NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 809

"Ruhsuz qələm adamı məhvə məhkumdur" - Zahid Sarıtorpaq “Söz İşığı”nda

"Talantlı adamlar var. Ancaq aludəçilik o qədər çoxdur ki, əksəriyyəti seçilə bilmir. Fikrimcə, bu günün problemi budur. Sosial şəbəkə ədəbiyyatında müştəbehlik var. Siz bir fikir versəniz görərsiniz ki, səviyyəsiz bir statusa 200-250 adam “like” yağdırır".

Müəyyən müddətdir ki, İslaminSesi saytında "Söz İşığı" layihəsi reallaşdırılır."Söz İşığı"nda  bu dəfəki qonağımız tanınmış şair, yazar və illərdi Azərbaycan ədəbiyyatına dəyərli əsərlərn tərcüməsini qazandırmış Zahid Sarıtorpaqdır. 

 

 

 Səliqəli bir iş rejiminə malikəm. İllərdi 4-5 saat yuxu yatıram. Səhər iş yerimə hər kəsdən öncə gəlirəm və bir çox yazılarımı və tərcümələrimi rahat işləyə bilirəm. Bu uzun illərin vərdişidir.

 

Mənim Tərcümə mərkəzində  60 illiyim keçirildi. İndidə də inanmağım  gəlmir, ilahı zaman necə də tez keçir. Böyük bir gül dəstəsi və nəfis cildli Quran hədiyyə etdilər. İnsana bundan dəyərli nə bağışlaya bilərlər ki...Bəzən insanlar məni tam dindar olaraq qəbul edirlər. Bu mənə zövq verir. Ola bilsin bədii mətnlərdə mən bunu ifadə edirəm. Ya da hansısa klassik mətnlərin təsiri ilə yazıram. Amma bilmirlər ki, mən Allaha dinlə məşğul olan hansısa adamdan daha yaxınam. Mənim inancım və Allaha yaxınlığım görüntü xatirinə dinlə məğul olanlardan qat-qat çoxdur. Bilirəm ki, bu sahəyə fikir ayırsam, onunla məşğul olsam mənim üçün daim münbit, açılmamış bir dünya var. İstənilən adam o dünyaya , o sahəyə baş vura bilər. Ancaq məqsəd təmiz olmalıdır.

-Tanrı axtarışı olub?

-Mən heç vaxt Tanrı axtarışına çıxmamışam. Çünki o daim mənimlə olub. Mənimki sözdür. Allahın sözdən böyük neməti yoxdur. Bir tək mənim üçün yox, bəşəriyyət üçün bundan böyük nemət yoxdur. Sözə nə cür dəyər versən,  yenə gedib o dəyərə layiq olan deyil. O dəyərdən qat-qat yüksəkdə dayanır. Söz özü elə böyük qüdrətdir ki, onu yaradan da, mənimsəyən də, onu dilə gətirən də, yazıya alan da onun önündə Yaradan qədər məsuliyyət daşıya bilmir. Ona görə özünü zəif hesab edir. Bunu dərk edən adam, yəni sözün məsuliyyətini dərk edən adam yazısının –pozusunun da qədrini bilir. Mənim SÖZ haqqında bir şeirim də var

 

Can söz

 

de

gün batdığı yerdəncə qəfil doğanda

üstümüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləndə

iki bulaq qaynaya-qaynaya quruyanda

budaqları altından çaylar axan

ağaclarımız yaşıl-yaşıl solanda

iki rükət sübh duası qaranlığa dirənəndə

qanadlarımızın işığa çıxan kimi əriyib töküldüyü yerdə

üzü üstə çevrilən dəniz

yun kimi didilən dağlar boşluqlara töküləndə

dərdinə doğranan aşiq

eşqinə qəltan olub da sönəndə

içimizdən kimsə Söz tapacaqmı ola

Baş Suala

 

de

quş kimi uçacaqmı Sözlər könlümüzün göyündə

Sözlər quşlara quşlar Sözlərə çırpılaraq

lələklərini  tökə-tökə

hara enəcəklər pünhan-pünhan

 

de

quşlar qeybin müridləri

Sözsə Sözdür

        

