NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tanıdığım qəddar hakimləri Allah elə cəzalandırıb ki...

Oxundu: 3624
Tanıdığım qəddar hakimləri Allah elə cəzalandırıb ki...

Tanınmış vəkil Aslan İsmayılov “İslaminSesi”nin qonaq otağında

Onun haqqında bir çox sözlər demək olar: Tornaçı, hakim, məhkəmə sədri, prokuror, vəkil, və ictimai xadim. Bütün dünyada bu gün baş verən hadisələr, keçmiş və gələcəyin sintezi və müzakirəsi mövzusunda İslaminSesi “Qonaq Otağı”nda Aslan İsmayılov qonağımız oldu. 

 

"Mənim üçün millətin, dinin , irqin qətiyyən fərqi yoxdur. Demək olar ki, bütün millətlərdən dostum var. Ən yaxın dostum adigeydi. Lakin bircə dənə də olsun qazaxlı dostum yoxdur. İlk dəfə olaraq “Sən haralısan?” sualını Bakıda eşitmişəm. Biz yeganə millətik ki, göydə uçan quşdan da soruşuruq ki, sən haralısan."

 


- İlk sualımız budur ki, azadlığın sərhədlərə ehtiyacı var?

 

- Mütləq azadlıq yoxdur. Hər bir kəsin özünün azadlıq dairəsi var. Mənim azadlıq dairəm sizin azadlıq dairənizə keçib onu məhdudlaşdırmamalıdır. Əgər mənin azadlığım başqasının məhdudlaşdırılması ilə nəticələnirsə, onda mən dayanmalıyam.

 

- Bəzən bu azadlığı tamamilə başqa şəkildə təqdim etməyə çalışırlar. Tam azadlıq istəyirlər.

 

-Bəli, bunu deyənlər var. Özlərini Roma Papasından daha artıq katolik göstərməyə çalışanlar var. Bəzi insanlar buna nail olmaq istəyirlər. Milli mənəvi dəyərləri aşağılayırlar, milli-mənəvi dəyərləri qorumaq istəyənlərə isə “kəndçi” sözü ilə xitab edirlər. Sonuncu yazımda da qeyd etmişəm ki, kəndçiləri bəyənməyənlər, mən kəndçinin gördüyünün yarısını görməyiblər. Mən Amerikada, Avropada gəzəndə, təhsil alanda onlar uşaq olublar. Lakin bu dəyərləri aşağılamaqla onlar heç nəyə nail ola bilməzlər. 16 yaşımda Rusiyaya getmişəm, orada tornaçı işləmişəm. Gəncliyim orada keçib. O milli mənəvi dəyərləri söyənlər uşaq olanda mən azadlığın nə olduğunu artıq bilirdim. İnsan öz keçmişini unutmamalıdır. Artıq elm sübut edib ki, insanın bir genefondu-keçmiş yaddaşı var. Sən ondan imtina edə bilərsən, amma o səni heç vaxt tərk etməyəcək.

 

- Qloballaşma milli-mənəvi dəyərlərin sona qədər məhvinə nail ola bilər?


- Qloballaşma məvhumunun əleyhdarı deyiləm, nə də ki onun tam bərqərarını istəyirəm. Kimlər o qloballaşmanı həyata keçirmək istəyir onu da bilmirəm, heç bilmirəm qloballaşmanın kökündə duran nədir. Amma bunun müsbət tərəflərini götürüb ondan yararlanmaq olar. Avropa İttifaqı qloballaşma üçün ən yaxşı nümunədir: sərhədləri ləğv etdilər, valyutanı vahidləşdirdilər. Bu iqtisadiyyatın çiçəklənməsinə yaşıl işıq yandırır. Qloballaşan dünyada sərhədlər, ərazilər simvolikləşir. Bu da onunla nəticələncək ki, kütləvi insan qırğına səbəb olan, milyonlarla insanın canını alan, torpaq uğrunda gedən müharibələr tarixə qovuşacaq. Bu bunun müsbət tərəfi. Lakin bu qloballaşma ilə yanaşı sən amerikalının həyat tərzini mənə təklif edə və ya məni buna məcbur edə bilməzsən. Sən mənə avropalı və ya holland belə yaşayır, sən də belə yaşa deyə diktə edə bilməzsən. Mən bunun tərəfdarı deyiləm.

