Quranın aləmlərə rəhmət olaraq tanıtdığı şəxs – Həzrət Muhəmməd (s)

Oxundu: 247
Quranın aləmlərə rəhmət olaraq tanıtdığı şəxs – Həzrət Muhəmməd (s)

"Keçmişdən xəbərsiz bir millət gələcəyini qura bilməz"- İlahiyyatçı Məhəmməd Bəşir.

 

Hər bir gələcək və tərəqqinin bir keçmişi vardır. Keçmiş, gələcəyin təminatıdır. Keçmişə müraciət insanın agahlığı yetişməsinə bir vasitə olur. Bu agahlığın ictimai, siyasi, fərdi və ailə məktəbi üçün faydaları vardır. Keçmiş, tarixə düşmüş yaddaşdir. Əslində tarixə müraciət xronoloji ardıcıllığına görə deyil, baş vermiş hadisələrin mahiyyətinə görədir. Tarix təqdim etdiyi mahiyyətlərin şər və xeyrin, zərər və faydaların səbəblərini açıqlayır. Bu səbəbdən keçmişə müraciət gələcəyin qurulması üçün böyük əhəmiyyət kəsb edir. Tarix keçmişdə iz qoymuş mənfi və müsbət qəhrəmanların kimlik və şəxsiyyətləri haqqında xüsusi qeydlər aparmışdır. Kimlik və şəxsiyyəti bəlli olmayan fərddən qəhrəman olmaz, tarixin səhifələrindən və yaddaşlarından da silinər.

 

Qurani Kərim ayələrinə də diqqət etdiyimiz zaman pak və Mütəal olan Allah insanları keçmişdə baş vermiş mənfi və müsbət hadisələr haqqında və ya mənfi və müsbət əməl sahiblərinin sonluqları ilə tanış etdiyinin şahidi oluruq.

Quran Lut, Səmud, Ad və xalqlarını hidayətə səsləyən carçılardan və baş vermiş hadisələrin mahiyyətindən bəhs edərək  bu xalqların səbəb və nəticələri haqqında məlumatlar qeyd etmişdir. Quran mənfi əməl sahiblərini xatırlatdığı kimi, müsbət xislətli tarixi  qəhrəmanlarıda unutmamışdır. Bu qəhrəmanlar təkcə peyğəmbərlərdən ibarət olmayıb. Misal olaraq, Loğmanı, Asif ibn Bərxiyanı və Fironun xanımı Asiyanı göstərmək olar. Loğman, mənəviyyat və hikmət sahibi idi. Loğmanın Allah yanında böyük bir dəyərə sahib olması səbəb olmuşdur ki 114- surədən biri Loğman surəsi  adlandırılmış və Loğmanın övladına etdiyi nəsihətlər İlahi kəlam kimi qiymətləndirilmişdir. Asif ibn Bərxiya elm və hikmət sahibi idi.

İmam Baqir (ə)-dan nəql olunan hədisə əsasən qeyd olunur ki, Allahın əzim adları 73 hərf dən ibarətdir, Asif ibn Bərxiya bu hərflərdən birini bilirdi. Bu bilgi vasitəsi ilə Asif ibn Bərxiya, Səba mələkəsi olan Bilqeysin taxtını bir göz qırpımında Süleyman peyğəmbərin (ə) hüzuruna gətirmişdir.

Asiya, Fironun xanımı idi. Bu xanımın Musa peyğəmbərə iman gətirməsi Fironu qəzəbləndirmiş və üstünə hündür bir yerdən böyük bir qayanı atmaqla onu şəhadətə yetirmişdir.

Quranın məxsusi olaraq diqqət çəkdiyi şəxslərdən ən önəmlisi həzrət Muhəmməd (s) peyğəmbərdir ki, Quran onu aləmlərə Allahın rəhməti kimi vəsf edir :

 

(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik - Ənbiya-107.