əvvəl-axır

şan arıya qalmaz aparılar  de

can aşiqə qalmaz tapşırılar  de

göy qübbəsi də quşlara qalmaz

quşlar sonu yerdə tapar

 

de

arının ölümü güldə dilənər eşq üzündən

aşiqin ölümü eşqdə dilənər gül üzündən 

Arı da Aşiq  də Quşlar da Gül də

bir Canın çəmbərində süslənər

hər şey  beləcə alar qiymətini

bircə

mataha minən Söz olmaz bu Can Bazarında

dodağının çatdağından

qan deyəndə qan sızan Söz

bal deyəndə bal sızan Söz

quşlar qeybin müridləridir deyəndə

udan Söz uduzan Söz

bu Can Bazarında

sənə ayrılan köşk boş qalar Qiyamətəcən

arını gül ömrünə bal kimi ölümlə yazan Söz 

aşiqi ol əmrinə gül kimi omürlə yazan Söz

batil ömrümüzü Candan

dar ağacından asırmış kimi

uf  demədən asan Söz

can-can,

can Söz

 

 

-Allah insana kəlam göndərdi. Bəs siz sözün dünyanı dəyişdirə biləcəynizə inanırsınız?

Sözün funksiyası təkcə insanları və dünyanı dəyişdirmək deyil. Sözün ən əhəmiyyətli funksiyası dünyanı insanlara işıqlandırmaqdır. Yəni dəyişməkdən daha çox insanın içinə ziya salmaqdır. Əgər insanın içinə işıq düşərsə, o ziyalılaşarsa özünü tanıyar. Özünü tanıyan insan mütləq öz dünyasını dəyişər. İnsan birinci növbədə özünə dəyər verməlidir. Danışdığı, dinlədiyi sözə dəyər verməlidir. Ondan sonra əlinə qələm almalıdır. Birinci növbədə budur. Quran ayələrinin birində deyilir: “Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)” Yəni insanın ruhu gedə bilər, amma o yenə Yerə bağlıdır.  Bunu necə izah edim bilmirəm, yəni insan böyük metafizik anlamdı. Onun içində sən sözü də yerinə qoya bilirsən, insanı da. Yəni insan ruhuna bağlı olmalıdır. Düzdür, ruh qəliz məsələdir. Yeri gələndə izahı da yoxdur. Amma bu məsələlərə əhəmiyyət vermək lazımdır. Xüsusilə qələm adamları diqqətli olmalıdırlar. Qələm adamı ruhsuz oldusa məhv olub gedəcək.

Hər gün gözümün yığdığı

Hər gün dilimdənmi gəlir?

Dərviş ruhum hər dönəndə

Həsrət elindəmi gəlir?

Yol yorandı, yola  az bax!

Bir yazıymış yolsuz azmaq

Hər yazını silib-pozmaq

mənim əlimdənmi gəlir?

Haqq deyən Haqqa yetdimi?

Ahı göylərdə itdimi?

Gedən ömürdən getdimi?

Gələn ölümdənmi gəlir?...

   Əlbəttə yox, gələn hamısı Allahdan gəlir. Ona qovuşmaqdan ötrü bizə nə qədər nemətlər verib... Sadəcə olaraq insanlar  cahilliklərinin ucbatından bu gözəlliklərə o qədər primitiv format veriblər ki, Allaha qovuşa bilmirlər.

 

-Dərvişlər və yazarlar. Yazarın maddiləşməsi onu mistik dünyadan qoparda bilərmi?

