NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 504
Xanım Fatimə (s.ə) mənim ikinci İsam(ə) və “məsihim”dir

Xanım Fatimə (s.ə) mənim ikinci İsam(ə) və “məsihim”dir

“Həzrət İsanın qəbri hardadır?” - deyə soruşsam deyəcəksiniz ki, məgər Həzrət İsa (ə) ölüb ki, qəbri də ola? İsa (ə) həqiqətin yer üzərindəki, təcəssümü idi. Mən İsanın (ə) qəbrini yox, onun kimi ölmüş qəlbləri dirildənin qəbrinin axtarışındayam... Hidayətimə vəsilə olan məzarın axtarışındayam...

İsa (ə) dünyaya möcüzə ilə gəldi dedilər, məgər O (s.ə) ilahi möcüzə ilə dünyaya gəlmədimi? Həzrət Xədicənin o mübarək xanıma necə hamilə qalması heçmi rastınıza çıxmadı?

 

İsa (ə) bir üfürülmə (və ya “ol” kəliməsi ilə) vücuda gəldisə, Onun (s.ə) vücuda gəlməsi Cənnət azuqəsinin nəticəsi olmadımı?

 

İsanın (ə) dünyaya gəlməsi - أَمْرًا مَقْضِيًّا – (təqdir olunmuş hökm) idi dedi Həzrət Məryəmə Cəbrayıl (ə). O, sözü Cəbrail (ə) Allah Rəsuluna (s) söyləmədimi Onun (s.ə) barəsində? Allah Rəsulu (s) Cənnət nemətlərini yedikdən sonra Həzrət Xədicənin görüşünə - dünyaya gələcək növbəti İsanı (s.ə) – gətirmək üçün getmədimi?

 

Həzrət Məryəm İsa (ə) onun bətnində vücuda gəlməsini o an hiss etdi deyirlər, məgər Həzrət Xədicədə bu hal baş vermədimi? Həzrət Xədicə buyurmadımı ki; “And olsun Allaha, Allah Rəsulu (s) o gecə məni tənha qoymadı, çünki, gələcək körpənin artıq ağırlığını vücudumda hiss edirdim...”

 

İsanın anası ona hamilə olduqda camaat Həzrət Məyrəmə olmazın sözlər deyib ittiham etdilər. Onun (s.ə) da anası Allah Rəsulu (s) ilə evləndi deyə Qureyş onunla əlaqəsini kəsmədimi?

 

İsa (ə) anası məbədə, Onun (s.ə) da anası, beləliklə evə məhkum olub öz qədərlərinə boyun əymədilərmi?

 

İsanı (ə) anasına Cəbrail (ə) müjdə verdisə, Onun (s.ə) gəlişini Allah Özü peyğəmbərə (s) meracda müjdə vermədimi?

 

İsanın adını Allah qoydu deyirlər, məgər Onun (s.ə) adını Allahdan qeyrisimi qoydu?

 

İsa (ə) beşikdə danışaraq anasının haqlılığını isbat etdi. Lakin, O (s.ə) hər nə dəlil gətirdisə zalım qövm rədd etmədimi?

 

İsa (ə) beşikdə anasını müdafiə etmək üçün danışdısa, O (s.ə) hələ ana bətnində ikən anasının qəm yükünü azaltmaq və ona aramlıq vermək üçün onunla həmsöhbət olmadımı?


Cəbrail (ə) buyurdu: “Ey Məryəm! İsa (ə) sənə və möminlər üçün bir rəhmət olacaq.”

 

Cəbrail (ə) buyurdu: “Ey Muhəmməd (s)! O, (s.ə) sənə və möminlərə bir rəhmət, dini öndərlərinin anasıdır.”

 

İsanı (ə) beşikdə danışdıran Allah, Onu (s.ə) ana bətnində danışdırmadımı? Allahı, orada, təsbeh və təqdis etmədimi?


İsa (ə), dünyaya gəldikdən sonra, qövmünün müşküllərini aradan aparan bir nəbi oldu. Amma, O (s.ə) dünyaya gəlməmiş belə bütün bəşərin təvəssül qaynağı deyildimi?


İsa (ə) anası Cənnət meyvələri yeyirdi deyirlər, məgər Cənnətin “Tuba” ağacı və azuqələri Onun ixtiyarında deyildimi?

 

İsa (ə) göylərdən gələn bir nurdur deyirlər, məgər O, Cənnətdən yer üzünə enən bir huri deyildimi? Məgər O, Cənnətin Özü deyildimi? Məgər Allah Rəsulu (s) buyurmadımı “Onu (s.ə) qoxlayanda sanki Tuba ağacın qoxusun alıram. Hər vaxt Cənnətə müştaq oluramsa, Onu (s.ə) qoxlayıram. O (s.ə) Cənnət hurisidir ki, dünyada insan kimi zühur etmişdir.”

