NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Romanına ABŞ-da film çəkiləcək yazar “İslaminSesi”nin “Qonaq otağı”nda

Oxundu: 5482
Romanına ABŞ-da film çəkiləcək yazar “İslaminSesi”nin “Qonaq otağı”nda

"Bir xanım var idi. O bizim “Bəla və Səbr” kitabını oxuyandan sonra Allaha qarşı fikirlərinin dəyişdişyini bizə yazmışdı. Zindandan çox yazanlar olur. Ateistlərdən oxuyub fikirlərini dəyişənlər olub. Əgər kitablarımızdan bircə nəfər də olsa faydalanıbsa, deməli biz nə isə edə bilmişik"

İslaminSesi “Qonaq otağı” layihəsinə start verir. Bu layihə çərçivəsində ölkənin tanınmış ziyalıllarınl, mədəniyyət xadimlərini və yaşayan mütəfəkkirlərini sizlərlə görüşdürüb həmsöhbət olmağa calışacağıq. İlk qonağımız bu gün gənc azərbaycanlı oxucuların sevimlisi, kitabları demək olar ki son illərdə satış pillərində birinci gələn yazıçı Rövşən Abdullaoğludur. Onu psixoloq, ilahiyyatçı və yazar olaraq fərqli sahələrdə təqdim edə bilərik, lakin bu gün bizim qonağımız yazar Rövşən Abdullaoğludur. 

 

- Sizi ilk qonaq kimi salamlayıram və sizə xoş gəlmisiniz deyirəm. Bu müsahibə üçün sualları tərtib edəndə düşündüm ki, eyni zamanda bir neçə sahə üzrə mütəxəssis olan bir insana nə cür bir sual vermək lazımdır ki, onun diqqətini cəlb edərək kifayət qədər maraqlı cavablar ala bilək. Sizin əvvəl verdiyiniz müsahibələri nəzərdən keçirdim və orada bir nüans diqqətimi çəkdi. Demisiniz ki, ilk kitabınızı qələmə alanda Deyl Karnegi sizin diqqətinizi cəlb edib. Fərdi inkişaf kitablarının müəllifi olan Deyl Karnegi tənhalıqda öldü. Onun həyatı yazdığı kitablar qədər uğurlu olmadı, yoxsa insanlarla münasibətləri özünün təbliğ etdiyi şəkildə qura bilmədi?

 


- Adətən bəzi insanlar deyirlər ki, fərdi inkişaf kitablarını oxumuruq , çünki o kitabların müəllifi heç o qaydaları öz həyatına tətbiq etmir, ya da edə bilmir. Məsələn: bir psixoloq ailə problemlərində kiməsə yardım etmək istəyir, amma öz ailəsində o ki, var problem var. İnsanlarda belə bir fikir formalaşıb ki, əgər kimsə fərdi inkişaf sahəsi üzrə kitab yazırsa, onun psixoloji olaraq heç bir problemi olmamalıdır. Ya da insan “Dostları necə əldə etməli” mövzusunda yazırsa onun ətrafında daima dostları çox olmalıdır. Əslində isə qətiyyən belə deyil. Bəziləri hətta Deyl Karneginin fərdi inkişaf kitablarının yalnız nəzəriyyədən ibarət olduğunu söyləyir və onların tətbiqi olmadığına irad tuturlar. Lakin bu məsələlərə biz gərək bir qanunlar toplusu kimi baxaq. Yəni onu yazan müəllif nə qədər uğurlu olub, ya da olmayıb yox, bu qanunların nə qədər yaxşı olub olmadığına baxaq. Məsələn: Deyl Karnegi “Dostları necə qazanmalı?”kitabında yazır: “İnsanlarla ilk dəfə münasibət qurmağa çalışarkən onlardan “Hə” cavabını almağa çalışın. Əgər “Yox” cavabını aldınızsa onda ikinci cəhdə onlardan “Hə” cavabını ala bilməyəcəksiniz. Yəni insan mənfiyə köklənir və müsbətə keçidi çətinləşir. Gəlin, bunun praktikİ tərəfinə baxaq. Bu həyatda özünü nə dərəcədə doğruldub ona baxaq, nəyinki bunu tətbiq edərək Deyl Karnegi özü nə dərəcədə uğurlu olub.