 

 

 "Mən sizə əmin edə bilərəm ki, kənddə yaşayıb balalarını xoşbəxt görən bir qadın min dəfə o şou aləmində görünən qadından daha çox xoşbəxt ola bilir. Mən hətta evdə xanıma təklif etdim ki, universiteti bitirdikdən sonra işləsin. Bir müddət işlədikdən sonra fikrindən daşındı. Bildirdi ki, uşaqları özü tərbiyə edib, qayğısına qalmaq istəyir. Əgər bu gün mənim övladlarım ən prestijli universitetdən məzun olmağı bacarıblarsa, bu xanımın əməyi nəticəsində baş verib"

 

- Son 25 ildə milli kimliyimizi nə dərəcədə qoruya bilmişik?

 

- Heç cür. Birincisi: dövr təlatümlü oldu. Formasiyaların dəyişməsi, inqilab dövrünə təsadüf etdi. Bir çoxları hakimiyyəti radikal şəkildə tənqid edir. Bəli mən də hakimiyyəti tənqid edirəm. Əgər mən o dövrdə prezident olsaydım, indiki nöqsanlar olmazdı desəm bu yanlış olar. Bir haldan başqa hala keçid çoxlu sayda nöqsanlarla müşayət olunur. Lakin bunu minimum səhvlərlə də etmək olardı. Milli dəyərlərin qorunmağında  millətin bir- iki faizi heç olmasa  məşğul olmalıdır. Bizim bədbəxtçiliyimiz ondadır ki, bizdə o bir iki-faiz də olmadı. Niyə Baltikyanı ölkələr öz milli kimliklərini qoruya bildilər? Yaxud da ingilislər, şotlandlar və ya ispanlar öz milli kimliklərini qoruyub saxlaya biliblər. Bizdə bir mütləqliyə meylilik var. Biz hər şeyi birdən etmək istəyirik və hesab edirik ki, o cür düzgündür. Məsələn: mənim gender hüququ ilə bağlı çoxlu tənqidi fikirlərim var. Bəli, bu gün qəbul edirəm ki, birmənalı olaraq Azərbaycanda qadın və kişi bərabərliyi yoxdur. Bunu da göstərmək üçün uzağa getmək lazım deyil. Elə nazirlərin və Parlamentdə oturanların siyahısına baxmaq kifayətdir. İkincisi: bölgələrdə qadınların hüquqları daha çox pozulur. Bölgələrdə xanımlara qul baxışı var: sanki hər şeyi etmək onların borcu imiş kimi. Lakin bununla yanaşı həmçinin hesab edirəm ki, Azərbaycan qadınları kimi müsəlman ölkələri arasında çox az xanım var. Burada qeyd etdiyim xoşbəxtlik məvhumu var -dövlət kimi başa düşülməməlidir. Məsələn: bəziləri elə hesab edir ki, kimsə nazirdisə, oliqarxdırsa o xoşbəxtdir. Lakin mən əsla elə hesab etmirəm. Zahiri xoşbəxtlik aldadıcı ola bilər. Mən sizi əmin edə bilərəm ki, kənddə yaşayıb balalarını xoşbəxt görən bir qadın min dəfə o şou aləmində görünən qadından daha çox xoşbəxt ola bilir. Mən hətta evdə xanıma təklif etdim ki, universiteti bitirdikdən sonra işləsin. Bir müddət işlədikdən sonra fikrindən daşındı. Bildirdi ki, uşaqları özü tərbiyə edib, qayğısına qalmaq istəyir. Əgər bu gün mənim övladlarım ən prestijli universitetdən məzun olmağı bacarıblarsa, bu xanımın əməyi nəticəsində baş verib. Yəni hər şeydə əndazəni gözləmək vacibdir. Mən həyatım boyunca idmanla məşğul olmuşam. İdmanda bir çox tanınmış şəxslərin özlərini ingilis kimi apardığının şahidi olmuşam. Bu sadəcə olaraq bayağı, biabırçı görünür. Vallah kəndçi olmaq ayıb deyil, öz kökünü danıb ingilis kimi davranmaq ayıbdır.


