Qurana əsasən İmam Həsən və İmam Hüseyn (ə) Allah Rəsulunun (s) övladlarıdır

Oxundu: 394
Qurana əsasən İmam Həsən və İmam Hüseyn (ə) Allah Rəsulunun (s) övladlarıdır

Bir sıra ziyarətnamamə və dualarda İmam Hüseynə ya imam Həsənə (ə) “Rəsulullahın övladı” deyə xitab edilməsi heç də təsadüf üzündən deyildir. Bu ifadə əslində mübarək Quran ayəsindən götürülmüşdür. Quranın Mübahilə ayəsinə əsasən, İmam Həsən və İmam Hüseyn (ə) peyğəmbərin (s) oğlanlarıdır. İlk öncə ayəni oxuyaq və sözümüzə davam edək.

 

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ


“Sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (“Ali-İmran” surəsi, 61)

 

Mübahilə nədir?

 

“Təfsiri-Numunə” əsərində qeyd olunur ki, “Mübahilə” sözü “bəhl” kökündəndir və “öz başına buraxmaq” mənasındadır. Duada rast gəlinən “ibtihal” sözünün mənası isə işləri Allaha buraxmaqdır. Bu ayədə və həmin uyğun hadisədəki mübahilədən məqsəd - lənətə düçar olmaq, həlak olmaq və Allahdan uzaqlaşmaqdır. Çünki bir bəndənin özbaşına buraxılması, onun Allahdan uzaqlaşması, lənətə düçar olması deməkdir. Bu ayədə Allah Öz Peyğəmbərinə (s) izah edir ki: “Sənə verilən (öyrədilən) və Sənin verdiyin (öyrətdiyin) elmdən sonra, yenə də, Səninlə Həzrət İsa (ə) haqqında mübahisə edərlərsə, onları bu işə dəvət et, onlara təklif et ki, gəlin mübahilə edək, görək kim haqlıdır, kim yalançıdır. Allahdan yalançılara lənət yağdırmalarını diləyək.”

 

Ayənin ümumi izahına keçməzdən əvvəl bir nüansı qeyd etmək istərdik. Bəzi müxaliflər bu yazıdan sui-istifadə edə bilməsin deyə ayədəki oğul sözünə qısa aydınlıq gətirmək zəruridir. Elə öncədən qeyd edək ki, burada mənəvi məna nəzərdə tutulmuşdur. Necə ki, buna bənzər mübarək hədislərdə Allah Rəsulu (s) buyurur: “Mən və Əli bu ümmətin atasıyıq.” Məlumdur ki, burada da mənəvi məna nəzərdə tutulur.

 

“Mübahilə” ayəsindən başa düşülür ki, (oğlan olan) qız nəvələrə də “ibn” (oğul) deyilir. Cahillik dövründə isə ərəblər yalnız oğul tərəfindən olan nəvələri övlad hesab edib deyirdilər:

 

“Bənuna bənu əbnauna və bənatina,Bənuhunnə əbnaur-ricali əbaidi.”

 

“Bizim övladlarımız, yalnız oğullarımızın övladlarıdır. Qızlarımızın övladları isə bizim deyil, yadların övladları sayılırlar.”

 

Belə təfəkkür tərzi cahillik dövrünün yanlış adət-ənənələrindən qaynaqlanırdı. Onlar qızları və qadınları bəşər qismindən saymır və onlara oğullarını saxlamaq üçün bir əşya kimi baxırdılar. Necə ki, o dövrün şairi deyir:

 

“Və innəma ummuhatun-nasi əviyətun,Mustəvdəatun və lil-ənsabi abaun.”

 

“Analar onların böyüməsi üçün bir qabdır (əşyadır), nəsil isə yalnız ataların hesabınadır.”

 

İslam dini isə belə təfəkkürü şiddətlə məhkum edərək, oğlanla qız övladları arasında olan fərqi aradan götürdü.

