"Tramp son 8 il üçün vergi bəyannamələri təqdim etməlidir" - Federal hakim

Oxundu: 115

"Prezident vəzifəsində işləməsi ona məhkəmə immuniteti imtiyazları vermir"

Federal hakim Viktor Marrero qərara alıb ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyət orqanlarına öz vergi bəyannamələrini təqdim etməyə borcludur, çünki prezident vəzifəsində işləməsi ona məhkəmə immuniteti imtiyazları vermir. Tramp öz vergi bəyannamələrini açıqlamaqdan imtina edir. Bu halda Tramp prezident vəzifəsində olmasına və toxunulmazlıq hüququna istinad edir.


İslaminSesi xəbər verir ki, ABŞ dairə hakimi Viktor Marrero oktyabrın 7-də deyib: “Məhkəmə Prezidentin məhkəmə prosesi baxımından toxunulmazlığı barədə bu dərəcədə qəti və qeyri-məhdud fikirləri bəyənə bilməz”.


Nyu-York dairə prokuroru Sayrus Vens əvvəllər Trampa xidmət etmiş “Mazars USA” mühasibat firmasına sorğu göndərərək Trampın 8 il (2011-2018-ci illər) üçün şəxsi və korporativ vergi bəyannamələrinin məhkəməyə təqdim olunmasını tələb edib. Bu sorğu Stormi Denielsə və Karen Makduqala “susmaq müqabilində pul” ödənilməsi ilə bağlı cinayət təhqiqatı çərçivəsində təqdim olunub. Deniels və Makduqal bildirirlər ki, onların Donald Trampla kənarda eşq macəraları olub və Tramp prezident vəzifəsinə namizədliyini irəli sürdüyü müddətdə susmaq müqabilində ondan pul alıblar.


Prezidentin vəkilləri komandası bu tələbə etiraz edərək bildirib ki, əgər Trampın vergi bəyannamələri təqdim edilərsə, ona “aradan qaldırılması mümkün olmayan ziyan” vurulacaq. Vəkillər dərhal federal hakimin son qərarından şikayət verəcəklərini bildiriblər.


Tramp Ağ evin rəhbəri vəzifəsində fəaliyyətə başlayandan sonra öz vergi bəyannamələrini ictimaiyyətə təqdim etməkdən qəti imtina edib. Prezident Riçard Niksonun dövründə yaranmış ənənəyə görə, prezidentlər öz vergi bəyannamələrini təqdim edir və maraqların münaqişəsinə yol vermədiklərini nümayiş etdirirlər. Donald Tramp 2016-cı ildə bəyan etmişdi ki, prezident seçiləcəyi halda vergi bəyannamələrini ictimaiyyətə təqdim etməyə şad olar, lakin indiyə qədər bunu etməyib və bildirib ki, onun vergiləri audit nəzarətində olduğu müddətdə bunu edə bilməyib. O, təkid edirdi ki, insanlar bu bəyannamələrlə ümumiyyətlə maraqlanmırlar. /AZƏRTAC/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system