Sosialist əmlakını dağıdanlar üçün cəza maşını – sonradan o da “gəmirici”lərə qoşulub

Oxundu: 83
Sosialist əmlakını dağıdanlar üçün cəza maşını – sonradan o da “gəmirici”lərə qoşulub

1930-cu illərin ortalarına qədər SSRİ-də mütəşəkkil iqtisadi cinayətkarlığa qarşı mübarizə ilə bağlı konkret bir qurum olmadığından ölkənin sənayeləşmə və kollektivləşmə dövründə iqtisadi təhlükəsizlik ciddi problemə çevrilib. Dövlət əmlakının oğurlanması, qanunsuz ticarət, qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan malların realizə edilməsi, rüşvət və korrupsiya hallarının artması və bu kimi əyintilər daha geniş vüsət alıb.

Məsələ ilə bağlı Mərkəzi Komitədə araşdırmalar, təhlillər və müzakirələr aparılıb, fərqli təkliflər irəli sürülüb. Sonda Nikolay Yejov rəhbərlik etdiyi “NKVD”-nin tərkibində yeni bir qurumun yaradılmasını təklif edib, iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi...

 

Təklif İosif Stalin tərəfindən bəyənilib. Amma buna baxmayaraq, bu təklif müzakirələrə də səbəb olub. Vyaçeslav Molotov Yejovun təklifinə qarşı çıxıb və o, bunu belə əsaslandırıb ki, dövlət büdcəsindən bu quruma xərclənən vəsait, dövlətdən oğurlanan vəsaitdən daha çox olacaq. Anastas Mikoyan isə belə bir qurumun yaradılmasının tərəfdarı olub. Əsasən ölkənin ticarət və yeyinti sənayesinə cavabdehlik daşıyan Mikoyan qeyd edib ki, cinayətkarların, işbazların oğurladıqlarının qarşısını alıb və həmin vəsaiti bu qurumun əməkdaşlarına sərf etməklə dövlət ilk növbədə iqtisadi sahədə cinayətkarlığın qarşısını almış olacaq.

 

Beləliklə, 16 mart 1937-ci ildə Nikolay Yejovun 0018 nömrəli əmri ilə “NKVD”-nin tərkibində SƏDM idarəsi ( Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə idarəsi – ruscada: OBXSS) yaradılıb. İdarə birbaşa “NKVD” başçısına tabe olub və onun ilk rəisi dövlət təhlükəsizliyi kapitanı Samuil Ratner təyin edilib.

 

 

Yeni yaradılmış qurumun nizamnaməsinə görə, əsas vəzifəsi ticarət, ictimai iaşə, sənaye və istehsalat sahələrində, əmanət kassalarında yol verilən qanunsuzluqları aşkar edərək cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb etmək, iqtisadi təhlükəsizliyin təmin edilməsində tədbirlər həyata keçirmək, müvafiq sahələr üzrə korrupsiya və rüşvətə qarşı mübarizə aparmaq və bütövlükdə sosialist əmlakının oğurlanmasının qanuni yolla qarşısını almaqdan ibarət olub.

 

Qurumun baş idarəsi Moskvada yerləşib, müttəfiq respublikalarda və muxtar vilayətlərdə yerli idarələri fəaliyyət göstərib. Bütövlükdə SSRİ-də SƏDM idarəsinin əməkdaşlarının sayı 100 min nəfərə yaxın olub. Bununla yanaşı, 60 min nəfərə yaxın şəxs bu qurumla gizli əməkdaşlıq edib. Onlar əsasən SSRİ-də fəaliyyət göstərən iri ticarət obyektlərində, iaşə müəssisələrində, kolxoz bazarlarında, əmanət kassalarında işləyənlərdən olublar. Məhz onların gizli ötürdükləri məlumatlar sayəsində müvafiq sahələrdə cinayət halları aşkarlanıb. Təbii ki, bu quruma “işləyənlər” vaxtaşırı öz “mükafat”larını alıblar.