 

İsa (ə) Həzrət Məryəmin aramlıq səbəbi və ürəyinin bir parçası idi deyirlər, məgər O, xütbəsində buyurmadımı ki, Mən Allah Rəsulunun (s) qəlbinin aramlıq səbəbi və onun bir parçasıyam?


İsa (ə) buyurdu: - وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا

 

Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən mərum etməyib. (Məryəm 32)

 

Məgər O, özünün ədəb və kamalı ilə Allah Rəsulunun (s) “atasının anası” sözünün muxatəbi olmadımı?

 

İsa (ə) dünyaya gələrkən Həzrət Məryəm tənha idi. Məgər O dünyaya gələrkən Cənnət xanımları hətta Məryəmin özü də ona xidmət etmək üçün ilahi göstərişlə Cənnətdən gəlmədilərmi?

 

İsa (ə) dünyaya gəldi deyə anası (ona olacaq ittihamlardan qorxaraq) qəmlənərkən, O dünyaya gələrkən, anası bütün dərd və qəmi unutmadımı?

 

İsa (ə) dünyaya gəlişindən sonra “Allahın bəndəsi olduğunu iqrar etdi,” deyirlər, məgər O(s.ə) da kəliməyi tövhid və şəhadətin körpə ikən dilinə gətirmədimi?

 

İsa (ə) sürətlə böyüdü deyirlər məgər Onun (s.ə) da böyüyüb boya başa çatması belə deyildimi?

 

İsa (ə) ın evlənməməsi ilahi məsləhət üzündən idi. Onun (s.ə) da, özünə layiq bir Nurla (ə) evlənməsi və dünyanı hidayət edən ulduzlarla bəzəməsi bir ilahi təqdir deyildimi?

 

İsa (ə) evlənmədi deyə nadanlar onda qüsur axatarmağa başladılar, lakin O (s.ə) evləndi deyə, yenə nadanlar peyğəmbərə (s) dedilər: “Niyə sən onu əlində bir şey olmayan kasıb birinə verdin?” Peyğəmbər (s) buyurdu: “Allaha and olsun ki, bu izdivac Allah tərəfindəndir.”

 

İsa (ə) –a dedilər: Nə üçün evlənmirsən?


Dedi: Evlənməyin nəticəsi nədir?


Dedilər: Övlad sahibi olmaq.


Dedi: Əgər sağ qalsa insanın imtahan, yox ölsə qəm-qüssə səbəbidir.

 

O (s.ə) evləndi. Gözəl reyhanlar bəxş etdi həyata. Amma...


Amma son reyhanını bətnində dəfn etmədimi?

 

İsa (ə) atasız idi deyirlər. Ona da elə acılar yaşatdılar ki, atasızlığını yetim uşaqdan daha çox hiss etdi. Onun “Atacan” fəryadı bütün aləmi çalxalamadımı?

 

İsa “xilaskar”, “nicat verən” deməkdir. Məgər onun mübarək adı da məhz Həzrət bu xüsusiyyətinə görə o cür adlandırılmadımı? İsa (ə) yalnız bir müddət bu “xilaskarlıq” vəzifəsinə əməl edə bildi. Amma o, Qiyamətdə belə, ona məhəbbəti olanları o atəşdən xilas edəcək... Mən atəşmi dedim... Niyə atəşin adı gələndə qəlbim hey sızlayır? Niyə hər yanan atəş səni xatırladır? Niyə yanan ev və binalar bizə “yanan vəhy evini” xatırladır?

 

İsa (ə) su üzərində gəzir dedi peyğəmbər (s) səhabələri və təəccüb etdilər lakin, atəşlər içərisində Onu (s.ə) tənha buraxmadılarmı?

 

İsa (ə) İncili var idi dedilər, Onun Mushəfi yox idimi?


İsaya “Ruhullah” dedilər. Amma unutdular ki, o müqəddəs ruh Onun (s.ə) münisi idi.

 

İsaya mehribanlıq səbəbindən “saleh və mehriban peyğəmbər” dedilər. Məgər O (s.ə) belə deyildimi?

 

İsa (ə) ölüləri dirildir dedilər, məgər O (s.ə) ölmüş qəlblərin İsası deyildimi?

 

İsaya məsih dedilər müxtəlif səbəblərdən. Onun (s.ə) da qəbri “məsih” torpaqla eyni səviyyədə, saf olmadımı?


