NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səfər ayı niyə ağır ay hesab olunur?

Oxundu: 783
Səfər ayı niyə ağır ay hesab olunur?

Səfər ayı hicri-qəməri təqviminin ikinci ayıdır. El arasında Səfər ayına “ağır ay” da deyilir.

 

 

İslaminSesi -Bu ay niyə "Səfər" adlanıb?

Bu ayın Səfər adlanması barədə əsasən iki versiya önə sürülür:

 

Birinci səbəb kimi bu göstərilir ki, Səfər kəlməsi ərəbcə olan صُفْرَة “Sufrəh” kəlməsindən götürülüb ki, mənası “sarı” deməkdir. Və bu ayın adının qoyulmasının vaxtı payız fəsli olub və ağacların yarpaqları sarı olmuşdur. Qeyd olunan bu məna çox zəif versiyadır.

 

İkinci səbəb kimi isə o göstərilir ki, Səfər kəlməsi صِفْر “Sifr” kəlməsindən götürülüb ki, mənası “boş” deməkdir. Bu ayı ona görə səfər adlandırıblar ki, bu ay Məhərrəm ayından sonra gəlir. Cahiliyyət dövründə insanlar Məhərrəm ayında haram ay olduğu üçün müharibə etməzdilər. Səfər ayı gələndə isə müharibəyə yollanardılar və evləri boş qalardı. Ona görə də bu aya”boş ay” deyərdilər.

Bəzi fikirlərə görə bu ay nəhs bir ay kimi qələmə verilir. Lakin bunun dini əsası yoxdur əksinə həmin günlərdə sədəqə vermək, insanlara əl tutmaq bəyənilir. Allah Rəsulu (s) buyurur: “Bu (Səfər) ayda sən qardaşınla üzləşəndə gülərüz olsan, bu sənin üçün sədəqə sayılar. Bu ayda kimisə pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsən, bu da sədəqədir. Azmışlara yol göstərmək, yol təmizləmək də sədəqə sayılır.”

 

Böyük təfsirçi və filosof Əllamə Təbatəbai yazır: “Əqli cəhətdən filan günün, filan vaxtın nəhs və ya səadətli olduğunu sübut edən dəlil yoxdur. Qurana baxdıqda görürük ki, gün öz-özlüyündə nəhs deyil, hadisələr və biz insanların əməlləri bu mövzünun əsl amilidir.”

 

Şəhid Mütəhhəri də bu mövzunu tənqid edərək deyir: “Təəssüflər olsun ki, bəzi böyük alimlərimiz günlərə aid bəzi yazılar yazmışlar. Bu yazıları nəzərdən keçirib gördük ki, onlar da öz fikirlərincə, camaatı münəccimlərdən döndəriblər; quyudan çıxardıb çalaya salıblar, bəzi sənədsiz sözlər nəql ediblər . Amma bizim bu barədə çox mötəbər olan məlumatlarımızda: “Belə sözlərin arxasınca heç vaxt getməyin” yazılıb. (“Xurafat,” - Seyyid İsmayıl, Şakir Ərdəkani, səh. 65-68)

 

Səfər ayı niyə ağır ay hesab olunur?

1-ci izah: Əvvəla bunu qeyd edək ki, Allah Rəsulu (s) Səfər ayında haqqa qovuşmuşdur. Səfər ayının ağırlığı deyildikdə nəzərdə tutulan mənəvi ağırlıqdır. Məlumdur ki, ayın ağırı və yüngülü olmaz. Biz özümüz də bu mənadan istifadə edirik. Məsələn, filankəs ağır adamdır, filankəs yüngül adamdır. Əlbəttə nəzərdə tutulan ağırlıq və yüngüllükdə məqsəd şəxsin mənəvi aləmi (əxlaqı, rəftarı) ilə əlaqədardır. Qiyamət günü ilə əlaqədar hədislərə müraciət etdikdə əməllərin çəkiləcəyi tərəzidən söz açıldığının şahidi oluruq. Tərəzisi yüngül - yəni savabı az olanın Cəhənnəmə, tərəzisi ağır gələnin – yəni savabı çox olanın Cənnətə gedəcəyi qeyd olunur. Görəsən həqiqətən, həqiqəti nur olan əməllərimizi – namazı, orucu və sairə maddi tərəzi ilə çəkilə bilərmi? Bu ayrı bir mövzunun müzakirəsidir. Ancaq bu qədərini bilək ki, tərəzisi yüngül olanlar elə dünyada ikən ilahi əmr və qadağanlara yüngül yanaşanlardır. Daha açıq ifadə ilə qeyd etmək istəsək belə deyə bilərik: “Həmin adamın özü yüngül adamdır.” Diqqət edin, söhbət yenə mənəvi yüngüllükdən gedir.

