NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sovet dönəminə qayıdış - qəbul qaydalarında qızıl medal tətbiq olunur

Oxundu: 213
Sovet dönəminə qayıdış - qəbul qaydalarında qızıl medal tətbiq olunur

Kamran Əsədov: “Yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq"

 

Məlum olduğu kimi, Azərbaycanda orta təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunacaqlar. Bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində əks olunub.

 

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.Parlamentin ötən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanan qanun layihəsi cəmiyyətdə birmənalı qarşılanmayıb və müxtəlif mülahizə və suallar yaradıb. 

 

Maraqlıdır, orta məktəbi qızıl medalla bitirənlərin ali məktəblərə qəbul zamanı yalnız bir fəndən imtahan verməsi ilə bağlı qanunun qəbul olunması təhsildə hansı problemlər yarada bilər? Sovet dönəminə aid olan bir sistemə keçid üçün zərurət varmı?

 

İslaminsəsi”nə danışan təhsil eksperti Kamran Əsədov bununla bağlı bir sıra ciddi məqamları önə çəkdi. İlk növbədə qeyd etdi ki, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir: “Şagirdin tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% "əla" olmalı, fənlərdən illik qiymətləri "əla" almalıdır. Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - "Tədris dili" və "Riyaziyyat" istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər. Etiraf edək ki, bu prosedurların keçilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin direktora yaxın olmayan şagirdlər isə mükafatlardan kənarda qalır. Hesab edirəm ki, “Ümumi təhsil haqqında” qanun layihəsində danışılıb. Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin olacaq. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsili idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq olar: a) DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarında iştirak edib keçid balı toplamaqla, b) Beynəlxalq imtahan – İELTS, SAT, GMAT nəticələri ilə, c) Respublika fənn və beynəlxalq olimpiadaların qalibi olmaqla, d) Beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla”.

 

Təhsil ekspertinin fikrincə, siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq: “Yəni ali məktəbə qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət baxa bilərik. Amma orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahanlardakı nəticələri də təstiq edir. Əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Belə ki, onların qəbul imtahanlarında nəticələri daha yüksək olsa da, qızıl medal alanların sayı azdır. Misal üçün, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal,145 nəfəri (58%) 600-699 bal,49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal,12 nəfəri (5%) 200-399 bal,1 nəfəri 140 bal toplayıb.16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

 

Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var. 200-300 bal toplayan "qızıl medal"lılar isə açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyent sinifdə qalmalı, attestat almamalı olduğu halda, qızıl medala layiq görülməsi sırf cinayətdir”.

 

K.Əsədov indiyə qədər ümumilikdə 960 şagirdin orta məktəbi medalla başa vurduğunu, onlardan 839 nəfərin qızıl, 121 nəfərin isə gümüş medal aldığını xatırlatdı. Və bununla bağlı daha bir maraqlı nüans açıqladı: “2018-ci ildə 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasında kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntularına, neqativ hallara yol verilir. Əlbəttə, 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasına görə təhsilin əhatə dairəsi genişlənməlidir, əlçatımlılıq təmin olunmalıdır. Həqiqətən də Azərbaycanda ali təhsilli əhalinin sayı az olduğuna görə bu vacibdir. Hazırda ölkə vətəndaşımızın yalnız 17 faizi ali təhsillidir. Amma bu o demək deyil ki, biz bütün üsulları tətbiq etməklə insanları ali təhsilə cəlb etməliyik. Belə şəraitdə keyfiyyət ciddi şəkildə aşağı düşəcək”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system