NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Onlar hər gün Bakını quşbaxışı görürlər - Zabrat aeroportunda bir gün

Oxundu: 154
"

“Bircə onu istəyirəm ki, uçuşlarımızın sayı enişlərimizlə eynilik təşkil etsin!”

 

Məncə, bir pilotun həmkarlarına arzu edə biləcəyi bundan təsirli ikinci belə istək yoxdur. Bir deyim də var ki, onlar uça bilən hər bir şeydə uçurlar, hətta uça bilməyənlərdə də uçmağı bacarırlar. 

 

Aviasiya sahəsində çalışan insanların öz dünyası var, tamam başqa bir dünya. Bunu yarım günlük müşahidəmdən sonra daha əminliklə deyə bilərəm. 

 

İnsan övladına bəxş edilməyən uçmaq xüsusiyyətinə sahib olmaq onlara ayrı bir rahatlıq, azadlıq və özgüvən qatıb. İstər söhbətlərindəki incə yumorda, istərsə də təpədən dırnağa bütün hərəkət və mimikalarında bu azadlığı oxumaq olar.

 

Biz sadə vətəndaşların ən yaxşı halda ildə bir-iki dəfə təyyarə ilə uçub göydən yerə baxmaq şansımız olur. Ancaq vertolyotla demək olar, hər gün uçub, iri pəncərələrindən açılan mənzərəni ovcunun içində hiss etmək, onu quşbaxışı izləmək hər kəsə nəsib olmur.

 

Odur ki, biz də “Qafqazinfo” olaraq bu dəfə yolumuzu çoxunun ünvanını belə bilmədiyi “Zabrat Hava Limanı”ndan saldıq.

 

Hava limanında uçuşlar əsasən böyük şirkətlərlə müqavilə əsasında həyata keçirilsə də, kommersiya uçuşlarının da sayı az deyil. Bu haqda bir qədər sonra daha ətraflı yazacağım üçün əvvəlcə maraqlı bir məqama toxunmaq istəyirəm. 

 

Ənənəvi uçuşlardan fərqli olaraq, vertolyotla uçmaq üçün sizə sadəcə uçuş bileti kifayət etmir. Məsələn, “Neft Daşları”, “Çilov” adasına və özüllərə gedən sərnişinlər xüsusi təlimlərdən keçərək sertifikat əldə etməlidir. Bu, dəniz üzərindən uçan vertolyotun qəza enişi ehtimalı ilə bağlıdır. Qəza enişi zamanı hava gəmisi göyərtəsindən çıxmaq və sağ qalmaq üçün təlimlərdən keçmək və xilasedici jiletlərdən və xüsusi hidrokostyumlardan istifadə etmək vacib şərtdir. 

 

Yenidən qayıdaq uçuş prosedurları və hava limanının strukturuna. Aeroporta giriş yalnız aviasiya təhlükəsizliyinə dair xüsusi yoxlanışdan sonra mümkündür. Sərnişinlərin uçuşa göndərilməsi gün ərzində 300 nəfəri yola sala bilən sərnişin və yük terminalları vasitəsilə həyata keçirilir. 

 

Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat bölməsindən, 120 oturacaqlı, monitorlarla təchiz edilmiş kafesi olan gözləmə zalından ibarətdir. 

 

Aviadaşınmaların təşkili və müşahidəsi xidmətinin rəisi Elmar Dadaşovun sözlərinə görə, hazırda uçuşlar daha çox SOCAR, BP və TOTAL şirkətləri ilə bağlanmış müqavilə əsasında təşkil olunur:

 

“Uçuşlar üzrə növbə cədvəli var. Elə olur ki, gün ərzində 40-50, 120, hətta 300-ə yaxın sərnişin yola salınır. Bu, təqribən 6-8 vertolyotun intervalla yola salınması deməkdir”.

- Bildiyimə görə, hazırda buradan özəl uçuşlar da təşkil olunur.

- Bəli, kommersiya uçuşları da həyata keçiririk ki, bunun üçün də uçmaq istəyən şəxs və ya şirkət bizimlə müqavilə bağlamalıdır. Daha sonra onlar ölkədaxilində istənilən yerə rahatlıqla uça bilərlər. 

- Kommersiya uçuşlarının qiymətini öyrənə bilərik?

- Maliyyə şöbəsinə aid olduğu üçün qiymətlərlə bağlı bir söz deyə bilmərəm. 

- Bəs bu zaman müştəriyə müəyyən vaxt məhdudiyyəti qoyulur?

- Helikopterlərin uçuş vaxtı günəşin doğmasından batmasına kimidir. Günəş batana kimi helikopter öz bazasında olmalıdır. Əks hallarda təyinat məntəqəsində hava gəmisinin və heyət üzvlərinin tam olaraq təhlükəsizliyi təmin edilməli, lazımi uçuşqabağı texniki xidmət əvvəlcədən təşkil edilməlidir. 

- Hazırda əsas uçuşlarınız hara təşkil olunur?

