“Proporsional seçki sisteminin tətbiqi zamanın tələbidir” – Əli Orucov

Oxundu: 342
“Proporsional seçki sisteminin tətbiqi zamanın tələbidir” – Əli Orucov

“Ümumiyyətlə seçki sisteminə münasibət dəyişməli, seçkilərin şəffaflığı üçün ilk növbədə hakimiyyət siyasi iradə ortaya qoymalıdır”

Məlum olduğu kimi, ötən həftənin sonunda bir sıra ictimai-siyasi təşkilatın təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masada vətəndaşların seçkilər prosesinə etimadını qaytarmağın mexanizmlərindən biri kimi proporsional seçki sisteminin bərpasının vacibliyi önə çəkilib. Hətta hakimiyyətə bu addımı atmaq çağırışı da səslənib.

 

Qeyd edək ki, hələ bundan əvvəl də bir sıra partiyalar proporsional seçki sisteminin bərpası üçün hakimiyyətə yazılı təkliflər paketi ünvanlayıblar. Amma bu təklif və çağırışlar müsbət nəticə verməyib. Bununla belə hakim partiyanın təmsilçiləri zaman-zaman açıqlamalarında, gələcəkdə nə vaxtsa proporsional seçki sisteminin bərpasının istisna olmadığını bildiriblər.

 

Bəs proporsional seçki sisteminin yenidən gündəmə gəlməsi və onun indiki situasiyada yenidən tətbiqolunması seçkilərin şəffaf və demokratik keçirilməsinə təminat verə bilərmi?

 

Mövzu ilə bağlı İslaminSesi-nə danışan politoloq Əli Orucov proporsional seçki sisteminin bərpası ilə bağlı artıq uzun müddətdir ki, müzakirələrin getdiyini və 2002-ci il referendumuna qədər də ölkədə bu sistemin mövcud olduğunu, 25 yerin məhz parlament seçkiləri üçün ayrıldığını, amma həmin referendumdan sonra bu sistemin tətbiqinin dayandırıldığını xatırlatdı:

 

“Bu, mütərəqqi bir sistem idi. Onun bir çox üstün cəhətləri vardı. Cənubi Qafqaz ölkələrində - hələ digər ölkələri nəzərdə tutmuram – istər Gürcüstanda, istərsə də Ermənistanda proporsional seçki sistemi indi də mövcuddur. Azərbaycanda da bu sistemin yenidən tətbiqi zamanın tələbidir. Amma bizdə indiki şəraitdə bu sistemin bərpasının, seçkilərin demokratik və şəffaf keçiriləcəyinə hansı formada təsir göstərəcəyini və əhəmiyyətli olacağını demək çətindir. Çünki qeyd etdiyim kimi, 2002-ci ilə qədər də bu sistem tətbiq olunurdu. Amma bu heç də o demək deyil ki, həmin vaxtlarda parlament demokratik əsaslarla formalaşmışdı. Xeyr. Seçki sisteminin demokratikləşməsi ayrı bir məsələdir”.

 

Ə.Orucovun sözlərinə görə, ümumiyyətlə seçki sisteminə münasibət dəyişməlidir. Və seçkilərin şəffaflığı üçün ilk növbədə hakimiyyətin özünün siyasi iradəsi lazımdır: “Belə bir iradə olmadan seçkinin şəffaf keçirilməsi mümkün deyil. Bundan ötrü ilkin olaraq siyasi rəqiblərə münasibət dəyişməli, seçkilərin azad və bərabər əsaslarla keçirilməsi üçün şərait yaradılmalıdır. İstər təbliğat-təşviqat kampaniyasının, istərsə də bütövlükdə seçki kampaniyasının aparılması və s. nəzərdə tutulur. Yəni bunlar olmadan hətta bütün seçkilər proporsional qaydada keçirilsə belə, onun demokratik olması üçün heç bir əhəmiyyətli rolundan danışmaq olmaz”.

 

Bununla belə müsahibimiz hesab etdiyini bildirdi ki, sözügedən sistem partiyalar daxilində rəqabətin olmasına, partiyalara insanların cəlb edilməsinə təkan verə bilər: “Hər halda proporsional sistemin bərpası müsbət nəticələr əldə etməyə imkan verər. Yəni təcrübədən keçərək özünü doğruldub deyə, dünyanın əksər ölkələrində məhz bu sistemdən istifadə olunur. İnanıram ki, gec-tez Azərbaycanda da tətbiq ediləcək. Amma bu nə qədər tez olsa, biz o qədər qazanmış olarıq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system