NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yeganə fövqəlgüc təhlükəsi – Vaşinqtondan ədalətli mövqe gözləmək olarmı?

Oxundu: 57
Yeganə fövqəlgüc təhlükəsi – Vaşinqtondan ədalətli mövqe gözləmək olarmı?

Rusiyanın dağılması kiçik dövlətlərə, xalqlara əmin-amanlıq gətirəcəkmi?

 

Bir neçə ildir guya Rusiyanın dağılmaq ərəfəsində olduğu haqda iddialar irəli sürülür. ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiylardan sonra belə iddialar daha qabarıq şəkildə ortaya qoyulur. Amma maraqlıdır ki, bir sıra siyasi şərhçilər Qərb dövlətlərinin Rusiyanın dağılmasını istəmədiklərini, bunun onlar üçün ziyanlı olduğunu vurğulayırlar. Gerçəkdənmi belədir və nədən belə olmalıdır? Rusiya nəhəng enerji ixracatçısı olduğuna görəmi? Yəni doğrudanmı Qərb bütöv və əsasən də bütöv olduğu üçün güclü olan Rusiyadan yox, onun bir neçə yerə parçalanmış “qəlpələrindən” çəkinir? Bir də ki, enerji faktoru ortadadırsa, məsələn, ayrılmış hissələrlə əməkdaşlıq etmək olmazmı? Yəni “qəlpələrlə” anlaşma nəhəng və güclü Rusiya ilə anlaşmaqdan bu qədərmi çətindir?

 

Doğrudur, nəhənglər dünyanın bölüşdürülməsində, bəzi ölkələr üzərində nəzarət məsələsində bir-birinə nələrisə güzəştə gedirlər. Amma rəqibsiz gücün kiməsə və nələrisə güzəştə getməyəcəyi aksiomdur. Belədirsə, Qərb, ABŞ Rusiyanın dağılmasına nədən razı olmasın? Əsaslı səbəb yoxdur.

 

Deməli, söhbət razılıqdan yox, gücdən, yaxud güc tətbiqinin arzuolunmaz nəticələrinin göz önünə alınmasından gedir və getməlidir. Bu baxımdan Rusiya kimi nəhəng nüvə dövlətinin yalnız içdən dağılması mümkündür. Amma gəlin görək, Rusiyanın parçalanması kiçik dövlətlərə, xalqlara əmin-amanlıq gətirəcəkmi? Əsla. Bu dağılma şübhəsiz ki, dünyanın bir qütbdən idarə olunmasına gətirib çıxaracaq. Birqütblü idarəçilik isə yaxşı heç nə vəd etmir. Çünki bu, hansısa yeganə fövqəlgücün azğınlaşmasına, heç nədən və kimdən, hansısa dövlətdən çəkinməyərək, yeganə söz sahibi olmasına və beləliklə, istəklərini qeyd-şərtsiz diktə etməsinə şərait yaradır. Əgər ikiqütblü, çoxqütblü idarəçilikdə fövqəlgüclər bir-birindən ehtiyat edib müəyyən məsələlərdə güzəştə gedirdilərsə, birqütblü idarəçilikdə artıq belə olmayacaq. Və diplomatiya tədricən aradan qalxacaq, dünyanın idarə olunmasında güc daha aqressiv formada yeganə vasitəyə çevriləcək. Bəs bu yeganə gücün, məsələn, bizim Qarabağ probleminə münasibti necədir? Ədalətli mövqe sərgiləyə biləcəkmi? Əsla.

 

Belə bir fakta, daha doğrusu, faktlardan birinə nəzər salaq. Heç kəsə sirr deyil ki, İsrail Yaxın Şərqdə ABŞ-ın jandarmı rolunu oynayır. Yəni rəsmi Vaşinqtonun bu regiondakı hadisələrin öz xeyrinə inkişafında İsraildən istifadə etməsi indi hər kəsə aydındır. Rusiyanın da Ermənistandan eyni məqsədlər üçün yararlanması da heç kəsə sirr deyil. Birləşmiş Ştatlar başda olmaqla indi Qərb Ermənistanı nəyin bahasına olursa olsun Rusiyanın təsirindən çıxarmağa çalışır. Və bundan ötrü Dağlıq Qarabağ problemindən də yararlanır. Amma ondan ötrü fərqi yoxdur, Qarabağ Ermənistanın olsun, ya müstəqil dövlət kimi fəaliyyət göstərsin, ya da Azərbaycana qaytarılsın. Əsas odur ki, Ermənistan Kremlin nəzarətindən çıxsın. Ancaq İrəvan Qarabağın bizə qaytarılması şərti ilə Qərbin nəzarətinə keçməsini təbii ki, ağlına belə gətirmir. Qərbdə də bunu yaxşı bilirlər. Və görünən odur ki, Azərbaycanın hətta enerji resursları, karbohidrogen ehtiyatları, beynəlxalq güclərin enerji təhlükəsizliyində önəmli rolu da 25 ildir həmin güclərin Qarabağla bağlı siyasətini dəyişdirə bilməyib. Bu baxımdan belə düşünmək sadəlövhlük olardı ki, Rusiya dağıldığı təqdirdə Ermənistan ABŞ-ın nəzarətinə keçən kimi Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunacaq. Əksinə, qeyd edildiyi kimi, Ermənistan Qafqazda Ağ Ev üçün “şilləvuran” rolunu oynayacaq. Lakin təkcə Qafqazdamı? Xeyr. Bura eyni zamanda İran, hətta müttəfiqi Türkiyə də daxildir. Hər halda bizi Dağlıq Qarabağ separatizmi, erməni təcvüzü və terrorçuları ilə müharibədən çəkinməyə çağıran ABŞ-ın terrorçuluğa qarşı mübarizə adı altında Əfqanıstan, İraq, Liviya və Suriyaya təcavüzü faktdır.

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system