 

O qaranlıqları aydınladan, insanları işıqlı yola dəvət edən, əzilmişlərin pənahı, zalımların qənimi, ictimai vəhdətin qurucusu,  insanlara sevməyi, xətalara görə güzəştə getməyi, kişi və qadın hüquqlarının və ailə məktəbinin qurucusu, insanlara elmi və mədəniyyəti sevdirən və ilaxır yüzlərlə müsbət keyfiyyətlərə malik olan şəxs idi. O, hətta əsir düşmüş düşməninə qarşı mərhəmətli və ədalətli idi. Əbəs yerə Allah "Özünü Rəhman,onu isə Rəhim" adlandırmamışdır.

 

Sumamə ibn Əsal həzrət peyğəmbərə (s) və İslama qarşı şiddətli düşmənlərdən idi. Bir gün o peyğəmbərə əsir düşür. Peygəmbər onu məsciddə saxlanılmasına əmr edir. Onu bəzi səhabələrə ( zərər görməməsi üçün ) tapşırır. Allahın Rəsulu məscidə  gəlib onun halını soruşurdu. Sumamə : “Mən yaxşıyam, ey Məhəmməd! Məni öldürsən, əsil qan sahibi olan birini öldürmüş olarsan. Yox, yaxşılıq edərsənsə, yaxşılığın qiymətini bilən birinə yaxşılıq etmiş olarsan. Məndən dildiyin qədər mal istə, verərəm!” şəklində cavab verdi. Rəsulullah ondan üz çevirib getdi. İkinci və üçüncü gün də aralarında eyni söhbətlər oldu. Daha sonra Rəsulullah onun buraxılmasını əmr etdi. Bu müddət ərzində Sumamə məsciddə Allah elçisinin insanlarla olan münasibətinə diqqət yetirir, onun əxlaqına heyran olur. Allahın Rəsulu ayələrdən oxuyur, müsəlmanlar onun başçılığı ilə birlikdə ruku və səcdələrə gedirdilər  Müsəlmanların arasında kiçik və böyüklərin, kasıb və varlıların bərəbərliyini müşahidə edirdi. Müsəlmanlar namazdan sonra ümüd hissi ilə qəlb və ağılları ilə ona qulaq asırdılar..... Bu müsbət keyfiyyətləri müşahidə edən Sumamə İslamı qəbul edir.

 Quran Kərim Peyğəmbərin bu keyfiyyətlərinə görə vəsf edərək qeyd edir: " Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır" (Əhzab-21)

 

Bəli, İslam Peyğəmbəri Allahın insanlara böyük bir neməti, susuz qəlbləri sirab edən, dərdlərin isə məlhəmi idi. O,  insanlari nəyinki biri birinə qarşı mehriban olmağı hətta heyvanlarada qarşı mərhəmətli olmağı təşviq edirdi.

Bir hədisdə Allahın Rəsulu özü haqqında qeyd edir : “Ya Əli! Allahı mənimlə səndən başqa heç kim (layiqincə) tanımadı,

məni Allah və səndən başqa heç kim (layiqincə) tanımadı və səni də Allah və məndən başqa

heç kim (layiqincə)tanımadı.” 

 

Bəli bu gün elə bir şəxsin doğum günüdür ki əməllərin qarşılığını insanlardan güdmürdü. O insanların halına və muşküllərinə biganə qala bilməzdi. İnsanları aydınlığa çıxarmaqdan ötrü bütün əziyyət və işgəncələrə hazır idi. Quranın buyurduğu " kor kişiyə qarşı üzünü turşutma" kimi mənfi sifətdən o uzaq idi. Quranın bu xitabı məsciddə olan bir səhabəyə idi. Əks təqdirdə " Sən gözəl əxlaq sahibisən" ayəsi buna zidd olardı. Onu yaxından tanımaq üçün onun qoyduğu qanunlara itaət və riayət etməyimiz şərtdir. Bu zaman  bəlkə biz onu doğru və düzgün qiymətləndirə bilərik. Hətta Allah insanlara, Onu sevənlərə, həbibi olan Muhəmmədə (s) itaəti vacib bilmiş, ona itaətsiz olan sevgini isə puç bilmişdir:

"De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır» (Ali-İmran-31)

 

İslaminSesi.info

Elnur Əlioğlu

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system