Putindən Köçəryana növbəti təbrik məktubu - Paşnyan yenə aşağılandı

Oxundu: 132
Putindən Köçəryana növbəti təbrik məktubu - Paşnyan yenə aşağılandı

Rusiya növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyana “sürpriz” edib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryanı Yeni il münasibətilə təbrik edib.

Putin keçmiş həmkarına məktub göndərib. Məktubda deyilir: “Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafındakı töhfənizi yüksək qiymətləndirir”.

Köçəryanı Yeni il və Milad münasibətilə təbrik edən Putin ona cansağlığı, dözüm və nikbinlik arzulayıb.

Bundan əvvəl Putin bu ilin sentyabrında Köçəryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib. Dünyanın aparıcı ölkəsinin Prezidentinin başqa ölkənin cinayətdə ittiham olunaraq həbsə atılmış prezidentini təbrik etməsi sıradan bir məsələ deyil. Ümumilikdə, bu, məhbus Köçəryana Putinin ilk təbriki deyil. R.Köçəryan ilk dəfə 2018-ci ilin iyununda həbs edilib. O zaman hətta Rusiya XİN-in başçısı Sergey Lavrov da N.Paşinyanı siyasi rəqiblərinə qarşı qisasçılıqdan çəkinməyə və həbsləri dayandırmağa çağırdı. Bundan sonra Köçəryan həbsdən buraxıldı və ad günü münasibətilə ilk təbrik zəngi V.Putindən gəldi. Lakin sonradan Köçəryanın növbədənkənar parlament seçkiləri ilə bağlı revanşa hazırlaşması və sərt bəyanatları Paşinyanı narahat etdiyi üçün, dekabr ayında eks-prezidentlə bağlı növbəti dəfə həbs-qətimkan tədbiri seçildi. İndiyə qədər Moskvadan məhbus Köçəryana 4 təbrik göndərildi, özü də nümayişkəranə şəkildə.

Bu bir daha onu göstərir ki, Putin növbəti dəfə Paşinyanı bir dövlət başçısı olaraq saymayaraq, aşağılayaraq çəkinmədən belə bir addım atdı. Yəni Paşinyan onun üçün hansısa çəkiyə malik olan bir siyasətçi deyil. Baxmayaraq ki, Ermənistan KTMT-də, Aİİ-də təmsil olunur. Bütün bunlara baxmayaraq, Paşinyan Köçəryana ard-arda göstərilən bu diqqətə görə səsini belə çıxarmağa cəsarət etmir.

Maraqlıdır, Paşinyanın yerində özünə hörmət edən başqa siyasətçi olsaydı, Rusiya Prezidentinin bu addımına görə necə hərəkət edərdi?

“Proseslər onu göstərir ki, Rusiya daha çox “Qarabağ klanı”na etibar edir”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Paşinyanın yerində başqa birisi və özünə hörmət edən siyasətçi olsaydı, hər halda buna etiraz edərdi: “Çünki neçənci dəfədir Putin Köçəryanı təbrik edir. Ancaq Paşinyan səsini belə çıxara bilmir. Putinin bu addımı həm də onu göstərir ki, Rusiya ilə Paşinyan iqtidarı arasında münasibətlər heç də rəvan deyil. Bu, tərəflər arasında ciddi problemlərin yaşandığını göstərir. Bunun da məsuliyyəti daha çox Paşinyan iqtidarının üzərinə düşür. Çünki bu iqtidar bölgə ilə bağlı reallıqları nəzərə almır, Rusiya ilə münasibətlərdə balansı gözləmir. Hansı ki, Rusiyanın Ermənistanın sosial-iqtisadi, siyasi həyatına təsir imkanları kifayət qədər böyükdür. Bu həm də onu göstərir ki, Paşinyan “rəngli inqilab” nəticəsində hakimiyyətə gəldiyi üçün ona etibar yoxdur. Ona görə də Rusiya Ermənistanla münasibətləri daha çox ikili standartlar üzərində qurur. Rusiya istəyir ki, Ermənistanda Moskvanın maraqlarına cavab verən siyasi elita hakimiyyətdə olsun. Proseslər onu göstərir ki, Rusiya daha çox “Qarabağ klanı”na etibar edir. Paşinyanın Putinin Köçəryanı təbrik etməsinin qarşısında susması həm də onu göstərir ki, onun mövqeləri əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Ermənistanda cəmiyyət mövcud iqtidarın kursundan narazıdır. Bu səbəbdən Paşinyan çılğın xarakterli siyasətçi olmasına rəğmən, etiraz edə bilmir”. (Bakıxəbər)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system