Diqqətçəkən məqamlardan biri odur ki, SƏDM Nikolay Yejovun ittifaq miqyaslı repressiya planlarına da cəlb edilib. Belə ki, yeni yaradılmış qurumun qarşısına da repressiya ilə bağlı öhdəçilik və say planları qoyulub. Yejovun “NKVD”-yə rəhbərlik etdiyi dövrdə SƏDM-in əsas fəaliyyəti məhz bundan ibarət olub.

 

Statistik göstəricilərə görə, sonralar, 1940-cı illərdə SƏDM-in fəaliyyəti nəticəsində dövlət əmlakının oğurlanması əvvəlki illərə nisbətən 38 faiz aşağı düşüb. O, cümlədən ticarət və ictimai iaşə sahəsində qanun pozuntularının sayı 48 faiz azalıb. Təkcə müharibə dövründə, 1941-1945-ci illərdə idarənin səyi nəticəsində dövlətdən oğurlanmış 170 milyard rubl geri qaytarılıb.

 

 

Ayrı-ayrı dövrlərdə SƏDM müfəttişlərinin keçirdiyi tədbirlər sayəsində sonralar çox böyük qalmaqala, səs-küyə səbəb olan cinayət hadisələrinin üstü açılıb. Bura alkoqollu içkilər, qara kürü, qızıl və brilyant, xəz-dəri məmulatları və s. defisit malların qanun çərçivəsindən kənar gizli satışını, xüsusilə SSRİ-nin kurort şəhərlərindəki ağlasığmaz maxinasaiyları aid etmək olar.


1970-ci illərdə SSRİ-də “qara bazar”ların, gizli sexlərin fəaliyyətinin ən “məhsuldar” dövründə SƏDM əməkdaşlarının fəaliyyəti diqqət mərkəzində dayanıb. Həmin ərəfədə bu qurumun əməkdaşları iki istiqamətdə fərqləniblər: İşbazlara qarşı mübarizə aparanlar və əksinə, rüşvət müqabilində işbazlara şərait yaradanlar. Təbii ki, onların bu cür ikitərəfli fəaliyyəti həmin dövrdə DTK sədri olan Yuri Andropovun diqqətindən yayınmayıb.

 

Məlum olduğu kimi SƏDM idarələri Daxili İşlər Nazirliyinin tabeliyində olub. Və həmin dövrdə nazir Şelokovla Andropovun münasibətlərində ciddi problemlər yaşanıb. SƏDM-in bəzi əməkdaşlarının rüşvət hesabına qanunsuz ticarətə şərait yaratması Andropovun Şelokova qarşı mübarizəsi üçün tutarlı fakt olub. Həmin ərəfədə onlarla SƏDM əməkdaşı işindən kənarlaşdırılıb, aralarında həbs olunanlar da olub. Andropov məsələ ilə bağlı Siyasi Büroda çıxış edərək dəfələrlə Şelokovu tənqid edib. Amma bu tənqidlər uzun illər nəticəsiz qalıb. Brejnev-Şelokov dostluğu hələ bir müddət Andropovun Şelokov üzərindəki qələbəsini ləngidib.

 

 

Ümumiyyətlə, SSRİ dövründə SƏDM haqqında fikirlər həmişə fərqli olub. Prestijli və həm də təhlükəli orqan sayılan bu idarənin əməkdaşları daxili işlər orqanlarının digər qurumlarının əməkdaşlarından həmişə fərqləniblər. Və bir çox hallarda onları özlərini DTK əməkdaşlarından da səlahiyyətli sayıblar. Yəqin ki, yarızarafat-yarıgerçək söylənilən məşhur bir məsəl də təsadüfi yaranmayıb:

 

Jurnalist Leonid İliç Brejnevdən SƏDM-lə DTK-nın fərqini soruşanda baş katib belə cavab verib:

 

- Fərq çox sadədir, DTK narazı vətəndaşlarla işləyir, SƏDM isə razılarla...”

/Musavat. com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system