İsa (ə) “Mən mübarəkəm” dedi. Məgər O, “Mübarəkə” deyildimi.

 

İsa (ə) pakdır, təmizdir dedilər, Məgər O, “Tahirə” (pak, təmiz) deyildimi? Məgər O da, isa (ə) kimi “Zəkiyyə” deyildimi?

 

İsa (ə) barədə söz çoxdur bitməz dedilər. Məgər O (s.ə) özü də tükənməz bir xəzinə deyilmi?

 

İsa (ə) həqiqəti söylədi deyə edamına fərman verdilər. Məgər haqqı dediyi üçün O da evində ən ağır bəla yandırılmaqla üzbə-üz olmadımı?

 

İsa (ə) –mı edam etmək istəyənlərin niyyətləri hasil olmadı. Amma O (s.ə) ...

 

Amma O (s.ə) az müddət kəsiyində zalımların mənfur, nifrət dolu planlarının qurbanı olmadımı?

 

İsa (ə) həm ruh və həm cismi ilə Rəbbinə (təvəffi) vəfa etdi, qovuşdu. Lakin O (s.ə) cismini (qəbrini) bir hidayət mənbəyi olsun deyə bizim üçün irs qoyub göylərə ucalmadımı?

 

İsa (ə) ölməyib diridir dedilər. Niyə unutdular ki, O (s.ə) da şəhiddir və diridir.

 

İsa (ə) dan sonra bəziləri onun axtarışına çıxdı. Məgər biz əsrlərdir Onun (s.ə) axtarışında deyilikmi?

 

İsa (s.ə) qəbri yoxdur bildik, bəs Onun (s.ə) qəbri?

 

İsa (ə) gözlərdən qeybə çəkildiyi kimi o mübarək qəbir də qeybəmi çəkildi? Kim bilir bəlkə bu ikisi arasında belə, gizli bir bağ vardır...

 

İsa (ə) zühur edər dedilər, məgər məlum olan gündə o mübarək qəbir aşikar olmayacaqmı?

 

İsa (ə) gəlişi ilə bir sıra ixtilaflara son qoyular dedilər, Onun (s.ə) məzarı da eyni missiyanı həyata keçirtməyəcəkmi?

 

İsa (ə) – mı sevənlər onun yoxluğuna “Əhməd” adlı xilaskarın vasitəsi ilə təsəlli tapdılar. Amma bizi sevindirəcək, təsəlli verəcək “Xilaskar”ımız da hələ İsa (ə) kimi Rəbbinin “zuhur” əmrinin intizarındadır.

 

İsa (ə), Xilaskar (ə.f) və O (s.ə)... Yer üzündə ən gözəl üçlük bu olsa gərək.

 

Üçü də xilaskar, ədalət carçısı və zühur intizarın çəkən deyilmi? Məgər hər üçü seçilmiş, pak, haqqın və ədalətin carçıları deyillərmi? Məgər hər üçü məzlum deyilmi?
İlahi! Məni o mübərək qəbrin axtarışı ilə hidayət etdiyin kimi, sonacan o hidayət anasından ayrı salma. Mənə ölüləri dirildən İsanı (ə) yox, ölmüş qəlbləri dirildən İsanı (s.ə) bəxş et. O (s.ə) mənim ikinci İsamdır. Onun mübarək məzarın görməklə qoy gözlərim şəfa tapsın. Ona ağlayan gözlərim həqiqət üçün coşub-çağlasın. Ora yürüyən ayaqlarım, haqq üçün yürüsün. O məzar mənim “məsihim”dir. İsa (ə) xəstələrə əl çəkib cisimlərini sağaldırdı. Sən ruhuma əl çək... Ruhuma əl çək ki, qoy ruhum təzələnsin. Qoy ölmüş ruhum dirilsin ey mənim məsihim (s.ə). O məzar mənim “məsihim”dir. Ona sürülən əl, qoy həqiqət üçün çalışsın. O məzara qoyulan üz, qoy daim ağ olsun. O məzarın üzərinə qoyulan baş, mənfi düşüncələrin əsiri olmasın. Doymuram onu vəsf etməkdən. Amma bitməlidir bu məqaləm. Elə hey bu sözü təkrarlamaq istəyirəm: “O məzar mənim “məsihim”dir. Mənim məsihim (s.ə) hardadır? Mənim İsam (s.ə) hardadır? Mənə İsamı (s.ə) göstərin. O (s.ə) mənim ikinci İsamdır. O (s.ə) mənim “məsihim”dir.

 

İlahiyyatçı, yazar – Mahir Şəkərov.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system