NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 1861
 Şiəliyi təhlükə adlandıran baş nazir Binəli Yıldırım məgər bunları bilmirdi?!

Şiəliyi təhlükə adlandıran baş nazir Binəli Yıldırım məgər bunları bilmirdi?!

Şiəliyi region və dünya üçün təhlükə bilənlərin dəlil və sübutları nədir?

İslaminSesi.info – Noyabr ayının 11-də Türkiyə baş naziri Binəli Yıldırımın CNN telekanalının GPS adlı verlişində, aparıcının regiondakı vəziyyətlə bağlı sualına verdiyi cavab Türkiyənin xarici siyasəti ilə bağlı yeni qalmaqal yaradıb.

 

Baş nazir Qərbin İranla bağlı son dövr siyasətinə münasibət bildirərkən bu fikirləri səsləndirib:

 

“İran və Türkiyə əsrlərdir ki, qonşudurlar. Son beş yüz il ərzində müharibəmiz olmayıb. Türkiyə kimi mövqeyimiz çox aydındır. Deyirik ki, bölgə üçün hər-hansı dini məzhəbin yayılması bölgənin sabitliyi, təhlükəsizliyi, sülhü üçün yaxşı deyil. Beləliklə şiə məzhəbinin bölgədə yayılması bölgə üçün böyük təhlükədir.”

 

Şiə məzhəbinin bölgə üçün təhlükə olması ifadəsinin Türkiyə baş nazirinin dilindən bəyan edilməsi əksər siyasi ekspertlərin təəccübünə səbəb olub. İslam dünyasının təqribən 25 faizi haqda bu fikiri yürütməyin özü məzhəblərarası qarşıdurmaya yol açan əsas amildir. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da 2016-ın əvvəllərində buna oxşar ifadə ilə yadda qalmışdı. İraqda ərazilərin Haşdu-Şabi vasitəsilə İŞİD-dən alınan bir zamanında Ərdoğan etiraz əlaməti olaraq, “bu nədir! İŞİD çıxır, yerinə şiə girir” bildirmişdi.

 

AKP nümayəndələrinin şiə məzhəbi barədə bu fikirlərinin ötəri qəzəbdən, gərginlikdən və ya ingilis dilini yaxşı bilməməkdən irəli gəldiyini də deyə bilərik. Lakin bu heç nəyi dəyişmir. Türkiyə kimi qardaş ölkənin və regionda güclü bir dövlətin rəsmilərinin dilindən çıxan bu düşünülməmiş ifadələrin mənfi nəticələri olduqca böyükdür. O qədər böyükdür ki, 2 il ard-arda mültkulturalizm və islam həmrəyliyi ilinin elan edildiyi, islam ölkələri arasında nisbətən birgə yaşam həyat tərzinin olduğu Azərbaycana da olduqca mənfi təsiri olacaq.

 

Binəli Yıldırımın qeyd edilən sözü son illərdə şiəlik barədə deyilənlərin ən ağırı və ən təhlükəsi hesab edilir. Hətta sionist rejimi rəsmiləri belə bu ifadələrə yol vermirlər. Bu məqamda sionist rejimin baş naziri Benyamin Netenyahunun cari ilin yayında şiəlik barədə işlətdiyi bir ifadə yada düşür. 

 

Benyamin Netenyahu bölgədəki ərəb ölkələrini İrana, Hizbullaha və HƏMAS-a qarşı səsləyəndə Türkiyə baş nazirindən daha yumşaq ifadə işlətmişdi. O bildirmişdi ki, biz ərəblərlə və sünni liderləri ilə bir olub siyasi şiəliyə qarşı olmalıyıq.

 

İsrailin Müdafiə Naziri Aviqdor Liberman da ötən həftə Colan Yüksəkliklərində Hizbullaha məxsus bir pilotsuz təyyarənin vurulduğu zaman öz rəsmi twitter səhifəsində yazmışdı:

 

“Biz icazə vermədik ki, şiə xəttinin qanadı buralarda ön cəbhə salsın”

 

Göründüyü kimi İsrail rəsmiləri belə şiəlik ifadəsini işlədəndə “siyasi” və “hərbi” qeydlərini işlədirlər.