- Şəxsilik prizmasından çıxaraq?


-Bəli şəxsilik prizmasından çıxaraq, yəni buna sırf bir tezis kimi baxaq. Onun fikirlərinə bir konsepsiya kimi baxaq. Yəni şəxsin özünə yox, sözünə baxmalıyıq. Hətta bir hədis də var. Məsum imamlardan nəql olunur. İsa Məsih həmişə öz həvarilərinə deyərmiş, əgər siz fasiq bir insanı, haqq əhli olmayan bir nəfərin haqq danışdığı anda dediyi sözü qəbul edin, baxmayın ki o nahaqq əhlidir. Sözə baxın, sözün düzlüyünə baxın, çünki siz haqq əhli olduğunuza görə batil tərəfdarının ağzından çıxan haqq sözə daha çox layiqsiniz. Hədisin davamında deyilir: “Əgər bir insan görsəniz ki, adam haqq əhlidir, amma batil sözlər danışır, onda onun ağzından çıxan sözləri götürmməyin. Fikirləşməyin ki, bu haqq əhlidir ona görə onun batil sözlərini də qəbul etməlisiniz.” Bir var məsələyə subyekt olaraq baxaq, bir var obyekt olaraq. Obyektiv olaraq baxdıqda mən yalnız sözlərə baxacam, şəxsiyyət mənim üçün əhəmiyyətli deyil. Kim deyir desin, elm Çində də, müşrik bir məmləkətdə olsa belə gedib o elmi əxz edəcəm, əgər o elmin özü dəyərlidirsə. Təbib var ki, siqaretin zərərlərindən danışır amma özü siqaret çəkir. Biz həyatımızda hər zaman bu tənasübü qoruya bilmirik. Deyl Karnegi öz həyatında öz dediklərini nə qədər uğurla tətbiq edə bilib, onunla işim yoxdur, amma bu şəxs öz dövrünün ən bestseller müəllifi olub, kitabları neçə milyon insanın qəlbinə təsir edə bilib. Fərdi inkişaf sahəsi üzrə oxuduğum ilk kitablar onun olub. Hətta bəzi kitablarını təkrar-təkrar oxumuşam.

 


- Rövşən müəllim, Ülviyyə xanım Deyl Karnegini misal çəkdi. Deyl Karnegi bunu öz həyatına tətbiq edə bilməsə də, kitabları kifayət qədər məşhurlaşıb. Bu qanunları öz həyatına tətbiq edə bilən bir müəllifin kitabının təsir qüvvəsi daha effektli olardı? Yəni əməl etmək nə dərəcədə əhəmiyyətlidir?


-Deyl Karneginin özü çox uğur qazanmış bir şəxsiyyət olub. Kütləvi təlimlər keçirmək onun dövrünə xas deyildi. İndi Entoni Robbinson, Kirosaki dünya səviyyəli tanınmış koç trenerdilər. Məsələn: Entoni Robinsonun təlimlərində 7 mindən çox insan iştirak edir. Bəzən biletlərin qiyməti bir neçə min dollarla ölçülür. Amma Deyl Karneginin dövründə o bir ilkə nail olmuşdu. Ətrafında çoxlu insanlar var idi. Deməli, onun uğur sirrinin altında elə dediyi qaydalar yatır. O çox uğur qazanmış insan idi. Bu məsələnin bir tərəfi. Gələk sizin sualınıza. Bayaq qeyd etdiyim kimi deyənin sözünə baxmalıyıq. Lakin psixologiyanın əhəmiyyətli qanunlarından biri təcrübədir. Yəni, bu dediklərin özünü təcrübədə nə qədər doğrulda bilib? Əgər bir şəxs psixoloji qanunları və nəzəriyyələri həyatında tətbiq edə bilibsə, onun təsir qüvvəsi qat-qat çox olacaq. Məsələn: zamanın idarə olunması məsələsi. Hazırda bu ad altında bir kitabımız çapa getmək üzrədir. O kitab yazılarkən orada bir çox məsələr var ki, tələbəlik illərimdən tətbiq etmişəm onun xırda nüanslarına qədər bilirəm. Yəni təcrübə olmasa nəzəriyyə həmişə axsayır. Elə bədii ədəbiyyatda da belədir. Əgər yazıçı o hadisələri öz həyatında yaşamayıbsa, ya da başqalarının həyatında görməyibsə yaza bilməz.