Nizaminin məşhur kəlamı var:
“Bir inci saflığı varsa da su da,
Artıq içiləndə dərd verir o da.”


Böyük fəlsəfədir. Hər şeyin artığı bəlalıdır. Bununla bərabər mən insanın hüquq və azadlığının tərəfdarıyam. Biz adam kimi doğuluruq, lakin öz hüququmuzu qoruyanda insan oluruq. Öz haqqını qoruya bilməyən mənim üçün kölədir. Lakin mütləq keçmişin də əleyhinəyəm. Məsələn, atalar sözümüz var: “İşini yola verənə qədər erməniyə dayı de!” bundan pis bir şey ola bilər?! Yaxud da  “Dəvə gördünmü, heç izini də görmədim”  Yəni yanımda adam öldürsünlər çevrilib gedəcəm ki, mən onu görmədim. Tənqid yaxşı bir haldır, lakin tənqid edən ilk əvvəl özündəki qüsurlara baxsın, ondan sonra qarşısındakını tənqid etsin. Məsələn, Bəxtiyar Vahabzadə haqqında ağzından süd iyi gələn biri, həyatda heç nəyə nail olmamış 22-23 yaşlarında uşaq elə bir təhqiramiz ifadə işlədir ki, bax onda deyirsən ki, bu insan qətiyyən azadlığın nə olduğunu bilmir. Sosial şəbəkələrdə də müşahidə edirəm, özünü radikal aparan, təhqirə yol verən və guya özünü demokrat kimi göstərən insanlar həyatda əksər vaxt ən uğursuz insanlardır. Baxırsan nə təhsili var, nə dünyagörüşü, nə bir əhatə dairəsi var. Bəzilərinin hətta fotolarına da baxıram. Onların əylənməyinə baxıram. Axı, əylənmək də bir mədəniyyətdir. Dinlədiyin musiqi, məşğul olduğun idman sənin mədəniyyətini göstərir. Baxıram ki, adam Üzeyiri dinləyir. Əminəm ki, o Üzeyr Hacıbəyovun haqqında heç eşitməyib.

 


- Çörçil deyir ki, bəşəriyyət demokratiyadan pis bir idarəetmə kəşf etməyib. Demokratiya pis idarəetmədir, yoxsa pis təqdim edilib?


- Bu günki Amerika, Avropa nöqsansız deyil. Mən onların da ilahiləşdirmənin əleyhdarıyam. Amma bu gün bəşəriyyət hələ demokratiyadan yaxşı bir forma fikirləşməyib. Ola bilsin nə vaxtsa fikirləşər, lakin bunun alternativini görmürəm.

 

"Bəzən mənə yazırlar ki, qoçaqsan hər şeyi deyirsən. Mən axı heç nə etməmişəm, sadəcə olaraq gördüyümü dilə gətirmişəm. Gözümü yumub laqeyd olmaq istəməmişəm. İstənilən cəmiyyətin gücü, ictimai qınağın gücündən asılıdır. Son illər Azərbaycan cəmiyyəti ancaq geriyə gedir. Bunun da kökündə duran hakimiyyətin təbliğat maşınıdır"

 


-Bəs bu demokratiyadan sui-istifadə məsələsinə necə baxırsınız? Son illər bunu böyük güclərin simasında müşahidə edirik.


