“Trampın xarici siyasət kursunda uğur qazanmaq ehtimalı kifayət qədər aşağıdır” – Mütəllim Rəhimli

Oxundu: 267
“Trampın xarici siyasət kursunda uğur qazanmaq ehtimalı kifayət qədər aşağıdır” – Mütəllim Rəhimli

“ABŞ rəhbərliyində vahid fikir və razılaşma olmadığı üçün bu ölkənin hansısa dövlətə əhəmiyyətli təsir etmək, onu öz yolundan döndərmək imkanı yoxdur”

Xəbər verildiyimi kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bir neçə gün öncə, Amerika prezidenti Donald Tramp tərəfindən istefaya göndərilib. Tramp Boltonu istefaya göndərməsinə səbəb kimi onunla fikirlərinin üst-üstə düşməməsini, bir qədər də konkretləşdirsək, onun müharibə tərəfdarı olduğunu göstərib. ABŞ mətbuatı isə tərəflər arasında fikir ayrılığının daha çox Əfqanıstan, İran, Rusiya və Venesuela məsələsində yaşandığı haqqında məlumat yayıb. Və maraqlıdır ki, Bolton istefaya göndərildiyinin deyil, əslində özünün istefa verdiyini bildirib.  

 

Bəs aqressiv çıxışlarına rəğmən Tramp bundan sonra ölkəsinin Yaxın Şərqlə bağlı siyasətində korrektələr edəcəkmi? Ümumiyyətlə, Boltonun istefası ilə bağlı qaranlıq məqamlar nədən ibarətdir?

 

Mövzu ilə bağlı İslaminSesi-nə danışan politoloq Mütəllim Rəhimli Con Boltonun istefaya getməsinin Trampla aralarında olan anlaşılmazlıqla bağlı olduğunu xatırlatdı. Onun qənaətinə görə, keçmiş dövlət katibinin məhz özünün istefa verdiyi barədə açıqlama məsələni aydınlaşdırmaq üçün çox ciddi əsasdır: “Çünki belə çıxır ki, Con Bolton prezidentlə işləmək istəməyib. Bu isə onu göstərir ki, kifayət qədər təcrübəsi olan Bolton ABŞ prezidentinin apardığı siyasəti dəstəkləmir və Trampın gələcək uğuruna inanmır. Medianın yazdığına görə, Trampın nüfuzu ölkə daxilində kifayət qədər aşağıdır. Bolton isə belə bir adamla birlikdə batmaq istəmədiyindən "gəmi"ni tərk edib. Həm də nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlarda idarəetməni prezidentdən başqa "dərin dövlət" aparır”.

 

M.Rəhimli müşahidələrə əsasən bildirdi ki, Trampın xarici siyasət kursunda uğur qazanmaq ehtimalı kifayət qədər aşağıdır: “Çünki biz onda ümumiyyətlə davamlı xarici siyasət müşahidə edə bilmirik. Ona görə də ABŞ rəhbərliyində vahid fikir və razılaşma olmadığı üçün bu ölkənin hansısa dövlətə əhəmiyyətli təsir etmək, onu öz yolundan döndərmək imkanı yoxdur. Üstəlik, ABŞ son vaxtlar Avropalı müttəfiqləri ilə də fikir ayrılığı yaşayır. Fransa və Almaniya açıq-aşkar Birləşmiş Ştatların mövqeyini müdafiə etmədiklərini göstərməkdən çəkinmirlər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system