HAVA PROQNOZU:

İSLAM

Oxundu: 6527
Şeyx Sərdar Hacıhənəsli son sözü ilə hakim və dövlət ittihamçısını “məhv etdi”

Şeyx Sərdar Hacıhənəsli son sözü ilə hakim və dövlət ittihamçısını “məhv etdi”

Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənliyə Masallı rayon məhkəməsində hökm oxunub

 Prosesə sədrlik edən hakim, Şeyx Sərdar Hacıhəsənlini 3 il müddətinə azadlıqdan məhrum edib. İslaminSesi xəbər verir ki, məhkəmə prosesinin sonunda Şeyx Sərdar Hacıhəsənli son söz deyib. O, bildirib ki,  Masallı rayonunda hazırda prosesin keçirildiyi məhkəmə binası, tikildiyi vaxtdan bu günə qədər minlərlə insanın son söz dediyi yer olub: “Məhkəmə salonunda Rəbbimin xidmətçisi, məsləyimin sözçüsü olaraq hakim qarşısında dayanıramsa, demək bunu mənə Rəbbim layiq görüb.  Mən hər hansı bir cinayətə görə yox, onun xidmətində olduğum üçün burdayam. Bu qiymətə görə Rəbbimə təşəkkür edirəm”.

Daha sonra Şeyx Sərdar məhkəməyə təşrif buyuran insanlara, əqidə yoldaşlarına, din qardaşlarına müraciət edib: “Məhkəmədə iştirak edən insanlara təşəkkürümü bildirirəm. Bütün bölgələrdən bu məhkəmə prosesinə təşrif buyurublar. Bu qardaşlıq alqışlanmalıdır. Din qardaşlarım məni ilk günlərdən məhkəmə salonunda tək qoymadılar. Həmrəylik nümayiş etdirdilər. Bununla da öz daxili inanclarını ortaya qoydular. Bu səbəbdən mən hər kəsə təşəkkürümü bildirirəm”.  


Sözüm həm də bütün qohumlarıma, xüsusən gözəl anamadır: “ Heç vaxt mənə görə göz yaşı tökmə. İmam Hüseyn (ə) öz bacısına dedi: “Heç vaxt elə sözlər işlətmə ki, bizim savabımızı azaltsın”. Masallı rayonunda, ümumiyyətlə dünyada minlərlə insan həbs olunur. Bir nəfər də din uğrunda həbs edilsin. Mənə görə narahat olmayın”.

Daha sonra Şeyx Sərdar öz vəkillərinə müraciət edərək , bu işin Azərbaycanda çox çətin olduğunu vurğulayıb. Hüquqlarını müdafiə edən vəkillərə təşəkkürünü bildirib. Ardınca prokurora üzünü tutaraq çıxışını davam edib: “

Dindirilmiş şahidlərin şəxsiyyəti hər kəsə aydındır. Proses yeni-yeni başlayanda cənab prokuror tez-tez “cinayət” sözündən istifadə edirdi. Sonralar bu sözü azaltdı.  Prokurora bir tövsiyyə etmək istəyirəm. Əgər bu tövsiyyəyə qulaq asarsa, o zaman həyatı bərəkətli olar. Prokuror “cinayət” sözündən çox danışanda ona dedim ki, bir az bəndəçilik məharəti ilə yanaşı bəndəçilik mədəniyyəti ilə tanış olsun. Allah müqəddəs Qurani Kərimdə namazı ibadət buyurursa, özündə cürət tapıb onu cinayət adlandırmaq olmaz. Buna cürət etmək lazım deyil. Mənim cinayətimə gəldikdə!  Mən nə etmişəm? – Cümə namazı qılmışam. Mən din xadimiyəm, işim ibadətdir. Buna görə də heç vaxt peşman olmamışam.

