Tramp yenidən seçilməmək "təhlükəsini" adlada bilsə, bütövlükdə ABŞ-ı təhlükəyə atmış olacaq

Oxundu: 171
Tramp yenidən seçilməmək

Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri yaxınlaşdıqca hazırkı prezident Donald Trampın ətrafında yaranan qalmaqal da böyüyür və bu əlbəttə, seçkiqabağı ənənəvi hadisə sayıla bilər.

Doğrudur, ABŞ tarixində hər bir prezident adətən ikinci dəfə prezident kürsüsünə yiyələnə bilib. Səbəb isə normal idarəçiliklə bağlı olub. Amma istisnalar da var. Trampın hər kəsə məlum olan idarəçiliyini nəzərə alsaq növbəti seçkilərdə qeyd olunan istisnalardan biri təkrarlana bilər. Bəs bunu zəruri və qaçılmaz edən səbəblər hansılardır? Bundan ötrü Trampın ilk dəfə prezident kürsüsü uğrunda mübarizəyə qatılmasından bu yana apardığı siyasətin istiqamətlərinə nəzər yetirmək lazımdır.   

 

Xatırladaq ki, ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərində öz partiyasına və bütün rəqiblərinə qarşı təkbaşına mübarizə aparan Donald Trampın qələbəsi çoxları üçün gözlənilməz olmuşdu. Trampın qələbəsinin sirrini seçki patformasi və seçkiqabağı vədlərdə axtaran siyasi şərhçilər üçün onun komandasının siyahısı da az maraq doğurmurdu. Və elə indi də maraq doğurmaqdadır.  

 

Qeyd edək ki, ABŞ-da adətən əsas vəzifələr (dövlət katibi, müdafiə naziri, maliyyə naziri və ədliyyə naziri) seçilmiş prezidentə seçki kampaniyasında aktiv dəstək verən nüfuzlu partiya xadimlərinə verilir. İkinci dərəcəli vəzifələr - səfirlər, nazir müavinləri isə kampaniyanın əsas maliyyə donorlarına bəxş olunur. Lakin Trampla bağlı vəziyyət bir qədər fərqli idi. Məsələ burasındadır ki, Respublikaçılar Partiyasının bir çox əsas fiqurları ona qarşı çıxmışdı.

 

Maliyyə donorluğu məsələsinə gəlincə isə, məlum olduğu kimi, Trampın buna ehtiyacı az idi. Milyarder seçki kampaniyasında çəkilən maliyyə vəsaitinin ən azı yarısını öz cibindən xərcləmişdi. Bu səbəbdən də onun yeni komandasında əsasən varlılar, biznesmenlər, ölkə vəsaitlərinin böyük bir hissəsinə sahiblik edənlər təmsil olunurdu. Halbuki seçkiləri zamanı Tramp beynəlxalq səhnədə at oynadan elit milyarderlər sinfinə qarşı  mübarizə aparacağını deyirdi. Amma göründüyü kimi, seçkilərdən qalib çıxandan sonra elit milyarderlərdən dördəlli yapışdı. Və həmin komanda Ağ Evə daxil olmamış Amerika dəyərlərinə meydan oxumağa başladı. Vaxtilə demokratik dəyərlərin yayılması üçün avanqard rol oynayan Amerikada irqçiliyin yeni tüğyanının ilkin görüntüləri özünü aydın büruzə verdi. Lakin ictimaiyyətin əsas narahatlığı sadə, kasıb insanların yaşayışından xəbərsiz adamların hökumət idarəçiliyinə gəlməsi idi.

 

Bəs Trampın başçılığı altındakı belə bir komanda Birləşmiş Ştatlara nə verdi?

 

Tramp seçki kampaniyası boyunca insanların hisslərinə, duyğularına xitab etdi. Böyük biznesin nümayəndəsi kütlələrin qarşısına onların dərdini bilən və anlayan qeyri-standart siyasətçi obrazında çıxdı, dediklərinin əksinə olaraq komandasını əsasən varlılardan formalaşdırdı. Əlbəttə, kənardan nəzər yetirdikdə Birləşmiş Ştatlar yüksək rifah səviyyəsinə çatmış, qayğısız ölkə kimi görünür. Amma bu zahirən belədir. Amerika da digərləri kimi, sosial-iqtisadi xarakterli problemlərdən sığortalanmayıb. ABŞ-da insanlar bu problemlərin mənbəyi, səbəbkarı kimi ənənəvi siyasəti və mövcud sistemin siyasətdəki təmsilçilərini görürdülər.

 

Bəli, Amerikada da sosial ədalətsizlik, iri maliyyə korporasiyalarının hegemonluğu, ədalətsiz gəlir bölgüsü var. Milli gəlirin təxminən 40 faizi əhalinin 1 faizini təşkil edən elit qrupun əlində cəmləşib və bu imtiyazlı təbəqə ildən-ilə öz sərvətinə sərvət qatır. Orta təbəqə isə yerində sayır, fəhlələrin, işsizlərin vəziyyəti vəd olunduğu kimi, heç də yaxşılığa doğru dəyişməyib. Halbuki, bu təbəqə Trampı o vaxtkı mövcud vəziyyəti dəyişə bilmək qüdrətində olan dövlət başçısı kimi görərək ona səs vermişdi. Doğrudur, 45-ci prezident xalqa verdiyi vədlərin bir qismini reallaşdırmağa çalışdı, amma ümimilikdə vəziyyəti dəyişdirə, sosial ədalətsizliyi aradan qaldıra bilmədi. Əslində, onun buna nə vaxtı, nə də həvəsi yox idi. Əks təqdirdə öz komandasına həmin sosial ədalətsizliyi yaradan elit təbəqəni toplamazdı.

 

Bax, bütün bunlar, əslində siyasətə böyük biznesdən gələn və ölkəni daha çox biznes siyasəti ilə idarə etməkdən o tərəfə gedə bilməyən Trampın ikinci dəfə prezident kürsüsündə əyləşməsi üçün ciddi əngəl törədir. Hər halda onun növbəti dəfə hakimiyyətə gəlişi mümkünsüz görünür. Əks təqdirdə, yəni Tramp bu təhlükəni adlaya bilsə, onda Birləşmiş Ştatların özünü bir dövlət kimi təhlükəyə atmış olacaq.

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system