-Bir məsələni qeyd edim: İnsana sui-istifadə xasdır. Lakin o yerdə qınaq və nəzarət yoxdursa, o yerdə əndazənin aşılması baş verəcək. Düşünürəm ki, bəlkə də təhsilim, həyatım, ailəm uğurlu olmasaydı bəlkə də mən də əndazəni aşardım. Cəmiyyətdə ictimai qınaq yoxdursa (sosial şəbəkələrdə illərdi bunu təbliğ edirəm) o cəmiyyət iflasa məhkumdur. Halbuki hakimiyyətin təbliğ etdiyi yalnız laqeydlikdir: “Sənin əvəzinə həll edəcəklər.” Niyə bu laqeydliyi təbliğ edirlər? Çünki laqeyd insanları idarə etmək çox asandır. Son dövrlər Amerika və Avropa demokratiyasından bəhs edərkən hamı Jirinovski sayağı danışmağa cəhd edir. Səddam kimi diktatorlara müdafiə eləməyə çalışırlar ki, halbuki qazla insanları qırdı. Mən Elçibəyin fanatı deyiləm, amma Gəncə hadisələri zamanı ona məlumat veriləndə ki, burada 5-10 nəfər öləcək, onda O bu işdən imtina etmişdi və demişdi: "Mən heç kəsin qanına bais ola bilmərəm." Bu Elçibəyin dahiliyi idi. Halbuki, Bəşər Əsəd istefa verə bilər. Bəzən millətdə fikir yaradırlar ki, guya o lider getsə fəlakət olar. Həmişə deyirəm: bir fərdə görə millət məhv olacaqsa, dünəndən məhv olması yaxşıdır. Bizim bəlalarımızdan biri də odur ki, haqq sözü deyənlərə qəhrəman kimi baxırıq. Haqq sözünü deməklə kimsə qəhrəman olursa, deməli o millət bədbəxtdir. Bəzən mənə yazırlar ki, qoçaqsan hər şeyi deyirsən. Mən axı heç nə etməmişəm, sadəcə olaraq gördüyümü dilə gətirmişəm. Gözümü yumub laqeyd olmaq istəməmişəm. İstənilən cəmiyyətin gücü, ictimai qınağın gücündən asılıdır. Son illər Azərbaycan cəmiyyəti ancaq geriyə gedir. Bunun da kökündə duran hakimiyyətin təbliğat maşınıdır. Heç kim o qara yeşiyin (televizor) dəyərini azaltamamalıdır. Ona görə ki, o qara yeşik 24 saat təbliğ edir ki, sən yaltaq olsan, ikiüzlü olsan vəzifən böyüyəcək. Sizi inadırıram, o Tv-də göstərilən təriflər ki, onlar icra başçısına, prezidentə yağdırırlar, onların heç biri öz dediyinə inanmır. İnanıb desə onu qınamaram. Bilirəm ki, maddi maraq xatirinə deyilmiş sözlərdir.

 


- Elə televiziyalardan danışmışkən, nə üçün onların hamısı eyni verlişləri və informasiyaları tirajlayırlar. Bunun hamısı haradan qaynaqlanır?


Məşhur bir deyim var: Bir milətin axırına çıxmaq istəyirsənsə onun əlindən təhsilini al və onu əyləncəyə, musiqiyə alışdır. Fikir verin ən dəbdəbəli tədbirlər, ən dəbdəbəli mərasimlər demokratiyanın ən az olduğu ölkələrdə keçrilir. Şimali Koreyada keçirilən bayram tədbirlərinə baxın. Yüz minlərlə insanlar və eyni rənglər. Siz Avropada və ya Amerikada belə tədbirlərə təsadüf edə bilməzsiniz. Elə sonuncu Olimpiya oyunlarını kimlər keçirdi? Qış olimpiyadasını Rusiya keçirdi, yay olimpiyadasını Azərbaycan. Bu ölkələrin vəziyyətinə baxaq. Bunu guya Avropa ölkələri keçirə bilməzdi ki?! Bu “Avroviziya” tədbirinin inkişaf etmiş ölkələr keçirmir, keçirsə də buna çox laqeyd yanaşırlar. Həmişə ən az səsi İngiltərə yığır. Ona ən çox pulu demokratiyanın ən az olduğu və korrupsiyanın tüğyan etdiyi ölkələr xərcləyir.

 

- XX əsrin sonlarına nəzər salsaq, hətta Amerika filmlərinə belə baxsaq biz orada yalnız bir terrorçu siması görürük: avropalı. O irlanddı, o bask və ya kataloniyalıdır. Bu əsrin əvvəllərində isə sanki görünməz bir əl rolları dəyişdi. Terrorçu müsəlman elan edildi. Bunu yeni dünya nizamı tələb edir?


- Çox mürəkkəb sualdır. Çalışacam buna səmimi cavab verim. Ən sevmədiyim məsələrdən biri budur ki, deyirlər müsəlman dünyasında baş verən bu hadisələrin səbəbi birmənalı olaraq Qərbdir. Məncə bunun kökündə duran əsas amillərdən biri təhsil və mədəniyyətdir.