“Cənab prokuror mənə 4 illik həbs cəzası istəyəndə, ürəyimin necə reaksiya verəcəyinə baxdım və gördüm ki, həmd olsun Allaha ki, çox yüksək formada qarşıladım. Zənnimcə hətta 40 il də istəsəydi də eyni vəziyyət olacaqdı. Ona görə ki, Rəbbimin və vicdanımın qarşısında çox rahatam. Gərək cənab prokuror özünü mənə uyğun tənzimləsin. Görəsən o necə 4 ili istəyəndə öz vicdanı qarşısında rahat oldumu?”

Hakimə deyəcəklərim...

“Əziz İslam peyğəmbərinin(s) ən əziz və dəyərli tələbəsi olan Həzrəti İmam Əli(ə)-ın hakimlər haqqında çox maraqlı və mühüm göstərişləri vardır. O, Həzrət buyurub ki, əgər hakiminin oturduğu yerə gün düşürsə və ya çəkməsi ayağını sıxırsa onun məhkəmə aparmaq ixtiyarı yoxdur. Səbəbi isə təbiətin və fiziki təzyiqin basqısı altında obyektiv qərar vermənin çətinliyi ilə bağlıdır.  Cənab prokuror əvvəlki proseslərdə söyləyirdi ki, sizin səbrinizə heyrandır və qibtə edir. Sizin nəyinki səbrinizə, hətta stulunuz belə valehedicidir. Səbəbi isə o kürsüdə oturan insanların ətrafında baş verən proseslərə laqeyd qalma hüququnun olmamasıdır. Çünki buna, o kürsünün məsuliyyəti imkan vermir. Burada şahidlik edənlərin hər birinin yalan danışması sizin üçün gün kimi aydın idi. Lakin siz bütün yalançı şahidlərin ifadələrinin heç birini rədd eləmədiz. Hətta mümkün idi, bir nəfər şahidin ifadəsini qəbul etməməklə qismən də olsa obyektivliyinizi qoruya bilərdiniz ki, onu da etmədiz. “

Məhkəmədən gözləntilərim:

“Heç kim nigaran olmasın. Hər şeyin burada yalan olduğu göz qabağındadır. Qurani-Kərimdə Həzrəti Yusiflə(ə) Zuleyxanın məlum hadisəsini çox adam eşidib. Həmin hadisədə Həzrəti Yusifin paklığına və günahsızlığına bir balaca  körpə uşaq şahidlik etdi və Allah onun dili ilə bildirdi ki, əgər Yusifin köynəyi qarşıdan cırılıbsa Həzrəti Yusif, arxadan cırılıbsa Zuleyxa günahkardır. Hamı üçün də gün kimi aydın oldu ki, Züleyxa günahkardır. Lakin həmin mühakimənin sonunda Züleyxa saraya, Yusif isə zindana getdi. İslami dini yaranandan indiyə qədər həm digər yerlərdə, həm də ki, Azərbaycanda zaman-zaman islami-cameənin sıxıntıları olub. Biz heç vaxt həmin sıxıntılardan narahat olmamışıq və bunun müqabilində qəribəliklər görüb yaşamışıq. Mən bu günün ruhanisi deyiləm, vaxtı ilə çoxları Şaumuyanın heykəlinin ətəyində tost, deyəndə mən Həzrəti Məhəmmədə(s) salavat demişəm. Yenə də heç bir sıxıntımız yoxdur. Son sözümü neçə il bundan öncə dostlarımızdan birinin məni müstəqllik günü ilə bağlı təbrik edərkən ona verdiyim cavabla tamamlamaq istəyirəm.

Mənə təbrik demə müstəqillik günü
Mən yazıq müstəqil olmamışam ki,


Özgələr yeyərdi neftin gəlirin
İndi özüm yeyib doymamışam ki,


Tapdardı dinini hər keçən dığa,
İndi gözüm üstə qoymamışam ki,


Sürgünə gedərdi xalqının oğlu,
Ona indi sahib çıxmamışam ki,


Ədalət adında bir arzum vardır,
Hələ də mən ona çatmamışam ki,


Yuxuda görmüşdüm müstəqilliyi,
Sən demə mən hələ yatmamışam ki. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system