NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 285
Prokurorluq operatorun müəmmalı ölümünü araşdırmağa başladı

Prokurorluq operatorun müəmmalı ölümünü araşdırmağa başladı

Balabəy Balabəyovun atası: “Oğlumu öldürüb sonra da meyitini dənizə atıblar, o, intihar etməyib”; ”Şahoyl”un sahibi həbs oluna bilər; Vüqar Məmmədov ölkəni niyə tərk edib?

Bakı bulvarının ərazisində dənizdə meyiti aşkar olunan 1996-cı il təvəllüdlü Balabəy Azər oğlu Balabəyovun müəmmalı ölümü ilə bağlı cinayət işi başlanıb. Səbayel Rayon Prokurorluğunda ölüm faktına görə ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hələlik saxlanılan yoxdur.

 

Balabəy Balabəyovun yaxınları onun özünü öldürməsi versiyasına inanmırlar. Atası Azər Balabəyov “Yeni Müsavat”ın əməkdaşına deyib ki, oğlunun intihar etməsi ilə bağlı fikirlər uydurmadır: “Oğlumun meyiti tapılandan sonra sudan çıxardılar. Ora ekspert gəldi. Hadisə yerində polislər də vardı. Ekspert dedi ki, 20 günə rəy yazıb verəcək ki, oğlum nədən ölüb. Oradakı polislər də dedilər ki, oğlumun boynu, burnu sındırılıb. Bizə meyiti təhvil verəndən sonra yaşadığımız Türkan qəsəbəsində məscidə apardıq. Orada kəndin baş mollası uşağın meyitini yuyanda o da dedi ki, boynu sınıb, burnu sınıb, qurşaqdan yuxarı bədənində döyülmə izləri var. Oğlumu öldürüb sonra da meyitini dənizə atıblar. Mənim oğlum intihar etməyib”.

 

Azər Balabəyov oğlunun  meyiti aşkarlandığı gündən 1 gün əvvəl öldürülərək dənizə atıldığı qənaətindədir. Bildirir ki, oğlunun meyiti 11-12 gün suda qalmış olsaydı, şişkinliyi nəzərə çarpardı. Balabəy Balabəyovun meyiti şişkin olmayıb. Gözüyaşlı ata baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edərək oğlunun müəmmalı ölüm işini nəzarətə götürmələrini xahiş edib.

 

Bakı şəhər prokurorunun köməkçisi  Tural Aslanov açıqlamasında bildirib ki, fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq aparılır. Köməkçi müəmmalı ölüm işi üzrə konkret nəsə deməyin mümkün olmadığını bildirib. Əlavə edib ki, ekspertizanın rəyindən sonra nəsə demək mümkündür.

 

 

T.Aslanov Balabəy Balabəyovun yaxınlarının onun öldürülməsi haqda fikrilərinə münasibət bildirməyib.

 

Balabəy Balabəyov bu il martın 31-də yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsindəki evlərindən çıxaraq operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsinə (YDM) iş yerinə gedib. Növbəti gün - aprelin 1-də isə B.Balabəyov iş yerindən itkin düşüb. Valideynləri onun itkin düşməsində YDM sahibi Vüqar Məmmədovu günahkar bilirlər. Deyirlər ki, YDM sahibi Balabəy itkin düşməzdən əvvəl onun atası ilə telefonla danışıb, oğlunun 431 manat kəsirinin olduğunu deyib. Bundan dərhal sonra Azər oğlunun nömrəsini yığıb. Balabəy ağlayaraq atasına yalvarıb ki, YDM-ə gəlsin. Azər Balabəyov oğluna deyib ki, “narahat olma, pulu götürüb gəlirəm, tezliklə orada olacağam”. Yarım saat sonra atası artıq YDM-də olub. Azər Balabəyov ora çatanda Vidadi kabinetində oturubmuş. Azər pulu YDM-in sahibinə verib və oğlunu soruşub. Vidadi deyib ki, Balabəy qaçıb. Lakin doğmaları Balabəyin qaçdığına inanmayıb. YDM sahibindən kameralara birgə baxmalarını tələb ediblər. Vidadi Məmmədov onlara kameralara baxmağa imkan verməyib, şərait yaratmayıb. Belə bir şübhə var ki, YDM-in sahibi ilə operator arasında münaqişə baş verib və nəticədə cavan oğlan döyülüb. Bu səbəbdən də ola bilsin ki, YDM-in sahibi yaralı oğlanı gizlədib. O da bilinir ki, Balabəy Balabəyov itkin düşməzdən əvvəl də YDM-in sahibi ondan növbə dəyişən zaman işdə nöqsanların olduğunu və pulun çatışmadığını bəhanə gətirərək bir neçə dəfə pul alıb. Həmin məbləğ əvvəllər 20 manatı aşmayıb.

 

"İslaminSesi.info" bildirir ki, mərhumun qohumu Vüqar Əmirov aprelin 13-də “Yeni Müsavat”a verdiyi açıqlamada deyib ki, hüquq-mühafizə orqanlarından onlara Vidadi Məmmədovun ölkədən getdiyini bildiriblər: “Dedilər ki, Vidadi Gürcüstana gedib. Getməsinin səbəbini soruşduq, dedilər yas məclisində iştirak etmək üçün gedib. Bu adamın işçisi itkin düşüb, biz ondan şübhələnirik və bu adam ölkədən gedib. Hesab edirik ki, o, ölkədən qaçıb. Başqa bir tərəfdən əgər Balabəyin ölümündə günahları yoxdursa, niyə gəlib ailəsinə başsağlığı vermədilər? Axı Balabəy Balabəyov bu adamın işçisidir. Adi etik qaydalar var. Başsağlığı verməyə özü gəlmirdisə, deyildiyi kimi Gürcüstana yasa gedibsə, həmin məntəqənin digər sahibi də qardaşı Şakirdir, onu göndərərdilər. Ümumiyyətlə, Balabəyin iş yerindən gəlib ailəsinə başsağlığı verən olmadı. Bu adamlar hərəkətləri ilə də bizim şübhələrimizin əsaslı olduğunu göstərdilər. Balabəyi döyüblər, ölümcül hala salıblar. Gözləməyiblər ki, biz məsələni ictimiləşdirərik. Məsələ ictimiləşəndən sonra da dənizə atıb izi itirmək istəyiblər. Özlərinə də yalançı şahidlər tapıblar. Guya Balabəy gecə saat 3-də özünü dənizə atıb və bunu qızlar görüb. Gecə saat 3-də dəniz kənarında qızlar nə gəzirdi?”

 

Vüqar Əmirov vurğulayıb ki, istintaq orqanından ədalətli araşdırma gözləyirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system