NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qorxunc statistika: 70 min qadın bundan ölür

Oxundu: 139
Qorxunc statistika: 70 min qadın bundan ölür

2018-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 36 141 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən   bildirilib.

 

Qeyd olunub ki, onların arasında 18-19 yaşlıların sayı 1198, 20-24 yaşlıların sayı 7545, 25-29 yaşlıların sayı 11 578-dir. Aborta müraciət edənlərdən 10293 nəfər 30-34 yaş aralığındadır. 35 və yuxarı yaşda olanlar isə 5487 nəfər təşkil edib.

 

Azərbaycanda abortlarla bağlı müqayisə aparanda məlum olur ki, 2000-2011-cu ildə bu rəqəm 17529-27790 arasında dəyişib. 

 

Statistik rəqəmlərə nəzər saldıqda isə aydınlaşır ki, 2012-ci ildən abortların sayı artaraq 31038 olub. Növbəti ildən bu rəqəm yenidən azalıb. Belə ki, 2013-cü ildə 27892, 2014-cü ildə 27220 və 2015-ci ildə 27452 olub. 2016-cı ildə 34569, 2017-ci ildə isə bu rəqəm 37618 təşkil edib. 

 

Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə, hər il dünyada 70 mindən artıq qadın abort nəticəsində ölür. Amma Azərbaycanda abortla bağlı ölüm statistikası verilmir. 

 

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycanda apardığı araşdırmanın nəticəsinə görə, nə vaxtsa evli olmuş qadınların 54,8 faizi ən azı bir dəfə abort etdirib.

 

 

Abortla nəticələnən birinci hamiləlik - 1,9 faiz, ikinci - 17,9, üçüncü - 51,2, dördüncü - 70, beşinci və daha çox isə 80,4 faiz təşkil edir. Rəqəmlərə baxdıqda məlum olur ki, əsasən, selektiv abortlara üstünlük verilir, bu da ölkədə cins nisbətinin pozulmasına gətirib çıxarır. 

 

2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına 114 oğlan düşürdüsə, 2018-ci ildə hər 100 qıza 118 oğlan düşməsi müşahidə edilib.

 

Ekspertlərin sözlərinə görə, son illərdə doğulan uşaqlar arasında oğlanların sayının çoxalması davam edərsə, ciddi demoqrafik problemlər yaranacaq.

 
Azərbaycanda oğlan uşaqlarının doğulmasına həmişə üstünlük verilib. Amma əvvəllər bir oğulun dünyaya gəlməsi üçün 2-3 qız uşağının doğulması “yolverilən” idi. İndi isə ailələr çox uşaq istəmir. Onlar yeni texnologiyaların köməyindən yararlanaraq qız uşaqlarına qarşı cinsi selektiv abortlar etməyə başlayıblar. 

 

 

Ana bətnindəki dölün cinsiyyəti yalnız 16-cı həftədə məlum olur. Qanuna görə, 12-ci həftəyə qədər ana abort etmək istəsə, heç bir sorğu-sualsız bu istəyi təmin olunur. Ancaq 12-ci həftədən sonra abort üçün tibbi və sosial göstəricilər olmalıdır. 

 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə iki yüz manatadək cərimə və ya altı ayadək islah işləri ilə cəzalandırılır. Ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə üç yüz manatadək miqdarda cərimə və ya 180 saatdan 200 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 

 

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

UNFPA və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da Azərbaycanda qadınların abort etdirməsi ilə bağlı keçirilən sorğu qeyd edilib.

 

Belə ki, qadınların 64,3 faizinin ən azı bir dəfə abort etdirməsi müəyyənləşdirilib. Abort etmiş qadınların çoxu (90,1 faizi) onların kişi partnyorlarının qərar qəbuletmə prosesində iştirak etdiyini bildirib. 

 

Kişi partnyorların təxminən yarısı sonuncu dəfə aborta getmiş arvadlarını/partnyorlarını müşayiət etdiklərini qeyd etsə də, qadın respondentlərin 38,3%-i sonuncu dəfə aborta getdikləri zaman ərləri/partnyorları tərəfindən müşayiət edildiyini diqqətə çatdırıb.

 

 

Bu, kişilərin qoruyucu vasitələrdən istifadə və ailə planlaşdırılması məsələlərində iştirakının vacib başlanğıc nöqtəsi hesab edilə bilər. Kişilərin 77,8 və qadınların 78,9%-i abort etməklə bağlı birgə qərarın qəbul edildiyini bildirsə də, bu cür qərarın qadınlara məxsus olduğu kişilərlə müqayisədə, daha çox qadın tərəfindən qeyd edilib.

