NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Paşinyanın hesabat vaxtı və bizim hesab vaxtımız

Oxundu: 554
Paşinyanın hesabat vaxtı və bizim hesab vaxtımız

Arzu Nağıyev: “Ermənistanın baş naziri görüşlərdə iştirak edir, bəyanatlar və iddialar səsləndirir ki, hakimiyyətinin ildönümündə mitinqçilər, dövlət strukturları, ümumilikdə erməni ictimaiyyəti qarşısında hesabat verə bilsin”

 

Bütün qonşularının torpaqlarına iddiaları olan, illərdir Azərbaycan ərazilərini işğalda saxlayan ermənilər mif adlandırdığımız “dənizdən dənizə böyük Ermənistan” yaratmaq iddiasından əl çəkmək niyyətində deyil. Reallıq isə budur ki, yox yerdən bizim tarixi torpaqlarımız hesabına Ermənistan dövləti yaradıblar. İndi isə məlum olduğu kimi, bir müddətdir düşmən ölkədə analoji sərsəmləmələr yenidən baş qaldırıb. Belə ki, müdafiə strategiyasından hücum taktikasına keçmək niyyətini açıqlayan Nikol Paşinyan hakimiyyəti Azərbaycana qarşı yeni ərazi tələbi ilə çıxış edir.

 

Bəs Paşinyanın bu iddialarını necə qiymətləndirmək olar və həmin iddiaların arxasında kimlər və nələr dayanır? Ümumiyyətlə, Ermənistan tərəfi nəyə arxayındır?

 

Siyasi şərhçi Arzu Nağıyev “İslamınSəsi”nə bildirdi ki, bütün ermənilər üç məsələdə - erməni kilsəsi, Dağlıq Qarabağ və qondarma soyqırımı məsələsində vahid mövqedədirlər.

 

A.Nağıyevin sözlərinə görə, o üzdən Paşinyan hətta boynuna götürsə ki, münaqişəni həll edəcək, bu, inandırıcı görünmür: “Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq, Paşinyanın Dağlıq Qarabağ separatçıları qarşısında heç bir öhdəliyi yoxdur. Sadəcə onların mandatını almaq adı altında müəyyən siyasi gedişlər edir. Danışıqlardan dərhal sonra və görüşdən əvvəl Paşinyanın Bako Saakyanla (Dağlıq Qarabağ separatçı rejimin rəhbəri) telefon əlaqəsi saxlaması, eyni zamanda həmin ərəfədə atəşkəsin pozulması, təxribatlara əl atılması bir daha göstərir ki, o, mənzərəyə nəzarət edə bilmir.

 

Digər tərəfdən, bu ay Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam olur. O, bütün parametrlər üzrə hesabat verməlidir. İqtisadiyyatla bağlı müəyyən proqram tərtib olunub, lakin həyata keçirilməyib. Yalnız korrupsiyaya qarşı mübarizədə bəzi addımlar atılıb. Siyasi məsələdə isə əsas prioritet Dağlıq Qarabağ münaqişəsidir ki, Paşinyan bunun hesabatını, yəni görülən işlərin nəticələri haqqında ictimaiyyətə məlumat verməlidir. Məhz bu səbəbdən Paşinyan görüşlərdə iştirak edir, bəyanatlar və iddialar səsləndirir ki, mitinqçilər, dövlət strukturları, ümumilikdə erməni ictimaiyyəti qarşısında hesabat verə bilsin. Bu baxımdan Ermənistan prezidentinin ritorikaları, iddiaları siyasi gedişə hesablanıb”.

 

Politoloq dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Ermənistan Rusiyaya həm sıx bağlıdır, həm də ümid bəsləyir: “İstər görüşdən öncə, istərsə də sonra Paşinyan Moskvadan mütləq şəkildə təlimatlar aldı. Ermənistanın müdafiə naziri David Tonoyanın Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdən sonra ABŞ-a səfəri və oradakı çıxışındanda açıq-aşkar hiss olundu ki, İrəvan əsas güc mərkəzi kimi Rusiyaya arxalanır”.

 

Politoloqun fikirlərinə əlavə olaraq qeyd edək ki, 30 ilə yaxındır dillə (oxu: danışıqlarla) aça bilmədiyimiz Qarabağ düyününü dişlə (oxu: müharibə ilə) açmağa cəhd göstərsəydik, o zaman nə Paşinyan, nə də onun sələfləri hər görüşdən sonra, yumşaq desək, bizi barmağına sarımağa cürət etməzdi. Başqa sözlə, hesab vaxtının vaxtını keçirməsəydik, indi baş dığanın nə hakimiyyətə gəlməyə, nə də bir illik hakimiyyətinin hesabatını verməyə vaxtı qalmayacaqdı.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system