- Lakin saydıqlarınız Şərqdə XX əsrdə də var idi. Yəni dəyişən bir məsələ yoxdur.


-Bəli, haqlısınız Şərqdə dəyişən bir məsələ yoxdur. Müsəlman aləmi elmli, savadlı olarsa, orada olan hadisələr baş verməz. Siz inkişaf etmiş hansı müsəlman ölkəsinin adını çəkə bilərsiniz?


İran, Türkiyə…


- İlk onluqda iqtisadi inkişaf etmiş müsəlman ölkəsi yoxdur. Mən özüm müsəlmanam. Lakin bir məsələni dəqiq bilirəm ki, nə qədər ki, İslamın ilk dövrlərində müsəlmanlar hər şeyi din uğrunda edirdilər, onda İslam intibah dövründə idi. Lakin İslam dinini mənfəət dininə çevirəndən bəri o tənəzül yaşayır. X əsr, XI və XII əsr. İslam alimləri yetişdi. Bu gün də Avropa hələ də İbn Sinaya əsaslanır. Fizikası Nəsirəddin Tusidən danışır. Dini öz maraqlarına qurban edənlər, onun tənəzzülünü gətirdilər. İslamın vətəni ərəb ölkələridir Baxın nə vəziyyətdədirlər. İndi bu gün Suriyada müharibə gedir, lakin bu gün miqrantlar demək olar ki, az qala avtomobili də qızıldan olan Səudiyyə Ərəbistanına, Qətərə, Küveytə üz tutmur, dənizdə boğulsa da Avropaya üz tutur? Bu o vaxta qədər davam edəcək ki, istənilən dil, istənilən din, istənilən millət özündə mövcud olan nöqsanların səbəbini başqa yerdə axtaracaq. Nöqsanı özümüzdə axtarmayana qədər inkişafdan bəhs edə bilmərik. Bu gün o terror törədənlər inanmıram ki, elə bir savada malik olsunlar. Terrordan da qazanc götürürlər. Elə bəlkə massonların özləri də. Amma etiraf edək ki, bu məsələlədən müsəlmanların öz içində qazanananlar da var. Bu oyunu oynayanlar var.

 

Mən Qərbi, Avropanı qətiyyən mələk hesab etmirəm. Mən belə bir məsələyə inanmıram ki, Avropa və ya Amerika ölkəyə gələrkən sırf o ölkənin xoşbəxtliyi naminə gəlsin. Bu gün Azərbaycanda o qrantları alan digər adamlar kimi mən də ala bilərdim, çünki onlardan fərqli olaraq tam Avropanın içində idim. Çox gözəl bilirdim ki, o pulları adama havayı vermirlər. Amerikanın da, Avropanın da buna marağı var."



- Bu yaxınlarda BBC müxbiri Səudiyyənin səfirinə sual ünvanladı ki, Suriyada niyə seçki istəyirsiniz? Halbuki illərdi Səudiyyədə krallıqdır. Siz özünüz seçki keçirmədiyiniz halda niyə bu seçkini tələb edirsiniz? Bu gün Amerika ilə əl-ələ verib gəlib Suriyada demokratiya gətirmək istəyirsiniz. Halbuki Amerika Səudiyyə ilə birləşib Yəməni müharibə ocağına çevirib. Demokratiya deyilərkən Amerikanın Səudiyyə və ya Qətərlə işi yoxdur. Bu ziddiyətləri necə izah edək?

