NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOLAR

Oxundu: 348
“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOLAR

2019-cu ilin may ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib.

 
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə olunub, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərəfindən təqdim edilib.
 
Müzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir.
 
Növbəti lövhə 1920-ci ilin yanvarında  təhsil almağa və təhsillərini davam etdirməsi üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.
 
Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadın –  Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb.
 
Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub.
 
Növbəti lövhədə Azərbaycan ziyalıların məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnməsi barədə aktların və arayışların surətləri nümayiş olunur.
 
Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təəbəsi olan azərbaycanlıların respublikadan çıxarılması haqqında sənədlərinin surətləri də yerləşdirilib.
 
Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin və əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
 
Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.
 
ONA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system