Yazarın maddiləşməsini mən qəbul edə bilmirəm. Son yazdığım 5 romanım metafizik və mistik dünya ilə bağlıdır. İçindəki təfəkkür astral təfəkkürdür. Mənim aləmimdə yazarın maddi dünyada heç biri işi yoxdur. Yazar elə metafizik və mistik dünyanın sakinidir.

 

-Məsələn, Stiven Kinqi misal göstərirlər. Müasir dünyanın və kapitalizmin tələbləri fonunda yazar necə maddiləşməyə bilər?

-Hərə öz dövrünün dəyərlərindən çıxış edir. Amma bizim bu günkü dünyamız mobil dünyadır. Hər şey o qədər mobil və yığcamdır ki, burada manipulyasiyadan söhbət gedə bilməz. Ancaq öz daxili dünyanı və mistik aləmini qorumağa məcbursan. Yoxsa bu sahədə 50 cür “xaltura” edən var. Bu adamların sənətə, ədəbiyyata dəxli yoxdur. Adlarını çəkməyəcəm, amma üzdən gedən insanlardır.

 

-Quşların ən ürkəyi İsgəndərin buynuzu arasına  çöp daşımaq cəsarətini haradan alırdı?

O cəsarət həmişə olub. İlk şeirlərimdən üzü bəri. Bu məndən asılı bir hal deyil. O həqiqətin, Allahın insana verdiyi cəsarətin, bəsirətin nəticəsidir. Narahat olmağa dəyməz. O çöp həmişə daşınacaq.

 

-Sözü şair öldürə bilər?

Şair sözün cəngəlliyində ölməyənə qədər  onun kim olduğu bilinməz. Hz. Əlinin bir sözü var. Deyir ki, mən dünyanı dərk edəndə gördüm ki, özüm ölmüşəm. Bundan böyük söz var?! Yəni dünyanı, sözü dərk edən adam sağ qala bilərmi? Şair sözün cəngəlliyində çoxdan ölüb ki, elə ifadə edə bilir. Söz şairi öldürə bilər. Şair isə sözü dirildər.

 

Bunu da oxu:  “Sözü maddi dünyaya nərdivan edənlər həmişə uduzub” –Orxan Fikrətoğlu “Söz İşığı”nda

 

-Güllələnmiş şair yoxsa mükafatlandırılmış?

Nə o, nə də o biri. Şükür Allaha bu günə kimi heç bir mükafatım olmayıb. Ancaq güllə çox dəyib.

 

-Bilməyib və blmədiyinin fərqində olmayanlarla yaşamaq və eyni cəmiyyəti paylaşmaq necə bir hissdir?

Şükürlər olsun ki, elə insanlarla çox bağlı deyiləm. Cahil insanlar ətrafımda yoxdur. Dostlarım da azdır. Amma düşmən hər addımda var. Paxıllıq insanları məhv edir. Üzümə qarşı “Sən nə xoşbəxtsən!” deyənlər var. Amma arxada insanı qaralamaq, çamur atmaq üçün nə qədər oyunlardan çıxırlar. Bütün bunlar keçərli deyil onsuz da. Allah hər kəsin öz məqamında qismətini verir.  İnsanlar həssas olmalıdır. İnsan ailəyə, cəmiyyətə dostlarına qarşı çox həssas olmalıdır. Yazar kənara çəkilib  özünü cəmiyyətdən ayıra bilər. Bunu anlamaq olar. Mətnin  və yazının xatırınə bunu edə bilər. Siyasət, cəmiyyət mənlik deyil deyə bilər. Amma özünü yazısından, taleyindən tamamilə təcrid edə bilməz

 

 

-Müasir texnologiya hazırda kitabı sıxışdırmaqla məşğuldur.  Texnologiya ədəbiyyatı kağız formatından çıxara bilər?