 

- Mən əminəm ki, istəyəcək. Mən Qərbi, Avropanı qətiyyən mələk hesab etmirəm. Mən belə bir məsələyə inanmıram ki, Avropa və ya Amerika ölkəyə gələrkən sırf o ölkənin xoşbəxtliyi naminə gəlsin. Bu gün Azərbaycanda o qrantları alan digər adamlar kimi mən də ala bilərdim, çünki onlardan fərqli olaraq tam Avropanın içində idim. Çox gözəl bilirdim ki, o pulları adama havayı vermirlər. Amerikanın da, Avropanın da buna marağı var. Eyni maraqlara Rusiya da sahibdir. Burada iki qütb var. Amerika deyir ki, mənə demokratiya lazımdır. İnsanların hüquqları olsun. Onsuzda bu hürriyyət varsa, o qazanacaq. Çünki əmindir ki, istənilən rəqabətdə bizi uda biləcək. Çünki texnologiyası, elmi daha yüksəkdir. Onun qazanmasına axı qarışıqlıqlar mane olacaq. Bu gün Səudiyyədə ərəb ac deyil, ərəb ac olsa qalxar. Orada ərəblərin yaşayış tərzi var. Bu gün krallıqda bu minimumu qoruyurlar. Mən əminəm ki, Amerika öz maraqlarına uyğun olan kimi Səudiyyə ilə də maraqlanacaq.

 

 

- Onda belə çıxır ki, Amerika öz maraqlarına “demokratiya”adını qoyur?


- İstənilən ölkə öz maraqlarından çıxış edir. Bu gün fərd olaraq da insan övladı da öz maraqlarının arxasınca düşür. Məsələn, mən altruist deyiləm. Astek həyat sürmürəm və bunu sevmirəm. Lakin bilirəm ki, mənim xoşbəxt olmağım üçün ətrafım xoşbəxt olmalıdır. Hələ 1995-ci ildə bir yazı yazmışdım. “Bədbəxt bir millətin xoşbəxt oğlu, kasıb xalqın varlı oğlu olmaq mümkün deyil.” Niyə? Sırf psixoloji baxımdan. Məsələn, səhər metroda avtobusda insanları görürsünüz yəqin. İnsanların üzündən zəhər yağır. İstə-istəməz o aura mənə təsir edir. Əhvalım korlanır. İstəmirəm insanları elə görəm. Lakin mən yaxşı yaşamaq istəyirəm. Amma kasıbların içində varlı ola bilmərəm. Bunun hesabını əvvəl-axır ödəyərəm. Ya o kasıb onu mənim əlimdən alacaq, ya da balamı öldürəcək. Əgər bu gün balalarımın və nəvələrimin də bu cəmiyyətdə yaşamasını istəyirəmsə halal yaşamalıyam. Buna görə bu fəaliyyətlə məşğulam. Bu zaman mən öz şəxsi marağımdan çıxış edirəm.


- Onda deyə bilərikmi, Yaxın Şərq ABŞ-ın maraqlarının qurbanıdır?


- Məncə Yaxın Şərq əsas öz cəhalətinin qurbanıdır. Bu gün demokratiya deyib gələn qərb tutalım deyir ki, müsəlmanlar qırın bir-birinizi. Onda müsəlmanlar niyə bir-birin qırsın?! Bu cəhalətdən irəli gəlir. Hesab edirəm ki, din o hakimiyyətdəki murdarlıqlarla çirklənməməlidir. Din həddindən artıq müqəddəsdir. Hakimiyyət isə istənilən halda murdardır. Din insanları saflaşdırmağa xidmət etməlidir.


Mənim nənəm Qumda mədrəsə təhsili almış bir xanım olub. Sonra babam repressiya olunduqda beş oğul və 4 qız qalıb. Nənəm qızları təhsil almağa qoymayıb ki, oğlanlar oxusun. Anam təhsilli olmayıb. Amma mənim bütün dünyagörüşümü o formalaşdırıb. Məni Tiflisə aparardı, orada teatrlara, muzeylərə gedərdik. 5-ci sinifdə oxuyarkən yenə Tiflisə getdik. Gördüm kilsəyə girir. Yapışdım yaxasından ki, hara girirsən bura kafirlərin evidir. Dedi: “Balam, bura kafirlər kafir evi deyir. Bura da xiristianlara görə, Allahın evidir.” Anam məni belə tərbiyə edib.

 

"Əgər ədalət olsa bu ölkənin 5 və ya 10 varlı adamlarından olmalıyam. Demokratiya və düzgünlük olsa. Niyə ola bilmirəm, həmin o rüşvətə görə. Sizi inandırım ki, o demokratiyanı, dürüstlüyü o kəslər istəyir ki, onlar əmindir ki o bərqərar olsa qazanacaqlar. Amma beş qəpiklik biliyi olmayan niyə demokratiya istəsin ki?"

