NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Sevgisizlik sindromu – Dünyanı çirkinləşdirən rəzilliklərin qaynağı

Oxundu: 442
Sevgisizlik sindromu – Dünyanı çirkinləşdirən rəzilliklərin qaynağı

Təkcə öz nəfsini, rahatlığını, sağlamlığını, sevincini düşünən insan tədricən biganə və soyuq qəlbli buz parçasına çevrilir.

 

Dostoyevski, “dünyanı məhəbbət xilas edəcək” deyirdi, Cavid isə gözəllik və sevgini özünün tanrısı adlandırırdı. Təəssüf ki, çoxları eşitdiklərini müstəqim mənada qəbul edərək bu barədə düşünməyə, deyilənləri məntiq süzgəcindən keçirməyə çalışmır. Halbuki hər iki dahinin oxşar fikirləri arxasında həqiqətən də daha dərin mənaların olduğu yəqindir. Bəzən “sevgi nə vaxt dünyanı xilas edib” kimi bəsit sualların, yanaşmaların da şahidi oluruq və məlum olur ki, sevgi-məhəbbət dedikdə, onlar sadəcə qadın-kişi münasibətlərini nəzərdə tuturlar. Halbiki burda, sadə dillə desək, insanın insana, bütün canlılara, təbii gözəlliklərə yanaşması nəzərdə tutulur.

 

İnsan Yaradanın elə bir kamil kəsfidir ki, bütün yaradılmışların fövqündə dayanır. Nədir onu möhtəşəm və fərqli edən? İnsanın azadlıq eşqi və yaranmışlara sevgisi- qayğısı. Bəs dünyanın əşrəfi sayılan insanı şərəfsizlik girdabına sürükləyən səbəblər hansıdır? Nəyə görə yaranmışların ən möhtəşəmi olan insanın qəzəbi, nifrəti, biganəliyi ucbatından həyat getdikcə zülmət kimi acı və mənasız olur, həyatlar ucuzlaşır, öldürmək su içmək kimi asanlaşır?

 

Bütün dərdlərin-problemlərin ilkin səbəbini araşdırdıqda qarşımıza sevgisizlik və ya sevgi qıtlığı çıxır. Demək olar ki, dünyanı çirkinləşdirən bütün rəzilliklər məhz sevgisizlik sindromundan yaranır. İnsanın öz iç dünyasında yaradaraq sonra nəfsinə qurban verib öldürdüyü sevginin yerində yaranan qəddarlıq keçici xəstəlik kimi sürətlə bütün dünyaya yayılır. İnsanları pozitiv təbəssümdən, xeyirxah əməllərdən məhrum edir. Sevgini məhv edən amillərin önündə isə EQO dayanır.
İnsanın yalnız ozünü sevməsi və başqalarına nifrətlə yanaşması dünyanın xilasına imkan verməyən başlanğıcdı. Təkcə öz nəfsini, rahatlığını, sağlamlığını, sevincini düşünən insan tədricən biganə və soyuq qəlbli buz parçasına çevrilir.

 

Eqoist insanın ətrafındakılara sevgi və şəfqət gözü ilə baxmayıb, “başqaları vecimə deyil, xəstəlikləri, ölümləri, əzab-iztirabları məni narahat etmir, bəla məndən ötsün, kimə dəyirsə dəysin” kimi düşüncələr beynində kök salır. Tək istəyi başqalarından hansısa şəkildə faydalanmaqdır. Qarşısındakı insana ancaq mənfəət əldə etmək gözü ilə baxan eqoistlərin sayı çoxaldıqca, həyatın sevgi ümmanı da qurumağa başlayır, yaşam səmalarındakı bəyaz səadət buludları qaranlığa gömülür, zülmət hər tərəfi qapayır. Buna görə də ağıllı adamlar, fərqli düşüncə və mühakimə sahibləri dünyanı sevginin yaratdığı gözəlliklərin xilas edəcəyinə inanırlar. Bu inamı başqalarına da təlqin edir, onlara ümid verirlər. Bu ümid sonda ölməsin deyə.

Nazilə

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system