Qiyamətdə tərəzisi ən ağır şəxs kim olacaq? Yəni, ilahi əmrlərə kim daha çox diqqət edib, daha çox riyaət edib? Cavab bəllidir. Ən şərəfli varlıq Muhəmmədul-Mustafa (s). Deməli ən ağır insan da onun özüdür.

 

2-ci izah: Allah Rəsulu buyurur: “Mən və Əli bu ümmətin atasıyıq.” (Mənbələr: Şeyx İbrahim bin Qunduzi Hənəfi, “Yənaibul-Məvəddət zəvil qurba” c. 4, səh. 369. “Biharul-ənvar”, c. 16, səh. 95, hədis 29; “Uyunur-Əxbarur-Rza (ə),” c. 2, səh 86; “İləluş-şəraye” c. 1, səh. 128)

Hədisə əsasən, Allah Rəsulu (s) bu ümmətin mənəvi atası hesab olunur.

Bir insana baş verən ən ağır itki valideyn itkisidir. Valideynin ölümü hər insana ağır gəlir. “Filankəsə ağır itki üz verdi” deyiləndə məqsəd yenə ona üz vermiş mənəvi itkidir.

Qurana əsasən Peyğəmbər (s) bizə, bizim özümüzdən daha çox ixtiyar sahibidir. (Bax: “Əhzab” surəsi, 6)

İnsanın öz valideyni dünyasını dəyişəndə insan necə kədərlənirsə və bu ayrılıq ona necə ağır gəlirsə, Peyğəmbərin (s) vəfatı və ayrılığı da bu qəbildəndir. Bu ümmət ən yaxşı atanı Allah Rəsulunu (s) məhz Səfər ayında əldən verib. Yuxarıda qeyd etdiyimiz izahda deyildiyi kimi ən ağır şəxs cismən bu ayda bizdən ayrılıb. Ümməti üçün sözün əsl mənasında atalıq edən bu uca şəxsiyyəti əldən vermək hər bi müsəlmana çox ağırdır.

“Sizin özünüzdən sizə bir peyğəmbər göndərdik ki, əziyyətə düşməyiniz ona çox ağır gəlir. Sizə çox (hidayət olmağınız üçün) hərisdir möminlərlə şəfqətli və mehribandır.” (“Tövbə” surəsi, 128)

Deməli, məlum oldu ki, Səfər ayının ağırlığı deyildikdə bu ayda ümmətə üz vermiş ən böyük müsibətə görədir. Peyğəmbərini (s) əldən verən bir ümmət ona üzülüb kədərlənirsə və bu günlərdə öz şadlıq məclislərindən imtina edirsə bu onların ən təbii haqqıdır.

 

Səfər ayında bir çox mühüm hadisələr olmuşdur ki bəzilərinə işarə edirik:

Səfər ayının 1-i: Siffeyn döyüşünün başlaması.

Səfər ayının 1-i: İmam Hüseynin (ə) Əhli-beytinin(ə) əsir kimi Şama daxil olması.

Səfər ayının 8-i: Peyğəmbərimizin(s) məşhur səhabəsi Səlman Farsının vəfatı.

Səfər ayının 9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.

Səfər ayının 17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.

Səfər ayının 20-si: İmam Hüseynin(ə) şəhadətinin “Ərbəin”(40 mərasimi) günü.

Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin (s) vəfatı, İmam Həsənin (ə) şəhadəti.

 

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system