NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vaşinqtonda gizli danışıqlar: Ağ Evin “Qazaxıstan planı”

Oxundu: 1720
Vaşinqtonda gizli danışıqlar: Ağ Evin “Qazaxıstan planı”

Qazaxıstanda hakimiyyət dəyişikliyindən sonra baş verən kütləvi etiraz aksiyaları fonunda xarici işlər naziri Beybut Atamkulovun ABŞ-a səfəri diqqəti cəlb edir.

 

ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşən Atamkulov iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə edib. “Birləşmiş Ştatlar ABŞ və Qazaxıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsini qətiyyətlə dəstəkləyir və Prezidentin (Kasım-Comart Tokayev - Red) yeni hökuməti ilə münasibətlərimizin daha da möhkəmlənəcəyinə ümid edir”-Pompeo özünün “Tvitter” sosial şəbəkəsindəki mikrobloqunda belə yazıb.

Bundan başqa, Mayk Pompeo prezident Tokayevin Qazaxıstan xalqının ölkənin siyasi həyatında iştirakını və xalqın əsas azadlıqlarının müdafiəsini gücləndirəcəyinə dair bu yaxınlarda verdiyi bəyanatı alqışlayıb. Öz növbəsində, Beybut Atamkulov ABŞ-ın dövlət katibini Qazaxıstana rəsmi səfərə dəvət edib. Qazaxıstan XİN rəhbəri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla da görüşüb. “Qazaxıstan ABŞ-ın Mərkəzi Asiyada ən dəyərli müttəfiqidir. Enerji, iqtisadiyyat, təhlükəsizlik və digər regional prioritet məsələlərin dəstəklənməsində bizimlə qarşılıqlı fəaliyyət göstərir”, - Bolton belə deyib. Sonra B.Atamkulov Amerika şirkətlərinin və korporasiyalarının rəhbərlərini özündə birləşdirən "US-Kazakhstan Business Association" biznes təşkilatının üzvləri ilə səhər yeməyinə qatılıb. Qazaxıstanda yeni prezident hakimiyyətin hələ oturuşmadığı və ölkədə etirazların davam etdiyi bir situasiyada xarici işlər nazirinin Vaşinqtona səfəri siyasi müşahidəçilərin diqqətini cəlb edib. ABŞ-la aparılan danışıqlar ilk növbədə, yeni Prezidentin siyasəti ilə rəsmi Vaşinqtonun tanışlıq məqsədi də daşıya bilər.

Digər ehtimallara görə, ölkədə sabitliyin pozulması təhlükəsi var. Bu baxımdan, Prezident kimi siyasi mövqeləri hələ kövrək olan Kasım Jomart Tokayevin ABŞ-ın dəstəyinə ehtiyacı var. Digər ehtimallara görə, həmin aksiyaların genişlənərək nəzarətdən çıxmasında əsas maraqlı olan tərəf Rusiyadır. Ona görə də ABŞ-ın Tokayev iqtidarına dəstəyi Rusiya təhlükəsinin qarşısını alınmasında mühüm rol oynaya bilər.

Politoloq Qabil Hüseynli hesab edir ki, Barmek Atamkulovun Vaşinqtona səfəri tanışlıq məqsədi daşımır. Sabiq dövlət başçısı Nursultan Nazarbayev 2018-ci ildə Ağ Evə səfəri zamanı Prezident Donald Trampla görüşü zamanı strateji əlaqələr qurulub:

“Hətta Qazaxıstan ərazisində Əfqanıstana tranzit rolunu oynayacaq hərbi bazanın yaradılması barədə razılığa gəlinmişdi. Lakin sonra Rusiyanın təzyiqi nəticəsində bu plan reallaşa bilmədi. Qazaxıstan Mərkəzi Asiya regionunda ən böyük dövlətdir. Amerika da, həmçinin Qazaxıstanın strateji əhəmiyyətini yüksək qiymətləndirir. Zənnimcə, xarici işlər nazirinin səfəri daha çox Qazaxıstan-ABŞ münasibətlərini əvvəlki səviyyədə qoruyub saxlamaq və daha da inkişaf etdirmək məqsədi daşıyır. Bundan sonra Qazaxıstanın yeni Prezidentinin Vaşinqtona səfəri də planlaşdırıla bilər. Amma Amerikanı daha çox narahat edən Qazaxıstanda həyacanlı günlərin yaşanmasıdır. Əhali yeni hakimiyyətə qarşı etiraz edir.

Bu səbəbdən də xarici işlər nazirinin səfərində məqsəd Qazaxıstanda baş verən hadisələrə ABŞ-ın münasibətini öyrənməkdən ibarət idi. Hazırda Qazaxıstan keçid dövrü yaşayır. Nursultan Nazarbayevin sağ olmasına baxmayaraq, ölkə əhalisi demokratik azadlıqlar və insan hüquqları uğrunda mübarizəyə qalxıb. Güman edirəm ki, bu səfər ABŞ-Qazaxıstan münasibətlərini qoruyub saxlayacaq. Əslində, Qazaxıstanda, qarışıqlığın, iğtişaşların baş verməsində maraqlı tərəf Rusiyadır. Sadəcə olaraq, Qazaxıstan hökuməti bununla bacara bilmir. Eyni zamanda, əhalinin demokratik dəyişikliklərə ehtiyacı var. Xalq demokratik seçkilər, siyasi və hüquqi islahatlar tələb edir. Amerika da bu yanaşmanı dəstəkləyir”. Cebhe.info

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system