-Bilirsiniz, dünyanın inkişafının öz tələbləri var. Salman Mümtaz Mirzə Ələkbər Sabirdən müsahibə almışdı. Bu Sabirin ömründə verdiyi ilk müsahibə idi. O da çox dahiyanə bir müsahibə olub. Həmin müsahibədə Sabir təxminən belə deyir ki, bizim şeirimiz 1300 ildir ərəb əruzunun inhisarındaır. Ancaq vaxt gələcək bu inhisar dağılacaq. Onda Salman Mümtaz soruşur ki, siz bunu bilə-bilə bəs yenə niyə əruzda yazırsınız? Onda deyir ki, yox, hələ vaxtı gəlməyib. O vaxt, o məqam yetişəcək. Bizdən sonra gələn nəsillər onu məhv edəcək. Hətta orada muğama da işarə vurur. Deyir ki, muğam  sənəti də bizi işğal edib. Amma onun işğalı hələ uzun çəkəcək.Buracan deyib. Adam dahi olub. Gələcəyi necə də görüb. Həqiqətən də ondan 50-60 il sonra əruz çökdü. Heca vəzni və sərbəst şeir öz taxtını qurdu. Siz sualın cavabı da orada yatır. Biz nə qədər kitab oxumağın estetikasından bəhs etsək də, insanlar artıq texnologiyanın əsirinə çevriliblər. Bu gün köşklərdən 40 qəpik verib saqqız alan şəxs həmin pulu verib qəzet almır. Çünki internet saytlarında özünə lazım olanı tapır.  Amma başqa bir tendensiya da müşahidə olunur. Hazırda Rusiyada, Türkiyədə kitab bumu yaşanır. Mən Moskvada tələbəlik illərində metroya girəndə heyran qalırdım. Sanki qatarda deyildim, Lenin adına oxu zalına girirdim. Yenə bu ənənə həmin ölkələrdə davam edir, yazılanlara, deyilənlərə görə kitaba sevgi yenidən boy göstərir.

 

-Əsərlərinizdən bəhs etsək...

Mənim “Kül” romanım var. Orada bir insanın 16 il komada qalmasından bəhs olunur. Orada mübahisələr var. Mübahisələrin içində elementar bir detal var. Əsərin əsas obrazı Tağı komada olanda Daun adında bir nəfər bunları cərgəyə düzür. Bilirsiniz yəqin ki, Daun məşhur alimdir. Kəşf etdiyi sindroma adı verilmiş şəxsdir. İnsanın 23 cüt xromosomu var. 21-ci xromosom cütündə anomaliya olanda o insan şizofrenik olur. Orada o uzun müddət suda boğulmuş vəziyyətdə qalmış milçəyin üstünə kül tökməklə dirildir və oraya toplanmış dünyanın hər millətindən olan insan kütləsinə  deyir ki, bax bu milçək kimi sizin ölünüz də, diriniz də komadadır. Təpənizə kül olmayana qədər ayılmayacaqsınız. 21-ci əsr bəşəriyyətin 21-ci xromosomudur. Bu da bəşəriyyətin anomaliyası olan əsdir. Sizin başınıza elə oyunlar gələcək ki, artıq özünüz bilərsiniz. Həmin roman həmin məsələrin üzərində qurulub.

“Dərdin sarı çəpkəni” və “Qarğa marşrutu” isə tamamilə başqa aspektdə, amma yenə də çox sevdiyim magik realizm üslubunda yazılıb.

 

 

-Sizin şeirlərnizdə sanki sözlərdən şəbəkə qurulur. Hər bir kəlmənin digər kəlmə ilə sintezi və bağı o qədər gözəl işlənib ki. Eyni ilə sizin nəsrinizdə elə sözlər var ki, onu oxuyarkən Azərbaycan dilini, o unudulmuş sözlərin ətrini,nəfəsini hiss etmək mümkündür.

