“Problemin həlli uzandıqca Qarabağı da Fələstinin taleyi gözləyə bilər” – İlqar Əli

Oxundu: 734
“Problemin həlli uzandıqca Qarabağı da Fələstinin taleyi gözləyə bilər” – İlqar Əli

“Necə ki böyük Fələstin torpaqlarında məskunlaşan, dövlət quran İsrail neçə illərdən sonra fələstinliləri sıxışdıraraq kiçik bir ərazidə saxlayıb, eynilə də ermənilər bizə qarşı həmin xətti götürüblər”

Təxminən 70 ildir ki, Fələstin torpaqları İsrailin işğalı altındadır. Və illərdir İsrail tərəfi həmin ərazilərdə məskunlaşma siyasəti aparır. Əhali sürətlə məskunlaşır və vaxt uzandıqca beynəlxalq qurumlar da fakt qarşısında qalır. Bu gün isə o yerə çatıb ki, fələstinlilər öz haqlarını, öz torpaqlarını bu və ya digər şəkildə tələb etməyə qalxanda, İsrailin qanunsuz məskunlaşmasına qarşı çıxıb silahlı müqavimət göstərəndə beynəlxalq qurumlar, azman dövlətlər onları terrorçu adlandırırlar.

 

Bəli, bu bir faktdır. Qarabağın 30 ilə yaxındır erməni işğalı altında qalması da həmçinin. Sual yaranır: Qarabağla bağlı hazırkı durumu İarail-Fələstin münaqişəsi ilə müqayisə etmək olarmı? Biz də nə vaxtsa tabe olmayan ermənilərə, erməni terrorçularına qarşı silahlı  mübarizəyə qalxsaq fələstinlilərlə eyni duruma, çıxılmaz vəziyyətə düşə bilərikmi? Belədirsə nə etməli?

 

İslaminSesi-nin suallarını cavablandıran Məcburi köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlqar Əli təkcə Qarabağı deyil, vaxtilə böyük Azərbaycan torpaqlarında - İrəvan xanlığı ərazisində məskunlaşan ermənilərin artıq əsrlərdir ki, bizim ərazilərimizin böyük bir hissəsini zəbt etdiklərini, tədricən torpaqlarımıza sahib çıxdıqlarını xatırlatdı:

 

“Necə ki, böyük Fələstin torpaqlarında məskunlaşan, dövlət quran İsrail neçə illərdən sonra fələstinliləri sıxışdıraraq kiçik bir ərazidə saxlayıb, eynilə də ermənilər bizə qarşı həmin xətti götürüblər. 1918-ci ildə Cümhuriyyət yaranan zaman Avropa dövlətləri Azərbaycanın qarşısında bir şərt olaraq qoymuşdular ki, ərazilərimizdə ermənilərə də yer versinlər, onlar da müstəqil dövlət yaratsınlar. O vaxt Cümhuriyyət rəhbərləri dilemma qarşısında qalmışdılar. İllər keçdikcə ermənilər Azərbaycan torpaqlarını hissə-hissə zəbt edib öz torpaqları kimi tanıtmağa çalışıblar. Eynilə bu gün Qarabağı 30 ildir işğalda saxlayıblar. Yəni bizi də Fələstinin taleyi gözləyə bilər.  Problemin həlli uzandıqca beynəlxalq təşkilatlar ermənilərin Qarabağda məskunlaşmasını tanımağa məcbur olurlar”.

 

İ.Əli bu yaxınlarda Rumıniydan olan deputatın bizim Milli Məclisdə bildirdiyi fikrə də toxundu: “Xatırlayırsınızsa əcnəbi deputat demişdi ki, əgər Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlayarsa, beynəlxalq təşkilatlar sizi terrorçu kimi tanıyacaqlar. Göründüyü kimi,  Azərbaycan hakimiyyəti susmaqla beynəlxalq təşkilatların, aparıcı dövlətlərin əlinə belə bir əsas verib. Ona görə də Azərbaycan hökuməti erməni, özünün dediyi kimi sərsəmlərinin(?) qarşısında susmamalı, onlara adekvat addımla, hərbi əməliyyatlarla cavab verməlidir”.

 

Müsahibimiz bir faktı da xatırlatdı ki, güc dövlətləri hər zaman güclülərin tərəfindədirlər. O, hesab etdiyini bildirdi ki, bu gün Azərbaycan hakimiyyəti özünü qorxaq və zəif kimi tanıdır. Ermənistan isə illərdir torpaqlarımızı işğalda saxlamaqla özünün güclü olduğunu sübut edir. Onların cavabı verilmir. Nə qədər ki, Azərbaycan belə qorxaq siyasət yürüdəcək, savaş qərarı verməyəcək, nəinki beynəlxalq qurumlar, Avropa dövlətləri, hətta yaxın qonşularımız tərəfindən qınağa tuş gələcəyik. İtirilmiş şərəfimizi özümüzə qaytarmağın vaxtıdır. Aylar, həftələr, hətta günlər keçdikcə ermənilər öz maraqlarının de-yure təmin olunmasına daha çox yaxınlaşırlar.Ona görə də hakimiyyət bu biabırçılığl Azərbaycan xalqı üzərindən götürməli və müharibə qərarını verməlidir”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system