 

 


- Deyirlər reklamın girə bilmədiyi yeganə məcra kitab sahəsidir. Yəni reklam kitabı bir yerə qədər gətirib çıxara bilər, amma kitab o uğura özü imza atmalıdır. Bəs sizin kitablarınızın uğur sirri nədədir?


-Ümumi olaraq kitab işinin qurulmasından danışım. Kitabın tanınması üçün iki mühüm faktor var. Minlərlə faktor var, amma ümumiləşdirib ikisin deyim. Birincisi kitabın mövzusu. Əgər kitabın mövzusu doğru seçilməyibsə ona milyonluq sərmayə qoyulsa da alınmayacaq. O bir anlıq o sərmayə ilə tanına bilər, amma elə onunla da şöhrəti məhv ola bilər. Kitab reklamında ən yaxşı reklam oxucuya aiddir. Canlı reklamdır. Bu gün bizə tanımadığımız o qədər əmtəəni göstərirlər ki, artıq reklama inamımız itib. Lakin bir oxucu məsələn: “ Ülviyyə Tahirin “Buqələmun “romanı var oxumağa dəyər” - deyə xitab edirsə bu sözün effekti o kitabın haralardasa görünən şəklindən və ya reklamından min qat daha güclüdür. Çünki dostun təqdimatı daha effektlidir. Kitab reklamla satıla bilər, davamını isə oxucu gətirməlidir. Çünki kitab uğursuzdursa, o müəlifin ikinci kitabı da oxunmayacaq. Gələk reklama. Reklam olmasa kitab nə qədər güclü olursa, olsun tanınmayacaq. İldə milyonlarla kitab çap olunur. Biz bir çox yazarların əsərləri ilə onlar vəfat edəndən sonra tanış olmuşuq. Onlara öz dövründə dəyər verilməyib, çünki reklamı olmayıb. Əvvəl hər şey çox idealist baxırdıq. Düşünürdük reklamsız belə öz kitablarımızı sata biləcəyik. Bir kitabımız ingilis dilinə tərcümə olunub. Türk dilinə tərcümə olunub. Sonuncu roman ”Bu şəhərdə heç kim yoxdu” artıq Amerikada çap olunmaq üzrədir. Yenə onlar maliyyələşdirirlər. Film çəkilməlidir. İknci roman “Relslər üzərinə uzanmış adam” kitabı da orada çap olunmalıdır.


- Kitablarınızdan hansılar daha çox uğur qazanıb?


- Ümumiyyətlə dünya praktikasında da roman daha çox satılır həmişə. Düzdür o biri kitablarımız da çox satılır, amma roman daha çox uğur qazandı. Məsələn: “Bəla və Səbr” adlı kitabımız çox satılsa da, roman daha çox əks-səda gətirdi.


- Yazarlar, rejiossorlar niyə əsərlərində qəhrəmanları öldürməyə çəkinirlər. Düzdür, axırıncı oxuduğum iki kitabda “Ayrılıq” və “Bu şəhərdə heç kim yoxdur” qəhrəmanlar hər ikisi öldü. Yusif və Visam. Halbuki filmlərdə və yaxud romanlarda qəhrəmanlar bir yolla mühafizə edirlər.