 

 


- Ağır bir işlə-vəkilliklə məşğulsunuz. Müsahibələrinizin birində qeyd etmisiniz ki, bu sahədə ən çox əziyyət çəkdiyiniz məsələ rüşvətdir. İnsanlar bunu asan yol kimi seçirlər, yoxsa sistem elə qurulub ki, çıxış yolu budur?


- Sistemi elə qurublar. Bu gün deyirlər ki, biz xalq olaraq rüşvət verməyə meyilliyik. Bu bizim psixologiyamıza uyğun deyil. Bu gün qurulan sistem elədir ki, sən rüşvət verməsən əziyyət çəkəcəksən. Məsələn, reyestr xidməti var. Orada sənə o qədər əngəllər yaradırlar ki, öz könlünlə rüşvət verməli olursan. Oradan rüşvətsiz keçə bilərsən, lakin bu altı ay səndən vaxt alacaq. Bundan bir dəfə keçən insan əsəblərinin və canın qədrini bilirsə birdə ordan keçməyəcək. Deyəcək ki, pulumu verim canımı qurtarım. Bu sovetdən qalan sistemdir. Sovet dövründə belə bir qayda var idi: deyirdilər ki, sən sovet vətəndaşını elə etməlisən ki, səhər evdən çıxanda beynində problemlə çıxsın. Azərbaycanda milləti elə günə qoyublar ki, onun səhər işə çıxanda macalı yoxdur ki, düşünsün. Düşünsün ki, mənim ölkəmə milyardlar gəlir, onu necə yeyirlər, necə dağıdırlar. Mənə deyirsiniz ki, vəkilsiniz. Məni vəkillikdən qovublar. Bir dəfə 1999-cu ildə, bir də 2013-cü ildə. Mən təkcə burada vəkilliklə məşğul deyiləm. Avropada, Amerikada da bu işlə məşğulam. Əgər ədalət olsa bu ölkənin 5 və ya 10 varlı adamlarından olmalıyam. Demokratiya və düzgünlük olsa. Niyə ola bilmirəm, həmin o rüşvətə görə. Sizi inandırım ki, o demokratiyanı, dürüstlüyü o kəslər istəyir ki, onlar əmindir ki o bərqərar olsa qazanacaqlar. Amma beş qəpiklik biliyi olmayan niyə demokratiya istəsin ki?


-Dünyada baş verən terror hadisələrində ikili standartların şahidi olduq. Fransa, Brüssel, Türkiyə və Pakistan. Pakistanda və Türkiyədə həlak olan insanla Fransa və Brüsseldə həlak olan insanın nə fərqi var?


- Haqsızlıq və ədalətsizlik elə bir məsələdir ki, onu etsən, ya da ona göz yumsan sabah o hadisə sənin də başına gələcək. Bu gün Parisdəki terrora başqa, Türkiyədəki terror başqa münasibət sərgilənirsə onun əziyyətini o münasibəti sərgiləyən ölkə çəkəcək. Ermənilər Azərbaycanda metro və avtobus partladanda həmin Avropa, Amerika reaksiya versəydilər, heç 2001-ci Nyu-York partlamaları və ya digərləri olmazdı. Dövlətlər də insanlar kimidir. Onlar elə zənn edirlər ki, Əlinin problem varsa o ona çatan deyil. Daha dərk etmir ki, sabah o hadisə onun da başına gələ bilər. Bu gün Afrikada baş vermiş haqsızlığa ora məndən uzaqdır fikri ilə, mənə aidiyyatı yoxdur deyə göz yuma bilmərik.

 

"Tanıdığım qəddar hakimlər olub. Allah onların elə cəzasın kəsib ki, onun milyonları bir anlıq gözümdə kül olub. Nə vicdandan, nə Allahdan xəbəri olmayan insanlar görmüşəm, onlar üçün elə ilahi cəzalar görmüşəm ki,…İnanın, cəmiyyət içində belə parlaq görünmələrinə baxmayın onlar bədbəxt gündədirlər. Allah onlara elə cəza verib və verəcək."

