NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Özünə umac ova bilməyən” Makronun erməni sevgisi

Oxundu: 1070
“Özünə umac ova bilməyən” Makronun erməni sevgisi

Məhərrəm Zülfüqarlı: “Sadəcə Qərb ölkələri Türkiyədən nəsə alanda, yaxud nəyisə vermək istəməyəndə qondarma soyqırımını yada salırlar”

 

Xəbər verildiyi kimi, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının rəsmi qəbulunda Makron,24 apreli “erməni soyqırımı”nın anma günü elan etdiyini açıqlayıb. O, 1915-ci il aprel hadisələrini Osmanlı imperiyasında yaşayan ermənilərin guya amansızlıqla öldürülməsi kimi qiymətləndirib.

 

“Fransa 1915-ci il hadisələrini o dövrdə soyqırım olaraq tanıyan və uzun mübarizədən sonra 2001-ci ildə onu qanunla tanıyan ilk ölkələrdən biri oldu. Gələcək həftələrdə isə ölkəmizdə aprelin 24-nü erməni soyqırımını anma günü olaraq qəbul edəcəyik”, - Makron deyib.

 

Fransanın Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyini nəzərə alsaq, bu halda rəsmi Bakının prezident Emmanuel Makronun məlum qərarına münasibəti necə olmalıdır?

 

Məsələ ilə bağlı “İslamınsəsi”nə fikirlərini bölüşən tarixçi-politoloq Məhərrəm Zülfüqarlı dedi ki, Minsk Qrupunda vasitəçilik edən üç dövlətdən ikisi - Fransa və Rusiya rəsmi olaraq elan etməsələr də ermənipərəstdirlər. Amerika Birləşmiş Ştatları isə daim öz maraqlarından çıxış edir:

 

“Tarixçilər sübut ediblər ki, 1915-ci ildə Türkiyədə baş verən hadisələrdə soyqırım olmayıb. Və onlar dəfələrlə tarixi faktların saxtalaşdırılmasna tutarlı faktlarla cavab verərək, “erməni soyqırımı”nın həqiqətdən uzaq olduğunu bildiriblər. Sadəcə Qərb ölkələri Türkiyədən nəsə alanda, yaxud nəyisə vermək istəməyəndə qondarma soyqırımını yada salırlar. Ona görə də nə Qərb standartlarına, nə də Qərbin demokratiyasına aludə olmamalı, problemlərimizi özümüz həll etməliyik.

 

Məncə, rəsmi Bakı bu məsələyə neytral yanaşmalıdır. Çünki yadınızdadırsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ Moskva ilə münasibətlərin soyuq olduğu vaxtlarda Rusiyanın Qarabağ münaqişəsində tərəf olduğunu bildirmişdi. Və onun bu açıqlaması aləmi qarışdırmışdı. Odur ki, Bakı diplomatik qaydada hərəkət edir və bunu davam etməlidir. Amma bizim kimi müstəqil ekspertlər öz fikirlərini deyə bilərlər, biz bunda azadıq”.  

 

Politoloq Elçin Xalidbəyli də Minsk Qrupuna həmsədrlik edən Fransanın davranışlarının Azərbaycana münasibətdə həmişə qərəzli olduğunu vurğuladı. Və dedi ki, Fransa sözügedən quruma həmsədrlik etsə də, bu dövlətin siyasi dairələri Ermənistanın himayədarı statusunda çıxış edir: “Bu, həmişə belə olub, yəqin ki, gələcəkdə də eynilə davam edəcək. Vaxtilə Fransa "Erməni soyqırımını inkar edənlərə cəza tətbiq olunması" ilə bağlı qanun da qəbul etmişdi. Fransanın indiki prezidenti E.Makronun da Qarabağ münaqişəsinin həlli prosesinə, eləcə də qondarma "erməni soyqırımı" sərsəmləməsinə yanaşması özündən əvvəlki dövlət başçılarından qətiyyən fərqlənmir. O, Fransanın əvvəlki prezidentlərinin siyasi kursunu eynilə davam etdirir.

 

Azərbaycanın rəsmi dairələrinin bu məsələyə reaksiyasına gəldikdəsə, rəsmi Bakı buna yəqin ki, hansısa məzmunda münasibət bildirəcək. Çünki rəsmi Bakının E.Makrona onun ölkəsinin Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu və bu həssas mövzulara Fransanın mütləq neytral mövqedən yanaşmasının vacibliyini xatırlatması zəruridir. Böyük ehtimalla rəsmi Bakı bunu diplomatik kanallarla Fransa prezidentinin diqqətinə çatdıracaq”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system