NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Vüqar Bayramov: "Son illərin təcrübəsi göstərir ki, sosial yardımların verilməsi əsl rüşvət mənbəyi idi"

Oxundu: 108
Vüqar Bayramov:

"3 yaşınadək uşaqlara müavinətlərin ödənilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasından sonra müxtəlif istiqamətlər üzrə coxsaylı islahatlar aparılmasında başlıca məqsəd ölkədə yoxsulluq həddinin azaldılması idi. Lakin sabiq nazir Səlim Müslümovun apardığı "İKT islahatlar” gözlənilən nəticəni deyil, tam əksini verdi. Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbəri S.Müslümovun fəaliyyəti öz sələfi, nazir Füzuli Ələkbərovun zamanındakından daha bərbad hala düşməklə, ünvanlı sosial yardımların verilməsi prosesi praktiki cəhətdən özünü doğrulda bilmədi. Belə ki, sosial yardımların verilməsində baş verən rüşvət və korrupsiya faktları hətta yeni nazirin təyinatından sonra daha da artmış oldu.

 

Qeyd edək ki, Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ilin II yarısından başlanılıb. Füzuli Ələkbərovun rəhbəri olduğu nazirlik o illərdə ünvanlı sosial yardım alan ailələrin siyahısını açıqlamaqdan yayınırdı. Guya yardım alanların adının cəmiyyətə açıqlanması onları ictimai qınaq obyektinə çevirə bilərmiş. Əslində isə ƏƏSMN rəhbərliyinin məqsədi bu sahədə rüşvət və korrupsiya faktlarını ört-basdır etmək idi. S.Müslümovun nazir seçilməsindən sonra da gözləntilər özünü doğrultmadı, əksinə, vəziyyət daha da pisləşdi. Ən acınacaqlısı isə uzun illər əhalinin kasıb və yoxsul təbəqəsi üçün nəzərdə tutulmuş yardımlardan daha çox varlı-imkanlı ailələrin faydalanması idi. Çünki yoxsullar deyil, imkanlı ailələr sözügedən qurumun əməkdaşları üçün daha sərfəli idi. Belə ki, yoxsul ailələrə verilən bir illik yardımların 4 ayının, imkanlı ailələrdən isə ilin 6 ayının yardımları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbələri tərəfindən mənimsənilirdi. Nazirliyin əməkdaşları hətta ölülərə belə "yardım verməklə" böyük miqdarda dövlət vəsaitini mənimsəyirdilər. Yeni nazirin gəlisindən sonra da şikayətlərin səngiməməsi , əksinə durumun daha da ağırlaşması sosial yardımların verilməsindən imtina olunması və uşaq müavinətlərinin bərpa edilməsi məsələsini gündəmə gətirmiş oldu.

 

Mütəxəssislərin sözlərinə görə, hazırda doğumun ilbəil aşağı düşdüyü Azərbaycanda uşaq müavinətlərinin verilməsi bu problemin həllinə güclü təsir göstərə bilər. Cəmiyyətin çoxsaylı üzvlərindən uşaq pulunun bərpası ilə bağlı ölkə rəhbərliyinə edilən müraciətlər artmağa başladı. Bəlli məsələdir ki, uşaq pulları konkret olaraq uşağa görə verilir. Uşağın mövcud olduğunu və ya olmadığını inkar etmək mümkün deyil. Şəxsiyyətini, mövcudluğunu təsdiq edən sənəd ya olur, ya da olmur. Yəni burda rüşvət, korrupsiya ehtimalı da minimum hesab olunur. Sosial yardım məsələsində isə belə deyil, burda rüşvət mexanizmi var və varlı birisinin bunu qanunsuz yolla alması ehtimalı çoxdur və əslində bu, acı reallıqdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə göndərməsindən sonra bu istiqamətdə müzakirələr daha fəal fazaya keçdi. Mərkəzin rəhbəri Vüqar Bayramovun fikrincə, sosial yardımlardansa, uşaq müavinətləri rüşvət və korrupsiya faktlarını ortadan qaldıra bilər.

 

İslamınsəsi" saytına bu mövzuda açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, son illərin təcrübəsi göstərir ki, bir neçə inzibati prosedur mərhələdən keçən sosial layihələr əsl rüşvət mənbəyidir və belə layihələrdən biri də məhz sosial yardımların verilməsi idi. Ekspertin qənaətinə görə, rüşvət və korrupsiyanın qarşısını maksimim almaq üçün təklif edilən mexanizm dəfələrlə təkmilləşdirilib: "Uşaqpulunun məbləği üç yaş qrupuna görə müəyyənləşdirilib: "3 yaşınadək uşaqlara aylıq 80 manat, 4 yaşdan məktəb yaşına qədər uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür".

 

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin açıqlamasına (18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaqpulu verilməsi doğru deyil. Uşaqpulu bərpa olunsa, ünvanlılıq pozular) aydınlıq gətirən Vüqar Bayramovun qənaətinə görə, uşaq müavinətlərinin bərpasını cəmiyyətdəki varlı-kasıb prizmasından həll etmək mümkündür. Bu halda gəlirləri kifayət qədər yüksək olan ailələrə uşaq pulu verilməyə bilər. Belə ki, sosial yardım sistemi tətbiq edilməzdən əvvəl də ailə başçısının gəlirlərinin adambaşına düşən hissəsinin minimum əmək haqqı səviyyəsindən çox olduğu ailələr uşaq pulu almayıb.

 

Ekspert uşaq pullarının bərpası məsələsində bu təcrübədən yararlanmağın mümkünlüyünü dilə gətirməklə, təklif etdikləri mexanizmdə maliyyə imkanlarının da nəzərə alındığını bildirdi: "Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görünə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin movcud imkanları bu xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür.

 

Qeyd edim ki, artıq Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk. CESD-nin təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır. Bu baxımdan, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir. Qeyd etmək istərdim ki, CESD-nin təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayıb".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system