NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Proseslərin inkişafı Azərbaycanın xeyrinə deyil”

Oxundu: 839
“Proseslərin inkişafı Azərbaycanın xeyrinə deyil”

Mütəllim Rəhimli: “Mənbələrdən birindən aldığım məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyində və ona bağlı şirkətlərində işləyən vətəndaşlarının sayı rekord saydadır”

 

“Yaxın gələcəkdə Qərb Qarabağ məsələsində də İrəvanı daha aşkar müdafiə edəcəyini və bəzi Qərb ölkələrində Qarabağın “müstəqilliyini” tanıyan qərarların qəbul olunduğunu görəcəyik”

 

 Rusiyalı politoloq Aleksey Martınov sensasiyalı ittihamla çıxış edib. Onun sözlərinə görə, ABŞ Qafqazdakı koordinasiya mərkəzini Gürcüstandan Ermənistana köçürür. Rus ekspert iddia edib ki,ABŞ SSRİ-nin dağılmasından sonra keçmiş sovet coğrafiyasına nəzarəti ələ keçirmək üçün bütün infrastrukturu qurub. Martınov İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesini çətinləşdirdiyini bildirib: “Nikol Paşinyan bir yandan Qarabağla bağlı yaranmış həll mexanizmini dağıdır, bir yandan da Azərbaycanı təhdid edir. Sözün açığı, bu qarışıq vəzifəyə görə Paşinyan Qərbin hökumətə bağlı fondlarına güvənir. Bu, onun ən yaxşı bildiyi işdir. Con Boltona (Amerika prezidentinin müşaviri - red.) bütün bunları verə bilir, ya da verəcəyini vəd edir. Amerika Paşinyana buna oxşar vəzifələrdən birini də İranla bağlı verib. Lakin cırtdan bir ölkənin baş naziri bunun hansı vəzifə olduğunu heç vaxt deməyəcək”, - Martınov bildirib.

 

 Yaxşı, bəs ABŞ-ın Qafqazdakı koordinasiya mərkəzini Gürcüstandan Ermənistana köçürməsi Qarabağ məsələsində işğalçı ölkəyə hansı üstünlüklər verə bilər? Vaşinqtonun bu planı gerçəkləşərsə, regionun gələcək durumunu necə təsəvvür etmək olar?

 

 Mövzu haqda “İslaminsəsi”nə münasibətini açıqlayan Ədalət Partiyası sədrinin müavini, politoloq Mütəllim Rəhimli maraqlı nüanslara toxundu. Bildirdi ki, Azərbaycan cəmiyyətində açıq-aşkar hiss edilməsə də, regionda çox ciddi proseslər gedir: “Hadisələr bu cür davam etsə, biz yaxın gələcəkdə onun ölkəmizdə də təsirlərini görəcəyik. Düşünürəm ki, Ermənistanda son vaxtlar baş verən hadisələr, bundan xeyli əvvəl isə Gürcüstanda demokratikləşmə, azad seçkilər istiqamətində atılan addımlar bütöv regionu silkələmədən ötüşməyəcək. İndi Ermənistanda baş verənlər aparılan bütün təbliğat kampaniyalarına rəğmən bu ölkənin inkişafına dəstək olacaq. Biz müşahidə edirik ki, Ermənistanda korrupsiyaya uğramış hakimiyyətə son qoyuldu və indi o son yaşam cəhdlərini göstərməkdədir. Deməli, bu ölkə inkişafında yeni mərhələyə qədəm qoymaqdadır. Təbii ki, bu yolda ona Qərbin demokratik institutları yardım etməkdədir. Mənbələrdən birindən aldığım məlumata görə, ABŞ-ın bu ölkədəki səfirliyində və ona bağlı şirkətlərində işləyən vətəndaşlarının sayı rekord saydadır. Ekspertlərin iddialarının əksinə olaraq düşünürəm ki, Rusiya bu ölkəni nə qədər hərbi və iqtisadi nəzarətdə saxlasa da, Qərbin həlledici təsirlərinin qarşısını almaqda acizdir. Rusiya Ermənistanın səlahiyyətli orqanları ilə, Qərb isə cəmiyyətlə işləyib. Ona görə də Qərbin Paşinyana bütün sahələrdə dəstəyini bundan sonra da müşahidə edəcəyik. ABŞ-ın koordinasiya mərkəzi Gürcüstandan Ermənistana köçürmək istəkləri də bununla bağlıdır”.

 

 Politoloqun qənaətinə görə, proseslərin mövcud inkişafı Azərbaycanın xeyrinə deyil: “Belə ki, Gürcüstan və onun ardınca Ermənistan regionda Qərbin əsas müttəfiqinə çevrilir, iqtisadi, siyasi və hərbi yardımlar alır. Deməli, yaxın gələcəkdə Qərb Qarabağ məsələsində də Ermənistanı daha aşkar müdafiə edəcək. Fikrimcə, Ermənistanda proseslər bu istiqamətdə davamlı olaraq getsə, uydurma genosid məsələsində olduğu kimi bəzi Qərb ölkələrində Qarabağın “müstəqilliyini” tanıyan qərarların qəbul olunduğunu görəcəyik. Azərbaycanın xarici işlər naziri Ermənistanda danışıqlar aparmaq üçün hakimiyyətdə kimsənin tapılmadığını sevinclə bəyan etdiyi bir dövrdə təmas xəttində atəşkəs daimi olaraq pozulur. Əgər doğrudan da bu ölkədə iqtidar yoxdursa, onda ermənilərin atəşkəsi iri çaplı silahlar vasitəsilə pozmasının arxasında kimin qərarı və hansı cəsarət dayanır!? Bütün bunlar dövlət quruculuğu ilə yanaşı Qarabağ məsələsində də Ermənistanın yeni mərhələyə keçəcəyini göstərir. Həmin mərhələ isə bizim təbliğat maşınının dediyi kimi, İrəvanın güzəştə gedəcəyi anlamına gəlmir”.

 

 M. Rəhimli təəssüflə bildirdi ki, dünyanın və qonşu ölkələrin sürətlə dəyişdiyi, inkişaf etdiyi bir vaxtda Azərbaycan hökumətinin Qərbdə korrupsiya ilə bağlı əməlləri müzakirə olunur: “Ermənistan demokratik parlament seçkiləri keçirməyə hazırlaşanda Böyük Britaniyada Azərbaycan Beynəlxalq Bankı rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın dövlətdən oğurladığı milyonlarla funt-sterlinq əmlakı üzərində məhkəmə prosesi gedir. “Azərenerji”nin ona ayrılan pulları enerji sektoruna yatırmadığı üzə çıxır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system