–  Məni nəsrdə arxaik sözlərin istifadəsində qınayırlar. Deyirəm ki, mən anamdan eşitdiyim dildə yazıram. Qarşıma qəhrəman , ideal insan obrazı yaratmaq məqsədi qoymamışam. Mənim yazım mənim azadlığımdır. Son romanım bu ilin fevralında Azərbaycan jurnalının ikinci nömrəsində çap olundu. "Quşların intiharına ağlamayın” Bir qadının yaşantılarından bəhs olunur. Bu roman haqqında sizə iki mistik nüans deyəcəm. Deməli, Şamaxıdan Bakıya gedən yolun 12-ci kilometrində yolun kənarları boyunca taxıl zəmiləri uzanır. Bu taxıl zəmilərində yaşayan quşlar  yola çıxaraq qəfil özlərini avtomobil şüşlərinə çırparaq intihar edərlər. Elə orada onları yol qırağında qarğıdalı satan uşaqlar götürür, boğazlarını üzərək ya yeyirlər , ya da satırlar. Keçən il Səməd Vurgun parkında Əlisəmid Kürü gözləyirdim. Elə o anda Mövlud gəldi. Bir az söhbət edəndən sonra  qalxıb bir yerdə yeməyə getdik. Orada  çöx söhbət oldu. Qəfil Mövlud məndən son zamanlar nə yazdığmı soruşdu. Ona “Quşların intiharına İnanmayın!” adlı roman yazdığımı dedim. Dedi ki, göndərin bir parça qoyaq sayta. Nə isə aralandıq. Səhərisi mən mətni göndərdim, bir gün sonra mətn sayta qoyuldu. Aradan bir gün də keçdi, eşitdim ki, Mövlud özü intihar edib. Dəhşətə gəldim! İkinci nüans isə keçən ilin dekabrında oldu. Mən romanı bitirdim və üçüncü mərtəbədə eyni otaqda  oturğuğum Əlisəmid Kürə bunu dedim. Ağzımdan elə “romanı bitirdim” sözü çıxmışdı ki, pəncərəyə nəsə guppultu ilə çırpıldı. Qaçıb pəncərəyə yaxınlaşdım. Gördüm ki, mühafizəçi yerdən boz rəngli bir quşu qaldırır. Sən demə bir qumru öznü pəncərəyə çırpıb inthar edib.

 

 

Bunu da oxu: “Ən böyük demokrat Allahdır” – Səlim Babullaoğlu “İslaminSesi”nin “Söz İşığı”nda

 

-Sizin yazıları daim izləyirəm. Amma “Toz” essesi haqqında  gənc yazar Amin Sükut  mənə bəhs etdi. Ondan sonra bu dəyərli incini kəşf etdim. Bu esse barədə istərdim danışasız.

O yazını qəfil və düşünmədən yazaraq sona yetirdim. Bir nəfərə deyiləsi sözümü onunla ifadə etdim. Yazı bir cümlədən ibarətdir. Həmin cümlə 10 min işarədir, özü də  bir dənə də olsun “ki”, “və” bağlayıcısından istifadə etməmişəm. İnsanın öz “mən” obrazına bu qədər özünü qapdırması  və iflasa sürüklənməsini ifadə etmək istəmişəm. Həmişə eqoya bu qədər düşkünlüyü qüsur tuturam.  Bunu bir şeirimdə də yazmışam: deyirəm ki, o qədər “mən”  “mən” deyəcəksiniz ki, axırda o sözün sonuncu hərfini tələffüz edə bilməyəcəksiniz. Ya da onu tərsdən tələffüz edərək  körpə uşağa dönəcəksiniz.

 

 -Sosial şəbəkə ədəbiyyatı yaranır. Buna münasibətiniz necədir?

