NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vaşinqtonun hegemonluğuna verilən cavab

Oxundu: 1223
Vaşinqtonun hegemonluğuna verilən cavab

“ATƏT-ə alternativ qurumun yaradılması prosesini gündəmdən silmək artıq imkansızdır”

 

Azər Rəşidoğlu: “ABŞ başda olmaqla Qərb dünyası bunu istəməsə belə, Asiya Birliyi böyük gücə çevrilə bilər və bu təklifi ilə Nazarbayev əslində möhtəşəm bir gediş edib”

 

Xəbər verildiyi kimi, Astanada Qazaxıstanın Birinci Prezidenti Fondunun və Dünya İqtisadiyyat və Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Astana Klubu”nun IV görüşü keçirilib. “Astana Klubu” aparıcı ekspertləri, siyasətçiləri və diplomatları bir araya toplayan beynəlxalq siyasi platformadır.

 

Prezident Nursultan Nazarbayev çıxışında beynəlxalq problemlərin müzakirəsində bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı 2020-ci ildə Astanada Ümumdünya Ticarət Təşkilatı üzvlərinin toplantısının keçiriləcəyini söyləyib. Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını və bunun üçün Astanada 2020-ci ildə təhlükəsizlik və əməkdaşlıq mövzusunda konfransın keçirilməsini də təklif edib. Prezidentin sözlərinə görə, bu istiqamətdə danışıqlar 2019-cu ildən başlanmalıdır.

 

Maraqlıdır, ATƏT-ə alternativ təşkilat kimi Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yaranması Asiya ölkələrinin təhlükəsizliyi ilə bağlı nələri dəyişə bilər? Bu halda dünyanın idarəçiliyi baxımından sivilizasiyalar arasında gərginlik yarana bilərmi?

 

İslaminsəsi”nə danışan siyasi təhlilçi Azər Rəşidoğlu hesab edir ki, dünyada dəngələr dəyişir və yeni birlik formaları üzərində iş gedir. Bu gün birqütblü dünyada yaşadığımızı və ABŞ-ın dünya hegemonuna çevrildiyini önə çəkən politoloqun fikrincə, bəzi hallarda türk-islam coğrafiyasının maraqları da nəzərə alınmır: “Odur ki, strateqlər yeni model axtarışındadırlar. Belə modellərdən biri də Asiya ölkələrinin birliyinə nail olmaqdır. Bu baxımdan, Qazaxıstan lideri Nazarbayevin “Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı”nın yaradılmasını, bunun üçün Astanada 2020-ci ildə təhlükəsizlik və əməkdaşlıq mövzusunda konfransın keçirilməsini təklif etməsi də həmin model axtarışının xəbərçisidir. Burada Rusiyanın da maraqları mövcuddur. Lakin başlıca məsələ böyük coğrafiyada yerləşən müsəlman dövlətlərinin nə təkbaşına, nə də birləşərək qrup halında ortaya böyük geopolitik güc qoya bilməməsidir. Xəzər dənizi isə Asiya Birliyinin, Rusiya ilə birlikdə, daxili dənizinə çevrilmə çabaları əslində, Vaşinqtonun hegemonluğuna verilən cavabdır. Avrasiyanın, eyni zamanda dünyanın böyük geopolitik gücləri olan Avropa Birliyi, Rusiya, Çin və Hindistan arasında yer tutacaq massiv Asiya Birliyi zaman keçdikcə – inkişaf edib gücləndikcə materikin böyük, mərkəzi geopolitik gücü halına gələ bilər. ABŞ başda olmaqla Qərb dünyası bunu istəməsə belə, Asiya Birliyi böyük gücə çevrilə bilər və bu təklifi ilə Nazarbayev əslində möhtəşəm bir gediş edib”.

 

A.Rəşidoğlunun gəldiyi qənaət budur ki, Asiya Birliyinin Avrasiyada mərkəzi mövqe tutması ona geniş geopolitik manevr imkanı verə bilər: “Asiya Birliyi öz geopolitik, geostrateji, geoekonomik və geokültürəl maraqlarını, eyni zamanda Birlik üzvü olan dövlətlərin ortaq maraqlarını rəhbər tutaraq, ABŞ, Avropa Birliyi, Rusiya, Çin və Hindistan arasında manevr etmək imkanı qazana bilər. Asiya Birliyinin geostrateji mövqeyi ABŞ-ın liderlik etdiyi NATO ilə Rusiyanın liderlik etdiyi KTMT və Çinlə Rusiyanın aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatı arasında mərkəzi yer tutmağa çalışmaqdır. Təbii ki, belə çətin və mürəkkəb geostrateji məkanda yer tutmaq elə də asan olmayacaq. Lakin dünyanın köhnə nizamının pozulduğu, yeni nizam quruculuğunun davam etdiyini nəzərə alsaq, Asiya Birliyi modeli sıradan bir məsələ deyil. Bunu Nazarbayev də anlayır və odur ki, hazırlıq mərhələsində iqtisadi və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı önə çəkir. Gələcəkdə antiterror mərkəzlərinin və sülhməramlı qüvvələrinin yaradılması da nəzərdə tutulur. Bu isə, ATƏT-ə alternativ bir qurum anlamına gəlir. ABŞ və Qərb buna mane ola bilər. Lakin prosesi tam gündəmdən silmək artıq imkansızdır. Nazarbayev gələcəyi görən bir siyasətçi olduğunu sübuta yetirdi”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system