İSLAM

Oxundu: 230
Rəcəb ayının biri İmam Baqirin (ə) mövlududur – Qısa tarixcə

Rəcəb ayının biri İmam Baqirin (ə) mövlududur – Qısa tarixcə

Əməvi sülaləsinin nisbətən ədalətli nümayəndəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti İmam Baqirin (ə) dövrünə təsadüf edir. Məhz bu şəxs ikinci xəlifə Ömər bin Xəttab tərəfindən hədislərin yazılmasına qoyulan qadağanı ləğv etdirir, Müaviyə tərəfindən tətbiq olunan və sonrakı dövrlərdə davam etdirilən Həzrət Əliyə (ə) lənət oxunması kimi mənfur “ənənəyə” son qoyur.

İslaminSesi.info - Hicri-qəməri tarixi ilə bugün müqəddəs rəcəb ayının biri müsəlmanların 5-ci imamı Məhəmməd Baqirin (ə) mövlud gününə təsadüf edir

 

Tarixi mənbələrə əsasən imamın (ə) hicri təqvimilə 57-ci ildə Mədinə şəhərində dünyaya gəldiyi bildirilir. İmamın atası 4-cü İmam Zeynül-abidin, anası isə İmam Həsənin (ə) qızı Ümmü-Abdullah olub. İmam Baqir (ə) həm ata, həm də ana tərəfindən Həzrət Əli (ə) və Həzrət Fatimənin (ə) nəslindəndir.

 

İmam Baqirin həyatının ilk dörd ilə yaxını babası İmam Hüseynlə (ə) bir dövrdə keçib. Hətta İmam Baqirin (ə) kiçik yaşlarında Aşura vaqiəsinə olduğu bildirilir. Tarixdən bəlli olduğu kimi, Aşura inqilabından sonrakı dövr də İslamın və Əhli-Beytin (ə) ən çətin günləri sayılır. Dövrün zalım hakimlərinin davamlı təzyiqləri, sui-qəsdlər daha da artır. Eyni zamanda, əməvilər arasında da ziddiyyətlər daha da dərinləşir və saray qarşıdurmaları genişlənir. Belə bir ziddiyyətli və çətin dövrdə yaşamış İmam Baqir (ə) İslam elminin yaşayıb güclənməsi üçün böyük işlər görür və demək olar, sonradan böyük bir silsiləyə çevriləcək İslam elmi məktəbinin əsasını qoyur.

 

 

Zürarə ibn Əyun, Məhəmməd ibn Müslim, Əbu Bəsir, Bureyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyun, Hişam ibn Salim kimi İslam elminin böyük nümayəndələri İmam Baqirin (ə) yetirmələri olub.

 

Peyğəmbər (s) dövründən İmam Baqirin (ə) zamanına qədər yaşamış məşhur səhabələrdən olan Cabir ibn Abdullah Ənsari rəvayət edir ki, bir gün Peyğəmbər (s) ona buyurub: «Məndən sonra nəslimdən olan, adı və görünüşcə mənə oxşayan bir şəxs görəcəksən. O, elm qapılarını xalqın üzünə açacaq. Mənim salamımı ona yetirərsən». Həmin hadisədən çox illər keçəndən sonra Cabir ibn Abdullah Mədinə küçələrində İmam Baqiri (ə) görür. İmamı tanıyandan sonra Cabirin yadına Peyğəmbərin (s) hədisi düşür. Bu hadisədən sonra səhabə Cabir hər gün İmam Məhəmməd Baqirin (ə) ziyarətinə gedər və Peyğəmbərdən (s) eşitdiyi hadisəni danışarmış.

 

Əməvi sülaləsinin nisbətən ədalətli nümayəndəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti İmam Baqirin (ə) dövrünə təsadüf edir. Məhz bu şəxs ikinci xəlifə Ömər bin Xəttab tərəfindən hədislərin yazılmasına qoyulan qadağanı ləğv etdirir, Müaviyə tərəfindən tətbiq olunan və sonrakı dövrlərdə davam etdirilən Həzrət Əliyə (ə) lənət oxunması kimi hərəkətə son qoyur və nəhayət İslam Peyğəmbərinin (s) Həzrət Fatimə (ə) və onun övladlarına hədiyyə etdiyi və ötən dövrdə xəlifələr tərəfindən qəsb olunan Fədək bağlarını həqiqi sahibinə – İmam Baqirə (ə) qaytarır. Amma bu dövr çox davam etmir. İslahatçı xəlifə əməvilər tərəfindən öldürüldükdən sonra onun yerinə keçən Yezid ibn Əbdülməlik bağı həqiqi sahiblərindən alır.

 

İmam hicrətin 114-cü ilində yəni 57 yaşında ikən zilhiccə ayının 7-də Bəni-Uməyyə hakimləri tərəfindən zəhərlənərək şəhid edilir. Məzlum imamın məzarı Mədinə şəhərində Bəqi qəbirsanlığındadır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system