 

 Qurani-kərimin “Ənam” surəsinin 85-ci ayəsində İbrahimin övladları haqqında buyurulur: “Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harun da onun (İbrahimin) övladlarından idilər. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyya, İsa və İlyas da əməlisalehlərdən idi.”

 

Bu ayədə İsa (ə) İbrahim peyğəmbərin övladlarından sayılmışdır, halbuki o, Məryəmin oğlu idi (yəni İbrahimin (ə) qız nəvəsi idi).

 

Şiə və sünnilərin vasitəsilə nəql olunan rəvayətlərdə “ibn Rəsulillah” (Peyğəmbərin övladı) sözünün imam Həsən və imam Hüseynə (ə) deyilməsi müşahidə olunur.

 

Evlənmək üçün haram olan qadınlar barəsindəki ayədə buyurulur: “Sizin oğullarınızın zövcələri.” İslam fəqihləri və alimlərinin nəzərincə, oğulların və nəvələrin (istər qız, istərsə də oğlan) zövcələri insana məhrəmdir və bu ayə onlara şamil olunur.

 

Əhli sünnə mənbələrinə əsasən, Mübahilə ayəsinin izahı.

 

1- Görkəmli əhli sünnət alimi Hakim Həskani öz əsərində qeyd etmişdir ki, İbn Abbas bu ayə haqqında belə deyir: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü (bura) çağıraq!” (bu ayədə) oğlanlarmız deyəndə Həsən və Hüseyn (ə), qadınlarımız deyəndə Fatimə və özümüz deyəndə Əli (ə) nəzərdə tutulur.” (Şəvahidut-tənzil” c. 1, səh. 142, hədis 194. Beyrut. 1974)

 

2- Əmir ibn Səd ibn Əbu Vəqqas dedi: Müaviyə ibn Əbu Süfyan Səd ibn Əbu Vəqqasa əmr verdi və dedi: “səni Əbu Turaba söyməkdən saxlayan nədir?” Səd dedi: “Mənim söyləyəcəyəm üç şey var ki, bunları onun üçün Rəsulullah (s) söyləmişdir və bu səbəbə görə ona əsla söymərəm. Bu üç şeydən birinin mənim olması məncə qırmızı dəvənin mənim olmağından daha məqbuldur.

 

Mən Rəsulullahın (s) döyüşlərdən birində onu öz yerinə təyin etdiyini, onun: “ya Rəsulullah! Məni qadın və uşaqlarla birlikdəmi qoyursan?” dediyi zaman Rəsulullah (s) “sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” buyurarkən eşitdim.

 

 Xeybər günündə də “Bu bayrağı mütləq Allahı və Rəsulunu sevən, Allah və Rəsulunun (s) da özünü sevdiyi bir şəxsə verəcəyəm.” dediyini eşitdim. Biz bayraq üçün hamımız irəli durduq, lakin o “mənə Əlini çağırın!” dedi. Əli gözlərindən narahat olduğu halda gətirildi. Rəsulullah (s) onun gözünə ağzının suyundan vurdu və bayrağı ona verdi. Allah da ona fəthi müyəssər etdi.

 

“...De: Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” (“Al-i İmran” 61) ayəsi nazil olanda Rəsulullah (s) Əli, Fatimə, Həsən və Hüseyni çağıraraq: “Allahım! Mənim ailəm bunlardır” dedi.” (Müslüm, “əs-Səhih”, c. 4, səh. 1871, Səhabənin fəziləti kitabı, hədis 2404. hədisi Əhməd bin Hənbəl “Müsnəd”, c.1, səh. 85, hədis 1608-də; Tirmizi, “Sünən”, c. 6, səh. 86-87, Mənaqib kitabı, hədis 3724-də; Hakim “Müstədrək”, c. 3, səh. 163, hədis 4719-da rəvayət etmişdir)

 