- Neftçilər Xəzər dənizində olan özüllərə daşınır. Çilov, Neft Daşları və yaxud digər platformalara uçuşlar yerinə yetirilir. Qəza və ya hər hansı bir neftçinin xəstələnməsi səbəbindən helikopter sifariş olunursa, istər gündüz, istərsə də gecə vaxtı 1 saat ərzində həmin sərnişinin uçuşunu təşkil edib təxliyyə işi görmək borcumuzdur.


 
- Bayaq qeyd olundu ki, bu aeroportdan beynəlxalq uçuşlar təşkil olunmur. Bəs xəstəlik və ya başqa bir səbəbdən müraciət olunduqda necə?

- O halda olar. Tibbi təxliyyə vaxtı sifariş əsasında beynəlxalq uçuş təşkil oluna bilər. Amma hazırda ancaq ölkədaxili uçuşlar təşkil olunur.

Prosedur isə davam edir. Sərnişin qeydiyyat masasına yaxınlaşır. Yük və şəxsiyyəti təsdiq edən sənədini təqdim edir. Qeydiyyat işi tamamlandıqdan sonra sərnişin videobrifinqə baxmaq üçün yollanır. Brifinqlər hava gəmilərinin növündən asılı olaraq 9-12 dəqiqə arası dəyişir. Daha sonra sərnişinlərə xüsusi geyimlər təqdim edilir. Suyun hərarətindən asılı olaraq yaz-yay aylarında sadəcə xilasedici jiletlər, payız-qış mövsümü zamanı isə jiletlərlə yanaşı termal geyimlərdən (hidrokostyumlardan) istifadə olunur. 

Hava limanı ərazisində kiçik aviasiya təyyarələrinin uçuş-enişi üçün zolaq salınıb. Həmçinin işıqlandırma sistemi təchiz olunduğu üçün burada gecə uçuşları da həyata keçirilə bilər. Aeroportda helikopterlərin qəbulunu təşkil etmək məqsədilə ümumilikdə 12 helikopter dayanacağı inşa edilib. Ən maraqlısı isə odur ki, aerodromun müxtəlif hissələrində səsgücləndiricilər vasitəsilə quş səsi verilir. Bu, hava gəmiləri üçün təhlükəli olan quşların ərazidən uzaq qalmasını təmin etmək üçün vacib şərtlərdəndir. 

“Silk Way Helicopter Services” MMC aviasiya şirkətinin Baş direktoru Azər Sultanov da bizə hava limanının heyəti və hazırda uçuş həyata keçirən texnikalar barədə ətraflı məlumat verib:

“İşimizin əsas tərkib hissəsi Xəzər dənizi körfəzində yerli və xarici neft şirkətlərinin neftçilərinin buruqlara daşınmasından ibarətdir. Bununla bağlı müxtəlif tipli rus və qərb istehsalı vertolyotlarımız var. Heyətimiz 498 nəfərdir, onlardan 140 nəfəri pilotlar, ikinci pilotlar və bort mühəndislərdir. Hazırda 21 helikopterimiz var və onlardan 2-i tam tibbi avadanlıqla təmin edilmiş ambulans helikopteridir, eyni zamanda yüklərin nəql edilməsi və sərnişin daşınması üçün helikopterlər var”.

Helikopterlər şərq və qərb texnikası olmaqla əsas iki qrupa bölünür. Onların  uçuş sxemində hər hansı bir fərq yoxdur. Helikopterlər sadəcə funksiyalarına görə bir-birindən fərqlənir. 

Bizi şərq texnikasının anqarı ilə yaxından tanış edən Baş direktorun Şərq texnikası üzrə müavini Şahmur Məhərrəmov deyir ki, anqarlarda temperatur xüsusi avadanlıqlar vasitəsilə fəslə uyğun olaraq müəyyənləşdirilir. Motorların bəzi hissələrinin dəyişdirilməsi üçün isə anqarın tavanında telfer (qaldırıcı) adlı qurğu quraşdırılıb. Qar, yağış yağmasından, günün çıxmasından asılı olmayaraq texnika üçün bütün lazımi şərait yaradılıb:  

“Bax, bu anqarda Azərbaycan tarixində ilk dəfə Rusiya, Saratov vilayəti 356 saylı zavodun və bizim işçilərin iştirakı ilə vertolyot təmir edilib. Hazırda da həmin hava gəmisi fəaliyyətdədir. Təmir zamanı vertolyotlar tam sökülür, üzərindəki boya silinir və demək olar ki, sıfırdan yığılır”.

Bu sahəyə marağı olan və Azərbaycanda hansı vertolyotların fəaliyyət göstərdiyini bilmək istəyənlər üçün qısaca donanmaya nəzər salaq. Burada vertolyotlarla yanaşı “Cessna-172 Skyhawkin” tipli kiçik təyyarələrin uçuşlarının təşkil olunduğunu görürük. Sadə uçuş xarakteristikası olan bu “cırtdan” aviasiya sahəsində ən təhlükəsiz təyyarə reputasiyasına malikdir. Kreyser sürəti 230 km/saat, sərnişin yeri isə 3-dür.