- İndiki dövrdə insanların daha çox ümidə ehtiyacları olduğunu deyillər. Əslində Visam fiziki həyatını bitirərək mənəvi həyatı ölmüş Villiyə can verir. Həm də oxucu əvvəldən onun xəstə olduğunu bilirdi və özünü onun ölümünə hazırlamışdı.


- Çingiz Abdullayev müsahibələrinin birində qeyd etdi ki, adətən yazarlar öz yazdıqları kitablardan maraqsız olurlar. Mətnin müəllifdən maraqlı olmaq haqqı var?


-Bu fərqli ola bilər. Təbii ki, yazar öz yazdığı qəhrəmanlar kimi ola bilməz. Çünki müəllif əsəri yaradarkən orada hər bir üsuldan istifadə edə bilər. Bu baxımdan əsər müəllifdən bir addım öndə olmalıdır. Qədim bir ərəb şeiri var. O şeirdə Muayidi adlı bir xanımdan bəhs olunur. Deməli, hər kəs bu xanımın gözəliyindən bəhs edir. Bir nəfər uzun müddət cəhd edəndən sonra bu xanımı görə bilir və ərəb ədəbiyyatına daxil olmuş bu misranı deyir.
Bu Muayyidini haqqında eşitmək, bu Müayyidini görməkdən daha yaxşı imiş


- Yerli yazarlardan kimləri oxuyursunuz?


-Mən ümumiyyətlə kitabları seçici mütaliə edirəm. Bəzən sadəcə xəbərdar olmaq üçün oxuyuram. Məsələn: Marsel Prustu mütaliə etməyim, onu bəyənməyim anlamına gəlməz.


- Ülviyyə xanım soruşur ki, Rövşən Abdullaoğlu özü arxadakı körpüləri yandırmağa nail olub?


-Mən əvvəl İqtisadiyyat fakultəsini bitirmişəm. Deyl Karnegi özü haqqında yazır ki, mən əvvəllər yük maşınlarının satışı ilə məşğul idim. Sonra özümə sual verdim bu mənim məşğul olacağım sahədir? “Deyl, bu sənin həyatın deyil” – deyə özümə müraciət etdim. Eyni sualı mən də özümə verdim və arxadakı körpüləri yandırdım. Magistraturanı bitirmədik


- Bayaqdan müşahidə edirəm bayaqdan özünüzə “biz” deyə xitab edirsiniz.


-Öyrəşmişik. “Mən” deyəndə təkkəbür olur . Bir dəfə oxucu da belə bir sual verdi və “biz” deyə cavabladım. Mənə sual verdi ki, siz bu romanı neçə nəfər yazmısınız.


-Maksim Qorki deyir ki, Allah bizim ölümdən qorxmamağımız üçündür, qalan həyatımızı özümüz seçib yaşamalıyıq. Həyatımız həqiqətən bizim öz seçimlərimizlə mümkündür?


-Taleyimizi biz yüz faiz seçə bilmərik. Nə cür seçim etsək də, bəzi hadisələri mütləq yaşamalıyıq. Seçimlərimizin yalnız bir hisəsi əlimizdədir.


- Din insanı dəyişə bilər?


-Din insanı dəyişə də bilər. Dəyişməyə də. Peyğəmbərimizin bir kəlamı var: deyir ki, insanlar mədən kimidirlər. Cahiliyyətdə yaxşı olan insanlar, dində yaxşı olurlar. Əgər bir insan mənfi xarakterə malikdirsə, din onun xarakterini, baxışını dəyişə bilməz. Zahirən dəyişə bilər. İbadət edə bilər. Hər kəsin işində bir əjdaha var, amma o əjdahanın öhdəsindən gəlmək üçün din yalnız düsturlar verə bilər vəssalam. İnsan özü cəhd etməsə, heç nə alınmaz.

 

 

-Din həyat tərzidir yoxsa inanc sistemi?