3- Mənə Süleyman ibn Əhməd danışdı, dedi: mənə Əhməd ibn Davud əl-Məkki və Məhəmməd ibn Zəkəriyyə danışdılar, dedilər: bizə Bəşir ibn Mehran danışdı, dedi: Məhəmməd mənə Davud ibn Əbu Hinddən, o Şaabidən, o da Cabirdən danışdı, dedi: “Aqib və Teyyib Rəsulullahın yanına gəldilər və Rəsulullah (s) onları mübahiləyə dəvət etdi. Onlar da ertəsi günü lənətləşmək üçün sözləşdiniz. Ertəsi günü Rəsulullah (s) Əli, Fatimə, Həsən və Hüseyinin əlindən tutaraq gəldi və gəlmələri üçün onlara (xristianlara) xəbər göndərdi. Lakin (xristianlar) gəlmədilər və xərac qəbul etdilər. Rəsulullah (s) dedi: “Məni haqq ilə göndərən Allaha and olsun ki, əgər xeyir desəydilər vadi təpələrinə atəş yağdıracaqdı.”

 

Onlar haqqında “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı çağıraq” ayəsi nazil oldu. Ayədəki “nəfsimizi və nəfsinizi” sözü ilə Rəsulullah (s) və Əli bin Əbu Talib, “oğullarımızı” sözü ilə Həsən ilə Hüseyin, “qadınlarımızı” sözü ilə də Fatimə nəzərdə tutulmuşdur.” (Beyhəqi, “Dəlailun Nubuvvə”, səhifə 353-354, hədis 244; hədisi ibni Merdeveyh (bax: ibni Kəsr, “Təfsirul Quranil Əzim”, c. 3, səh. 55); Vahidi “Əsbabı Nüzul”, səhifə 67-68-də səhabə Cabir b. Abdullah və tabiindən Həsən əl-Bəsridən rəvayət etmişdir. Bənzər hədisi Hakim, “Müstədrək”, c, 2. səh. 649, hədis 4157-də öz sənədi ilə Cabir b. Abdullahdan rəvayət etmişdir.

 

Hədisi öz kitabında rəvayət etmiş olan Beyhəqi “Dəlailun Nubuvvə” kitabının müqəddiməsində kitabına ancaq səhih hədisləri qoyduğunu bəyan etmişdir. (Bax: Beyhəqi, “Dəlailun Nubuvvə”, səhifə 37)

 

4- Həzrəti Salman Allah Rəsulundan (s) belə nəql edir: “Eşitdim peyğəmbər (s) deyirdi: “Həsən və Hüseyn mənim övladlarımdır. Kim onları sevərsə, məni sevmiş olar. Hər kəs məni sevsə Allahı da onu sevər. Hər kəsi də Allah sevsə onu Cənnətə daxil edəcəkdir. Hər kim onlara buğz etsə, mənə buğz etmişdir. Hər kəs mənə buğz etsə Allah buğz etmişdir. Hər kəs Allaha buğz etsə Allah onu Cəhənnəmə daxil edər.”  (Hakim Nişapuri “Əl-Mustədrək ələs-Səhihəyn”)

 

Gördüyünüz kimi əhli sünnə təfsir və hədis alimləri də sözügedən ayədə oğlanlarımız deyildikdə İmam Həsən və İmam Hüseynin (ə) nəzərdə tutulduğunu qeyd etməkdədir. Bütün bu dəlillərə əsasən İmam Hüseyn (ə) Quran ayəsinə əsasən, Allah Rəsulunun oğlu-övladı hesab edilir. Əlbəttə bu oğul mənəvi anlam daşıyır nəinki peyğəmbər (s) Həzrəti Hüseynin fizioloji atasıdır. Bunu bir daha təkrar qeyd edirik ki, İslam düşmənləri Quranın bu ayəsindən sui-istifadə etməyə cəhd etməsinlər.

 /İslaminSesi/

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

 

Картинки по запросу Mahir Şəkərov

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system