 

Daha az qadın bu cür qərarların kişilər tərəfindən verildiyini bildirib (bunu 6,7% kişi ilə müqayisədə, yalnız 1,6% qadın qeyd edib). Eyni zamanda, respondentlər qoruyucu vasitələrdən, xüsusilə kondomlardan istifadə səviyyəsinin aşağı olmasını cinsi əlaqə zamanı narahatlıqla və zövqün olmaması ilə əlaqələndiriblər: bu da sorğunun kəmiyyət komponenti əsasında əldə olunmuş nəticələri ilə üst-üstə düşür. 

 

Həkimlərin və səhiyyə xidmətləri göstərən digər tibb təchizatçılarının qoruyucu vasitələr barədə yetərincə məlumat verməməsi də qeyd olunub. 

 

Sorğuda iştirak edən və məyusluğunu gizlətməyən qadınlardan biri deyib:

 

“Mən bir neçə dəfə abort etsəm də, həkim qoruyucu vasitələr barədə bir söz belə deməyib”. 

 

Aparılan sorğu zamanı narahatedici məqam odur ki, cütlüklərin bəziləri abortdan “qoruyucu vasitə” kimi istifadə etdiyini qeyd edib. Yəni onlar hamiləlikdən qorunmağa üstünlük vermirlər, qadın hamilə qaldıqdan sonra bu “maneə”ni abort vasitəsilə aradan qaldırır. 

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  açıqlamasında bildirib ki, selektiv abortlar, erkən nikahlar bütün dünyada baş verən, cəmiyyətləri narahat edən məsələlərdəndir:

 

“Bu istiqamətdə bir sıra vacib tədbirlər həyata keçirilir. Ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilir, fərman və sərəncamlar imzalanır, dövlət proqramları icra edilir. Eyni zamanda, selektiv abortların qarşısının alınması məqsədilə və qız uşaqlarının doğulmasının stimullaşdırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vacib məsələlərdəndir.

 

Başqa ölkələrdə abortlar faiz dərəcəsinə əsasən üstünlük təşkil edir. Dünyada abortların 22%-i inkişaf etmiş, 78%-i isə inkişaf etməkdə olan ölkələrin payına düşür. Müasir dövrdə dünyada abortların səbəbləri kimi 40% qadınların öz arzusu; 25% yaşayış və həyat tərzi göstəricilərinə görə, 23% sosial göstəricilərə görə, 12% isə tibbi göstəricilərə görə olduğu müəyyən edilib. Abortların müxtəlif səbəbləri var.

 

Bəzi qadınlar ailə planlaşmalarında iki, üç və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitin olmamasını, evin olmamasını, işsiz olduqlarını (həm özlərinin, həm də həyat yoldaşlarının), uşağa baxmaq üçün hazırlıqlı olmadıqlarını göstərirlər. Bu siyahıya cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar. Azərbaycan da bu problemdən kənarda qalmayıb”.

 

“Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsi qəbul edilməlidir. Həmin qanun çərçivəsində qadınlar və qızların reproduktiv hüquqları müdafiə edilməlidir. Cinayət məsuliyyətinə qədər bu iş davam etməlidir.
 

Ümumiyyətlə, əhalinin müxtəlif yaş qrupları arasında, orta və orta ixtisas məktəblərin yuxarı sinif şagirdləri və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında bu məsələ ilə əlaqədar maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Bununla əlaqədar olaraq profilaktik tədbirlərin keçirilməsi zəruridir.

 

Selektiv abortların fəsadları ilə bağlı orta məktəblərdə, vətəndaşların qeydiyyatı idarələrində, tibb müəssisələrində maarifləndirici iş aparılmalıdır. Eyni zamanda, abort məqsədilə qadın məsləhətxanalarına, xəstəxanalarına müraciət edən hamilə qadınları fikirlərindən daşındırmaq üçün həkimlər abortun fəsadları, psixoloqlar isə bunun psixi cəhətdən törədə biləcəyi problemləri onların nəzərinə çatdırmalıdırlar”, - deyə Komitə sədri qeyd edib. 

 

Abortun qanuni olması şərtdir. Atanın məlumatı və ananın razılığı daxilində abort edilə bilər. Çünki abort ciddi bir əməliyyatdır və həyati əhəmiyyət daşıyır.oxu.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system