-Din insanın davranışlarını, həyat tərzini, özünü və həyatını nizamlayan konsepsiyadır. Dindən kənarda həyatımız yoxdur. Bəziləri bunu inanc sistemi kimi qəbul edir. Səhv etmirəmsə, Bertrand Rassel deyir ki, biz riyaziyyatda Pifaqorun teoreminindən danışarkən orada ağıldan bəhs edirik, imandan deyil. Oradakı ağıl yoxdur, orada din dövrəyə girir. Təbii ki, bu onların mövqeyidir. Halbuki, ağıl din ücbucağının bir tərəfidir. Biz Quran ayələrinə baxsaq əgər görərik ki, orada ağıl da var, məntiq də. Ola bilər ki, insanlar düşünsünlər ki, din yalnız ibadət və ya da ailə üçündür.

 


- Müasir dünya insanın ən çox əziyyət çəkdiyi məsələrdən biri tənhalıqdır. İnsan tənhalıqdan necə qurtula bilər?


-Hər bir insan mütləq bu hissi bircə dəfə də olsa yaşayıb. İnsan özünü hər hansı bir məsələdə tək hiss edirsə, onda tənhalıq başlayır. Tənhalığın mütləq şəkildə qarşısını almaq qeyri-mümkündür. Ancaq tənhalıq həmişə destruktiv olaraq ifadə olunur. Biz adətən onun mənfi tərəflərinə yüklənirik. Lakin bütün tənhalığın əsas bir səbəb oldur ki, gözlədiyimiz çox olur. Tələblərimiz çoxalır. Tələblərimiz çoxaldıqca tənhalığımız da çoxalır. Bu da ən çoxu da mentalitetimizdən qaynaqlanır. Biz özümüzə nələrisə deməyi sıxışdırmırıq. Qüsursuz dost axtaran dostsuz qalar. Ən böyük tənhalıq yaş tənhalığıdır. Yaşlı insanlara çox diqqət etməliyik.
- Sosial şəbəkələr şəxsi hesabınız yoxdur. Bunun xüsusi bir səbəbi var ?


- Sadəcə olaraq buna vaxtım yoxdur. Düşünürəm ki, sosial şəbəkədə itirilən vaxta əsər yaza bilərəm. Həm də ora əhval ruhiyyəmə uyğun deyil.


- Əsərlərinizə tənqid gəlib?


- Əlbətdə. Qüsursuz müəllif olan Allahın kitabına əgər tənqid gəlibsə, deməli hər kəs tənqid oluna bilər. Təbii ki, iradlar olub. Hər zaman da olacaq. Bəzən yazırlar ki, Visam ölməsəydi yaxşı olardı, yaxud da Cəfər edam olunmasaydı yaxşı olardı.


- Yazıb peşman olduğunuz yazılarınız olub?


-Elə bir yazılarım olmayıb. Lakin bəzi yazıların zamanına görə tərəddüd etmişəm. Lakin sonra yenə öz fikrimdə qalmışam.


- Əsərlərinizdən təsirlənib həyatı və ya fikirləri dəyişən insanlar olub?


-Bir xanım var idi. O bizim “Bəla və Səbr” kitabını oxuyandan sonra Allaha qarşı fikirlərinin dəyişdişyini bizə yazmışdı. Zindan çox yazanlar olur. Ateistlərdən oxuyub fikirlərini dəyişənlər olub. Əgər kitablarımızdan bircə nəfər olsa da faydalanıbsa, deməli biz nə isə edə bilmişik.


 - Arzular həyatımızı dəyişə bilər?


-Bu barədə iki cür hədislər mövcuddur. Arzuların uzun olması ümumiyyətlə qınanılıb, birdə başqa cür arzular var. Onların var olması bəyənilib. Real həyatımızdan uzaq arzular bəyənilmir. Amma bizi yaşamağa sövq edən arzular isə müsbət qarşılanır. Arzu insanı naşükürlüyə və üsyana sürükləyirsə pisdir. Əgər bir yazar kitabının gələcəyini təsəvvür etmirsə, onu yaza bilməz. Arzuların az olması bizi həyatda sakit yaşamağa imkan verir.

 

Ülviyyə Tahir

Xəyal Şükür

Foto: İlkin Əzimov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system