“Xəzərlə bağlı müqavilə məsələsi Amerikanın növbəti təxribatlarından biridir” – Eldəniz Quliyev

Oxundu: 267
“Xəzərlə bağlı müqavilə məsələsi Amerikanın növbəti təxribatlarından biridir” – Eldəniz Quliyev

“Trampın prezident seçilməsi ilə dünyada riyakar və özbaşına siyasətə vəsiqə verildi”

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi Xəzər bölgəsində məlumat toplamaq və terrorizmlə mübarizə üçün hərbi texnikanın göndərilməsinə 10.1 milyon dollar ayrıldığını açıqlayan bir bəyanat yayıb.  

 

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.  

 

Bəyanatda bildirilib ki, "VSE CORP" şirkəti Xəzər dənizində Azərbaycan Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində informasiya və antiterror avadanlıqlarının tədarükü, habelə əlaqəli təlimlər üçün 10.1 milyon dollarlıq müqavilə imzalayıb.  

 

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, avadanlıqların tədarükü üzrə müqavilə Virciniya ştatından olan "VSE Corp" şirkəti ilə imzalanıb.  

Sənəddə qeyd olunur ki, Azərbaycan hökuməti ilə müqavilə Birləşmiş Ştatların xarici hərbi satışlar üzrə proqramı çərçivəsində imzalanıb. 

 

Proqramın 2020-ci ilin sentyabrına qədər yekunlaşması gözlənilir.

 

Maraqlıdır, erməni separatizmi və terroru ilə üzləşdiyimiz, bu üzdən 30 ilə yaxındır ki, torpaqlarımızın işğal olunduğu bir şəraitdə Qarabağ probleminin nizamlanmasında vasitəçi dövlətlərdən biri kimi Birləşmiş Ştatların bizi terrordan qorumaq üçün hansısa addım atacağı inandırıcıdırmı? Başqa sözlə, belə bir müqavilənin imzalanması ilə bağlı Pentaqonun bəyanatında görünməyən tərəflər varmı?

 

Məsələ ilə bağlı İslaminSesi-nə danışan Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri, siyasi şərhçi Eldəniz Quliyev əvvəlcə Ağ Ev başçısının çox qısa şəkildə siyasi portretinə toxundu: “Trampın ABŞ siyasi elitasının başına gəlməsi və onun prezident seçilməsi ilə dünyada riyakar və özbaşına siyasətə vəsiqə verildi. Təəssüf ki, eksentrik prezident o boyda bir ölkənin başına gətirildi. Bu adam müsəlman ölkələrinin başına hələ çox oyun gətirmək arzusundadır”.

 

E.Quliyevin fikrincə, hələ mövcudluğu bilinməyən bu müqavilə heç şübhəsiz ki, kadrarxası İrana qarşı yönəlmiş bir sənəddir. Çünki Birləşmiş Ştatlar öz xarici siyasətində ənənəvi olaraq yenə də hegemonluq prinsipini əsas götürür: “Bu mənada tam səmimiyyətlə deyirəm ki, əgər öz mənafeyinə bir xeyri olmasa, Amerika özünün xarici siyasətində heç bir müqavilə imzalamağa cəhd göstərməz. Bu, riyakar siyasətdir. Həmişə olduğu kimi ABŞ müsəlman ölkələrinə qarşı riyakarlıq nümayiş etdirir.

 

Mən inanmıram ki, Vaşinqtonun bu istiqamətdəki çabaları sülh məqsədi güdsün. Son zamanlar Birləşmiş Ştatlarla İranın münasibəti gərginliyin pik həddindədir. Hətta siyasi şərhçilər bu gün-sabah başlaya biləcək müharibədən danışırlar. Ona görə onlar “iynə ilə gor qazır”, istənilən yerdə İran və Rusiyanın əleyhinə öz xeyirləri üçün qazanmaq istəyirlər. Hesab edirəm ki, bu müqavilə məsələsi Amerikanın növbəti təxribatlarından biridir”.

 

P.S. Əlbəttə, qeyd olunduğu kimi, bu məlumatın ABŞ Müdafiə Nazirliyi tərəfindən yayıldığı bildirilir. Həmişə balanslı xarici siyasət yürütdüyünü bəyan edən Azərbaycan tərəfinin bu haqda məlumatına isə hələ ki rast gəlinməyib. Bu baxımdan sözügedən informasiya gerçəkdən Vaşinqtonun təxribatı da ola bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system