"Qoca qitə"nin ABŞ-dan yaxa qurtarmaq cəhdi - Trampın siyasəti Avropanı Rusiyaya meylləndirir

Oxundu: 438

Mütəllim Rəhimlii: “Proseslərin gedişi göstərir ki, Avropa ölkələri öz aralarında dil tapa bilsələr, ABŞ-ın asılılığından yaxa qurtara biləcəklər”

Son illər Avropa Birliyində (AB) geosiyasi səhnədə yöndəyişmə prosesi müşahidə olunur. Belə ki, Almaniyada keçirilən rəy sorğuları əhalinin daha çox ABS-dan uzaqlaşmanın və Rusiya ilə münasibətlərin tərəfdarı olduğunu göstərir. Fransa da son illərdə ABŞ-ı, eləcə də NATO-nun fəaliyyətini kəskin tənqid edir, bu alyansın Avropaya lazım olmadığını bildirir. Hətta bir vaxtlar vahid Avropa ordusunun yaradılmasından da söhbət gedirdi.


Maraqlıdır, bəzi Avropa dövlətlərinin, xüsusilə Almaniya və Fransanın ABŞ-danqaçma meyllərini nə ilə izah etmək olar? Ümumiyyətlə Avropa-ABŞ münasibətlərində yaranan soyuqluğun getdikcə artması fonunda dünya düzəninin perspektivi necə görünür?


İslaminSesi-nin sualını cavablandıran Ədalət Partiyası sədrinin müavini, politoloq Mütəllim Rəhimli dedi ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın təhlükəsizliyi məsələsini Avropanın təhlükəsizliyindən ayırmağa başladı. Və hətta bildirdi ki, Birləşmiş Ştatlar tamamilə yersiz olaraq NATO-nun xərclərinin əsas hissəsini öz üzərinə götürüb:

 

“Ona görə də NATO üzvlərinə çağırış etdi ki, müdafiə xərclərinə yenidən baxılsın. Tramp, ABŞ-ın pul verərək Avropa dövlətlərini qorumaq niyyətində olmadığını açıq-açkar bəyan etdi. Bundan sonra onun müttəfiqləri, xüsusilə Almaniya, Fransa, İtaliya öz gələcəkləri haqqında düşünməyə başladılar. Artıq bu dövlətlər Birləşmiş Ştatlara görə istənilən bir ölkə ilə münasibətlərində gərginliyin olmasını istəmirlər. Odur ki, biz, son vaxtlar Almaniyanın və Fransanın əvvəlkilərə nisbətən daha müstəqil siyasət yürütdüklərini müşahidə edirik. Bu dövlətlər Yaxın Şərq məsələsində artıq ABŞ-a dəstək vermir, İran və Rusiya ilə münasibətlərdə də sərbəst mövqe nümayiş etdirirlər”.


Politoloqun qənaətincə, ABŞ Avropaya nəzarətini saxlamaq niyyətindədir, lakin bunu külli miqdarda pul xərcləyərək etmək istəmir: “O üzdən İngiltərəni Avropa Birliyindən ayırmaq siyasətini həyata keçirir.Çalışır ki, gələcəkdə qitənin iqtisadi və siyasi baxımdan ən böyük ölkələrindən biri olan Böyük Britaniya vasitəsilə Avropanı təsir zonasında, eyni zamanda idarəsi altında saxlasın, lazım gələrsə onun vasitəsilə yenidən Avropada hegemonluğunu davam etdirsin”.


“Amma proseslərin belə gedişi göstərir ki, Avropa ölkələri öz aralarında dil tapa bilsələr, ABŞ-ın asılılığından yaxa qurtara biləcəklər”, - deyə M.Rəhimli əlavə etdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system