Vertolyot faciəsi ilə tarixə düşən Azərbaycan kəndi - Qarakənddən FOTOLAR

Oxundu: 101
Vertolyot faciəsi ilə tarixə düşən Azərbaycan kəndi  - Qarakənddən FOTOLAR

Ermənilərin Berdaşen adı verdiləri Xocavənd rayonunun Qarakənd kəndi Azərbaycan tarixinə 1991-ci il noyabrın 20-də baş verən “Qarakənd faciəsi” adını almış vertolyot qəzası ilə düşüb.

 

SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Mİ-8” №72 vertolyotunun vurulması nəticəsində 22 nəfər həlak olub. Azərbaycanın bir sıra tanınmış dövlət xadimləri, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev orada həyatını itirib.

Bundan başqa, Rusiya və Qazaxıstandan olan müşahidəçilər də “Mİ-8” vertolyotunun qurbanları olub.

 

İslaminSesi bildirir ki, Modern.az saytı faciənin episentrində olan Xocavənd rayonunun Qarakənd kəndinin hazırkı durumu ilə bağlı kiçik araşdırma aparıb. Təmas xəttinə yaxın yerləşən kənddə hazırda 1500-ə qədər erməni sakinin yaşadığı məlumdur. Kənddə Berdaşen (Qarakənd) tarix muzeyi fəaliyyət göstərir. Qarakənd uğrunda 1992-1994-cü illər arasında gərgin döyüşlər getsə də, Ordumuz kəndi düşmən tapdağından azad edə bilməyib. 

 

Qarakəndlə bağlı sonuncu xəbər bu il oktyabrın 23-nə təsadüf edir.

Həmin gün ATƏT-in monitorinq qrupu təmas xəttinə yaxın yerləşən kəndin şimal-şərq istiqamətində monitorinq həyata keçirib. Ermənistan tərəfdən monitorinqdə ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Qennadi Petrika (Moldova) və Mixail Olaru (Moldova), Azərbaycan tərəfdən isə ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Oqnen Yoviç (Bosniya və Hersoqovina) və Saymon Miller (Böyük Britaniya) iştirak edib. Monitorinq planlaşdırıldığı kimi insidentsiz başa çatıb.

 

Sentyabrın 20-də isə Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin rəsmiləri Qarakənddə yeni məktəb binasının tikintisini anons etmişdilər. İkimərtəbəli binanın bu il tikilməyə başlanacağı, 2021-ci ildə isə istifadəyə veriləcəyi planlaşdırılır.

 

Avqustun 28-də yayılan xəbərdə isə kənddə Böyük Vətən Müharibəsində həlak olmuş ermənilərin xatirəsinə həsr olunmuş muzey-abidə kompleksinin rekonstruksiya olunduğu barədə xəbər yayılmışdı. “Qız qalası” adı verilən kompleks 30 metr hündürlüyündə olacaq.

 

İyulun 14-də qondarma “Qarabağ rejimi”nin “baş naziri” Qriqori Martirosyan Qarakəndə gələrək, yerli fermerlərlə görüş keçirib. Kənddə tütün, nar və üzüm yetişdirildiyi məlumdur.

 

Aprelin 10-da yayılan fotoda qarabağlı bloger Arutyun Akopyan Qarakənd kəndi yaxınlığında Rusiyadan dəvət etdiyi şəxslərlə sikkə və qızıl axtarır.

 

Qarakənddə meyvə sahəsi

 

Qarakənddə qarabaşaq emalı sexi. Gün ərzində 15 tona qədər qarabaşaq paketlənir.

 

2018-ci ilin fevralında Qətərin “Əl-Cəzirə” telekanalı Qarabağdan reportja hazırlamışdı. Reportajda Qarakənd məktəbində müəllim işləyən qadının beynəlxalq terrorçu Monte Melkonyanın plakatı fonunda fotosu çəkilmişdi.

 

Qarakəndin yaxınlığında yerləşən strateji Qız qalası qayası. Qayanın içində bir çox tarixi eksponatlar, qızıl sikkələr və saxsı qablar aşkar olunub. Qayanın yaxınlığında Qarabağ müharibəsi zamanı şiddətli döyüşlər olub. Ona görə ərazidə partlamamış minalar var. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system