Şərq texnikasına daxil olan çoxməqsədli vertolyot Mi-171 sərnişininlərin aparılması və yüklərin daşınması, böyük ölçülü yüklərin xarici asılqanda daşınması, axtarış–xilasetmə işlərinin aparılması, xəsarət alan şəxslərin evakuasiyası və sairə kimi xüsusiyyətlərə malikdir. Maksimal sürəti  250 km/saat olan bu vertolyot 26 nəfər sərnişinin aparılması üçün nəzərdə tutulub.

Qərb helikopterlərindən isə AW139 (SAR) axtarış xilasetmə təyinatlı tapşırıqları yerinə yetirə bilir. Bu helikopter tutumuna, maksimum uçuş məsafəsinə, sürətinə və çoxfunksiyalılığına görə bir çox iki mühərrikli helikopterləri üstələyir. Projektor, 4 ədəd suya enmə/üzmə yastıqları sistemi (ballonet), buzlaşmadan tam qorunma sisteminə sahib olan bu helikopter 12 sərnişin tutumuna malikdir.

Hava limanı və texnika ilə tanış olduqdan sonra əsərin əsas qəhrəmanı, yəni pilotlarla söhbətləşmək üçün uçuş xidməti binasına yollanırıq. Hər bölmədə olduğu kimi burada da xüsusi yoxlanışdan keçdikdən sonra binaya daxil oluruq. Binada pilotlar üçün ofis otaqları, xüsusi linqafon otağı və gecə-gündüz növbətçiliyi üçün otaqlar yerləşir.

26 ildir “Zabrat Hava Limanı”nda fəaliyyət göstərən pilot-instruktor Məhərrəm Quluyev bizə ekipaj üzvlərinin uçuşa hazırlıq planını izah edir:

“Vertolyotumuzda 3 nəfər ekipaj üzvü olur. Komandir, ikinci pilot və bort mexanik. Hər səhər bizim üçün müəyyən olunmuş uçuş vaxtından bir saat öncə iş yerinə gələrək əvvəlcə həkim nəzarətindən keçirik. Təzyiq, alkotest və bir neçə yoxlanışlardan sonra uçuşa icazə sənədi verilir. Sənədi götürüb hazırlıq otağına keçirik. Burada vertolyot nömrəsi, uçduğumuz marşrut haqqında məlumat alıb hazırlaşmağa başlayırıq. Yanacaq, gediş və dönüş üçün lazım olan vaxt hesablanır. Daha sonra hava haqqında məlumatla tanış oluruq. 

Uçuş planı hazırlandıqdan sonra uçuşa 40 dəqiqə qalmış bort mexanik yanacaq və digər məsələlərlə bağlı vertolyota gedir. Biz isə Uçuşların Tənzimlənməsi Bürosuna gəlib dispetçerə hazırladığımız uçuş planını təqdim edirik. Uçduğumuz neft buruqlarındakı meydançaların sazlığı və hərbi qadağalarla tanış oluruq. Uçuşa 20 dəqiqə qalmış biz artıq vertolyotda olmalıyıq”.

Qocaman pilot bir qədər də öz xatirələrindən söhbət açır:

“Biz buradan Saratova təmir üçün bot aparırdıq. Mahaçqalanın traversində dənizin üstündə mühərriklərdən birində problem yaşandı. Ekipaj üzvləri olaraq çox soyuqqanlılıqla bunu qəbul etdik, vəziyyəti qiymətləndirdik və lazımi işləri görüb sağ-salamat Həştərxan aeroportunda eniş etdik.

Yola verə bilməsək, dənizin ortasında da olsa, məcburi eniş etməli idik. O vaxt heç hava gəmilərinin ballonetləri də yox idi ki, dənizə eniş edəndə vertolyot suyun üstündə qalsın və ya hərəkət etsin. Yəqin ki, uçuşu davam etdirə bilməsək, elə dənizin ortasındaca bizi balıqlar yemişdi (gülümsəyir). 

Əvvəllər elə özüllər var idi ki, gəmi ora yaxınlaşa bilmirdi. Külək olan zaman biz havadan oraya çörək, yeyinti məhsullarını atırdıq. 

Mülki aviasiyaya gələn adam bu işin məsuliyyətli və şərəfli bir peşə olduğunu qabaqcadan bilir və hazır olur. Boş yerə deyil ki, biz işə qəbul olan zaman ilk növbədə sağlamlığımıza baxılır. Təkcə sağlam adamlar pilot kimi işləyə bilir. 100 nəfərdən 10-15 nəfəri seçilir ki, çətin situasiyalarda özünü itirməsin, işləyə bilsin. Soyuqqanlılıq pilotun əsas vəzifəsidir”. 

Günel Hacı

Video-Fotolar: Nuran Məmmədov

 






Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system