məlumat və əlamət yoxdur. O, əsgər hər nə qədər adsız və kimliyi naməlum olmasına baxmayaraq, qanını zalımların zülmündü dəf etmək yolunda axıtdığı üçün dəyəri vardır. Hər hansı bir dövlət adamı, nazir və ya dövlət məmuru o şəhərlərdən birinə səfər etsə, ehtiram üçün o adsız əsgərin qəbrini ziyarət edər və məzarı üstünə gül çələngi qoyur. Ona, milli heysiyyətlərini dünya millətləri qarşısında qorumaq üçün ehtiram göstərirlər.

 

İndi biz insaflı olanlardan soruşuruq: “Biz müsəlmanalar 72 nəfər bilinən, tanınan, hamısı alim, abid və təqvalı, onlardan bəzisi isə Quran qarisi və hafizi olan, zalımların zülmü qarşısında din və tövhidi, İslam və ədaləti müdafiə etmək yolunda canlarından keçən və əksəriyyəti də peyğəmbərin (s) əhli-beytindən olan insanları yad edən və onları ziyarət edənləri təqdir və təşviq etmək əvəzinə, onlara meneçilik törətmək, təhqir etmək, təəssübkeş alimlərin təhrikləriylə onların qəbirlərini dağıtmaq və ondan qəhvə düzəltmək utandırıcı deyilmi?”

 

Tarix şahidlik edir ki, hicri-qəməri 1216-cı ilin Qədir-Xum bayramı günü Kərbəla əhalisinin çox hissəsi ziyarət məqsədilə Nəcəfi-Əşrəfə səfər etmişdilər. Nəvdli vəhhabilər fürsəti qənimıt bilib, Kərbəlaya hücum edərək müdafiəsiz zəif insanları qətlə yetirib, mallarını talan etdilər. Tövhid yolunda can vermiş İslam fədəkarları imam Hüseynin (ə) və Onunla birlikdə şəhid onların müqəddəs qəbirlərini dağıdıb, yerlə-yeksan etdilər!

 

Kərbəla əhalisindən təxminən 5 min nəfəri, alim, cahil, zəif, güclü, böyük, kiçik bilmədən, hətta günahsız qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər. İmam Hüseynin (ə) məqbərəsindəki xəzinələri talayıb qiymətli daşları, əntiq əşyaları apardılar. Hətta qəbrin üstündəki sandıqı yandırıb, ondan qəhvə düzəltdilər. Bir çox insanı da əsir edib, özləriylə apardılar.

 

Dünyanın bütün ölkələrində alimlərin, sultanların, ziyalıların, hətta adısz əsgərin qəbirləri belə ehtiramla yad edildiyi halda, müsəlmanların öz iftixarları olan insanların qəbirlərini qorumları bir yana, onları vəhşicəsinə dağıdıb talan etmələri həqiqətən çox üzücüdür.

 

Hətta həzrət Həmzə kimi Uhud şəhidlərinin qəbirlərini, Əbdul-Muttəlib və Əbdullah kimi həzrət peyğəmbərin (s) ata və babalarının qəbirlərini və İslamın iftixarları olan digər kəslərin qəbirlərini Məkkə və Mədinədə dağıdıb yerlə-yeksan edib, sonra da özlərinə “biz müsəlmanıq” deyirlər! Amma öz dırnaqarası rəhbər və sultanlarının qəbirləri üzərində abidələr ucaldırlar.

 

Şiə və sünni alimləri möminlərin qəbirlərini ziyarət etmək haqqında, onların müxtəlif hadisələrdən, qorunması üçün bir çox hədislər nəql etmişlər. Rəsulullah (s) bilavasitə özü möminlərin qəbirlərini ziyarət edib, onlar üçün bağışlanma diləyirdi. Buna baxmayaraq, bir qrup qara əllər din adıyla İslamın iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərinu dağıdıb, onlardan ən kiçik bir əlamət belə qoymurdular. Sözü qısası, deyiləsi dərdimiz çoxdur. Allah din adı ilə dini əleyhinə çalışanlara lənətin nazil eləsin.

 

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

 

Картинки по запросу mahir şəkərov

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system