NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Şəhid Mübarizin mənə dedikləri…

Şəhid Mübarizin mənə dedikləri…

Bir şəhidin məzarı önündəyəm... Şəhid Mübarizin... Mübarizlik göstərərərk şəhid olan Mübariz...

Öz qanı ilə insanları qəflətdən oyadan və yüzlərlə şəhidə, şəhidlik bayrağını mübarizcəsinə ötürən Mübariz... “Şəhid olanədək, bu şərəfsizlərin üzərinə gedəcəm” deyən və öz sözünü şəhadəti ilə isbatlayan Mübariz...

 

Baxıram o mübarək məzara... Məzarın zahiri daş və torpaq olsa da, həqiqəti isə nurdur nur... Gözümü zilləmişəm şəhid məzarına. İlahi feyz, bərəkət və rəhmətin nazil olduğu bir məzar. Mələklərin gediş-gəliş məkanına çevrilən nurani bir məkan... Bax budur şəhid məzarının həqiqəti...


Fikrə dalıram şəhid məzarı üstə... Əllərimi məzar üstə qoyub, sakit səslə dua edirəm şəhidimizi. Bu ümidlə ki, o da məni dua edə, o da Qiyamət günü ona verilən şəfaət haqqından istifadə edərkən, məni də yad edə...


Baxıram o mübarək məzara... Şəhidlik diləyirəm, şəhid məzarı üstə... Məzar danışır mənlə sanki. Axı məzarlar, qəbirlər insana nəsihət verəndir. (Hədis)


Dedim: Mübariz, sənə bir sirr verimmi?


Dedi: Agaham.


Dedim: Sən şəhid olmayana qədər səni tanımırdım.


Dedi: Allah öz sevimli bəndələrini adi camaatın içində gizlədib.


Dedim: Şəhidliyin bizi üzdü.


Dedi: Siz üzüləsiz deyə yox, ayılasız deyə şəhid oldum.


Dedim: Düşmən tərəfə keçdin deyə az qala səni...


Dedi: Nə zamandan öz torpağımıza “düşmən tərəfi” deyə müraciət edirsiniz?


Dedim: Sənə daha sonra şəhidlik statusu verildi.


Dedi: Şəhidlik status deyil, məqamdır.


Dedim: Sənin bu əməlin bütün dünyaya səs-səda saldı.


Dedi: Dünya ən alçaq yerdir.


Dedim: Ata-ananın gözlərini yaşlı qoydun, buna dəyərdimi?


Dedi: O çətin gündə (Qiyamətdə) onlara şəfaət edib, əllərindən tutub Cənnətə apararam. Buna dəyməzmi?


Dedim: Bəs bizə də şəfaət edərsənmi?


Dedi: Şəfaətə layiq olan, hər kəsə şəfaət şamil olacaq.


Dedim: Bunun üçün nə edək?


Dedi: Namaz, namaz, namaz...


Dedim: Bəs sonra?


Dedi: İnsanlara yaxşılıq edin. Elə yaxşılıq ki, onların islahına və hidayətinə vəsilə olsun.


Dedim: Burada halın necədir?


Dedi: Məzarımız Cənnət bağçalarından bir bağçaya çevrilib.


Dedim: Ziyarətinizə gəlmədikdə darıxırsınızmı?


Dedi: Onlar üçün orada nə qəm və nə də qüssə vardır.


Dedim: Məzarını toz basıb, heç silən də yoxdur. Görünür səni unudublar.


Dedi: Onlar məni yox, əslində özlərini unudublar. Daha dəqiq desəm; “Onlar Allahı unutdular deyə, Allah da onların özlərini özlərinə unutdurdu.” (Qurani-Kərim)

Siz məzarın zahiri tozlarını silin ki, Allah da sizin ruhunuza qonan günah tozlarını silib, sizipak etsin. Ziyarətimizə gəlməklə qazanan sizsiniz.


Dedim: Biz nə qazanırıq?


Dedi: Bizə təvəssül və təbərrük etməyinizi məgər az hesab edirsiniz?


Dedim: Təəssüf ki, məqamınızı dərk edə bilmirik.


Dedi: Hər kəs dərk etdiyi qədər məsuldur.


Dedim: Burada ürəyim rahatlıq tapdı.


Dedi: Axı bura Vadiye rəhmətdir.


Dedim: Vadiye Rəhmət nədir?


Dedi: Rəhmət Vadisi. Allahın rəhmət və bərəkəti buraya nazil olur.


Dedim: O rəhmət və bərəkətdə bizim də payımız var?


Dedi: Bu vadiyə daxil olan hər kəsi bu ilahi rəhmət əhatə edir.


Dedim: Şəhidliyi, mənə vəsf et şəhidim.


Dedi: O vəsf edilməz yaşanar.


Dedim: Sən də məlum olan gündə dünyaya qayıdacaqsanmı?


Dedi: Dünyaya sadəcə bir şeyə görə qayıtmaq istəyirəm.


Dedim: O nədir?

 

Dedi: Allah yolunda yenidən şəhid olmaq.


Dedim: O Xilaskara (ə.f) sizin kimi mübarizlər lazımdır.


Dedi: Təqva baxımından mübariz olun!


Dedim: Onu görürsənmi?


Dedi: Məgər siz görmürsünüz?


Dedim: Artıq getməliyəm şəhidim, sizi yenə tənha qoyuruq.


Dedi: Onların münisi və yoldaşları mələklərdir.


Dedim: Gedirəm.


Dedi: Yenə gəl.


Dedim: Niyə?


Dedi: Özünüzün islahı üçün.


Dedim: Gələrəm.


Dedi: Əhdinizə vəfa edin.

 

İlahiyyatçı yazar - Mahir Şəkərov/ İlahiyyatçı, araşdırmaçı

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system