Talantlı adamlar var. Ancaq aludəçilik o qədər çoxdur ki, əksriyyəti seçilə bilmir. Fikrimcə, bu günün problemi budur. Sosial şəbəkə ədəbiyyatında müştəbehlik var. Siz bir fikir versəniz görərsiniz ki,  səviyyəsiz bir statusa  200-250 adam “like” yağdırır.  Elə bu yaxınlarda bu məsələylə bağlı fikrimi yazdım. Sosial şəbəkədə bir nəfər kim nə yazırsa ona bəli, düz yazırsınız, haqlısınız deyə yazır. Mən o adamı tanıyıram, vaxtilə kommunist olub. Deyirlər ki, o kommunist partiyasının yığıncaqlarında da  rəhbər nəyi deyirdisə təsdqləyərdi. Elə adamların da artıq müalicəsi yerin altına qalıb. Elə sosial şəbəkənin şeirlərini də zay edən belələridir.  Baxırsan ki, istedadsız yazılıb. “Urra” “gözəl”  “möhtəşəm” yazaraq münasibət bildirirlər. Ancaq dəyərli mətnə o qədər az reaksiya gəlir ki...

 

Gündəm olmaq üçün qabıq qoyurlar. Nə qədər danışırlar deyirlər amma ortada mətn yoxdur. Mən çəkilmişəm öz yalnızlığıma 4 ildə 4 roman yazmışam. Yəni mən işləyirəm. Kim olduğumu mətnim söyləyir. Nə üzlə gedib Mirzə Ələkbər Sabirə qara yaxa bilərsən?! Onların cavabını verən yazı yazdım. Məni “blok” etdilər. Etsinlər də. Həqiqət, həqiqətdir. Mən onlara Sabirin yazdığı iki şeirlə cavab verdim: “Ay nənə bir qırmızı saqqal kişi” bir də “Ey dərbədər gəzib cigəri qan olan cocuq” Yəni siz tipləri Sabir yüz il öncə yazıb, özünə əziyyət vermə!

 

BÜTÜN  QAFİLLƏRİN  QIFILLARINI  AÇSIN  TANRI

 

canım qurtulmaz bu qafil tünlüyündən

bütün qafillərin qəflətini yaşayıram minacatımda

 

artıq içimin işıqlarını söndürmədən çıxıram qələbəliklərə

məğlub qaranlıqların üstündə ölü üzünün son şəfəqi kimi titrəyir

mənim miskin qələbəm

mən fateh deyiləm  yox

qalib də  deyiləm  heç

bütün məğrurların məzlumluğunu yaşayıram minacatımda

 

Həzrəti-İsa olmadığımı bilsəm belə

fəsil-fəsil açılır solur içimdə

dənizin üstüylə yürüyüb getmək istəyim

suların əsmər paklığı «gəl...» deməkdən yorulmaz

mən «gəlirəm...» deməkdən

amma yol hanı

bütün yolçuların yolsuzluğunu yaşayıram minacatımda

 

ayaqlarına dolaşmış sapları

çözə bilməyən çöl göyərçinləri

gec-tez şikəst olurlar

böyüdükcə sıxılır

sıxıldıqca üzülür

düşür zərif caynaqları

eyni durumdadır ruhum

bu qafil çözümsüzlüyündən nələri itirdiyimi

bir mən bilirəm

bir O

bütün itirdiklərimin mənə yetirdiklərini yaşayıram minacatımda

 

kimə gərəkmiş belə

Gülündən bal çəkilən

balından dərdlər çürüyən bir dünyada

döyüşçü paltarı kimi

ala-bula günlərə bürünüb daldalanmaq

şirəsinin çəkiləcəyindənmi qorxur bu  Gül –  əsla

dərdinin çürüyəcəyindənmi qorxur  bu Can  –  yox

yazısındanmı qorxur bu alın

bütün yazılanların yozulanlarını yaşayıram  minacatımda

 

heç şübhəsiz

gözündə qafil surəti

qulağında qafil səsi

əli bir qafil ovcunda 

ölən

kafir mislindədi

bütün kafirlərin küfrlərini daşıyıram səbrimin kürəyində

bütün qafillərin qıfıllarını açsın Tanrı

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system