 


- Məhkəmə ədalətindən öncə İlahi ədalətin gəldiyinin şahidi olmusunuz?


-Mənim bütün həyatım ilahi ədalət sayəsindədir. Bu gün nə qazanmışamsa, ilahi ədalətin sayəsindədir. Həyat yoldaşım həmişə deyir ki, şükür ki, Allah var, yoxsa sənin ümidinə qalsaydıq acından ölərdik. Bu gün on minə ehtiyacım varsa, sabah onu Allah mənə yetirir. 15 il öncə kiməsə pulsuz iş görmüşəm, gətirib qəfil 10 min verib. Ümumiyyəıtlə mən kiməsə iş müqabilində pul deməmişəm. Amma məni axtarıblar, gətirib nə vaxtsa veriblər. O ki, qaldı məhkəməyə. Məhkəmədə mən sübutları qoydum, belə iş gördüm qazandım söhbəti yoxdur. Məhkəmə ədaləti pulun miqdarından və tapşıranın qüvvəsindən asılıdır. İlahi ədalətə heç bir şübhəm yoxdur. Tanıdığım qəddar hakimlər olub. Allah onların elə cəzasın kəsib ki, onun milyonları bir anlıq gözümdə kül olub. Nə vicdandan, nə Allahdan xəbəri olmayan insanlar görmüşəm, onlar üçün elə ilahi cəzalar görmüşəm ki,…İnanın, cəmiyyət içində belə parlaq görünmələrinə baxmayın onlar bədbəxt gündədirlər. Allah onlara elə cəza verib və verəcək.


- Müstəqillik qazanandan bəri təhsildən hey şikayətlənirik. Niyə bir mütəxəssis, dünya səviyyəli bir alim yetişdirə bilmirik?


-Nə qədər ki, ağ atlı oğlan gözləyirik, o qədər qara günə qalacayıq. Heç vaxt bir nəfərə ümid bağlamaq olmaz. Korrupsiyaya uğramış hökumət təhsilli millət istəməz. O, özünə qəbirqazan yetişdirməz axı. O ölkələrdəki təhsil yüksəkdir, orada demokratiya var. O ölkədəki diktatura, korrupsiya var, orda olanlar çox gözəl bilir ki, savadlı insan qəbirqazandı.


-Kiçik dövlətlər böyük dövlətlərin kölgəsində necə görünür?


Mənim üçün kiçik və ya böyük dövlət yoxdur. Çin böyük dövlətdir. Danimarka və ya İsveç kiçikdir. Məsələ dövlətin böyüklüyü deyil. İnkişafı müqayisə etmək olar. Lakin iqtidadi inkişafı yüksək dövlətlərə yaxın olmaq lazımdır.


-Sosial şəbəkələrdə aktivsiniz. Sosial şəbəkələr şüurlarda inqilab edə bilər?


- Bəli, mən buna tamamilə əminəm. Bu bayram tətilinə də sosial şəbəkədə bunu bir daha artıq vaxt keçirdərək gördüm. Sosial şəbəkənin bir mənalı olaraq müsbət tərəfi var. İnsanlar ictimai qınaq görür, savadlanır. Mənim sosial şəbəkədəki missiyam maarifçilikdir. Təvözakarlıqdan uzaq olsa da deyim, mən əminəm ki, 15-20 il sonra mənim sosial şəbəkədəki bu rolum haqqında çox deyiləcək.


- Tornaçı və Vəkil. Bunları Aslan İsmayılovdan başqa nə birləşdirir?


-Mən Prokuror işləmişəm, vəkil işləmişəm, hakim işləmişəm, amma sizə tam səmimi deyirəm ki, ən xoşuma gələn tornaçılıq və vəkillik olub. Çox yaradıcı işdir. Paslı dəmirdən gözəl bir hissə yaratmalısan. Hər iki iş yaradıcı işdir. Həyatımda heç bir şey üçün peşman deyiləm, heç nəyi dəyişmək istəmirəm. Bircə anamın ölümü ilə barışa bilmirəm. Çox istərdim ki, o məni indi olduğum kimi hörmətli və varlı görsün.

 

Ülviyyə Tahir

Xəyal Şükür

Foto: İlkin Əzimov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system