 

Məhz buna görə əksər ekspertlər Binəli Yıldırımın son ifadəsindən təəccübləndiklərini qeyd edirlər.

 

Bu məqamda son 10 ildə ərzində şiənin siyasi və dini liderlərinin sünnilik barədə, sünni elitası haqda işlətdiyi ifadələri də diqqət mərkəzində saxlayıb, müqayisə aparmaq lazımdır. Bu mərhələdə İraqın və islam dünyasının ən tanınmış müctəhidlərindən olan Ayətullah Sistanin “sünnilər bizim təkcə qardaşımız deyil, öz canımızdır” ifadəsi və ya Ayətullah Xameneinin “sünnilər bizim qardaşlarımızdır, onların dini rəmzlərini söyüb, təhqir etmək haramdır” kimi fətvaları şiə məzhəbinin sünni məzhəbinə olan müasir baxışını formalaşdırır. Həmçinin son illərdə İranda, İraq, Suriya və digər ölkələrdəki tanınmış müctəhidlərin dilindən “sünnilik düşmən məzhəbdir və ya təhlükədir” deyə bir ifadə ilə üzləşməmişik ki, heç, əksinə qardaşlığa, birliyə, dözümlülüyə, birgə yaşama dəvət edən çağırışlar eşitmişik. Buna görə hər hansı bir məzhəbi təhlükə hesab etməyin özü islam ümmətinin əleyhinə işlənəcək təhlükəli addımdır.

 

Asanlıqla əldə edilir ki, bir dini lider birgə yaşama, dözümlülüyə və birliyə çağırdığı halda, siyasətçinin digər tərəfi təhlükə hesab etməsi bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına sü tökmək hesab edilməlidir.

 

Həqiqətən də şiə təhlükədirmi?, sualına hazırda İraq, Fələstin və sair ölkələrdə baş verən cərəyanları nəzərə alaraq cavablandırmaq olar.

 

Hər kəsə gün kimi aydındır ki, “təhlükə” hesab edilən şiə ideologiyası fələstinlilərin və müsəlmanların ikinci qibləsi olan Qüdsün hüquqlarını qorumaqda digərlərindən öndə gedir. 

 

Hər kəsə gün kimi aydındır ki, illərdir milyonlarla müsəlmanın qanına susamış sionist rejimi və onun qeyri-qanuni atası olan ABŞ özünə əsas düşmən kimi İranı, Hizbullahı və HƏMAS-ı seçib.

 

Hər kəsə gün kimi aydındır ki, əsasən şiə könüllüləridir ki, islam dünyası və bəşəriyyət üçün öldürücü virus hesab edilən İŞİD-ə qarşı amansız mübarizə aparır.

 

Həmçinin Binəli Yıldırıma bu da naməlum deyil ki, ABŞ-ın bölgə üzrə əsas planı olan Kürd dövləti projesinin qarşısını alan da məhz onun şiə adlandırdığı Haşdu-Şabi qüvvələri oldu.

 

Qeyd etmək lazımdir ki, İŞİD kimi virus artıq İraq və Suriyadan təmizlənir. Bununla yanaşı Binəli Yıldırımın şiə adlandırdığı Haşdu-Şabi könüllü dəstələri təkcə İraq deyil, Türkiyə üçün də açılmaz düyün olan Kərkük problemini rekord müddəti ərzində (2 gün) həll etdilər. İraqda sabitlik yerinə qayıtmağa, Suriyada atəşkəslər icra edilməyə başladı. İraqda təhlükəsizlik o qədər təmin edildi ki Ərbəin günündə 13 milyon zəvvar heç bir terror aktı olmadan ziyarətə gedə bildilər və tarixin ən böyük izdihamına imza atdılar.

 

Belə bir zamanda Binəli Yıldırımın “şiəliyin yayılması təhlükədir” ifadəsini eşidən müsəlman nəyi düşünə bilər?!

 

"İslaminSesi Siyasi Analitik Şöbəsi"

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system