O Fatimədir, Fatimə - Aləmlərə rəhmət olaraq göndərilənin qızı...

Oxundu: 337
O Fatimədir, Fatimə - Aləmlərə rəhmət olaraq göndərilənin qızı...

O, aləmlərə rəhmət olaraq göndərilənin qızıdır...

 

O, aləmlərə rəhmət olaraq göndərilənin qızıdır.

O, “Həqiqətən də sən ən gözəl əxlaq sahibisən” (“Qələm”, 4) deyə xitab olunanın qızıdır.

O, Allahın “usvətun –həsənətun” – “ən gözəl nümunə” deyə bizə tanıtdırdığı Rəsuli-Əkrəmin (s) qızıdır.

O, mübarək adı Quranda dörd dəfə zikr olunanın qızıdır.

O, Allahın, mələklərin və insanların salavat göndərdiyi (“Əhzab,” 56) şəxsin qızıdır.

O, Məqami Məhmuda yetişənin qızıdır.

O, "Ya peyğəmbər (s) sən onların arasında olduğun müddətcə Allah onlara əzab verən deyildir." (“Ənfal” 33) deyə adı rəhmətlə anılanın qızıdır.

O, cənnət xanımlarından biri olan Həzrət Xədicənin qızıdır.

O, bütün sərvətini İslama fəda edənin qızıdır.

O, bütün ömrü boyunca Peyğəmbərə (s) dayaq olanın qızıdır.

O, vəfatı ilə Allah Rəsulunu (s) qəm dəryasına qərq edənin qızıdır.

O, Kəbənin ona qucaq açdığı şəxsin həyat yoldaşıdır.

O, Allah Rəsulunun (s) "qardaşım" deyə xitab etdiyi şəxsin həyat yoldaşıdır.

O, Peyğəmbərə (s) ilk iman gətirən, ilk dəfə onunla namaz qılan və mağarada ona həmdəm olan şəxsin həyat yoldaşıdır.

O, "Ləylətul-Məbit" gecəsində ölümü gözə alaraq Allah Rəsulunun (s) yatağına yatan şəxsin həyat yoldaşıdır.

O, məscidə açılan bütün qapılar bağlandığı zaman, qapısı açıq qalan yeganə şəxsin həyat yoldaşıdır.

O, Allah Rəsulunun (s) Mədinəyə hicrətindən sonra, bir ənsar bir mühacir ilə, qardaş olduğu zaman tək qalan və beləliklə Allah Rəsulu (s) ilə qardaşlıq peymanı oxuyan şəxsin həyat yoldaşıdır.

O, əksər döyüşlərdə misilsiz şücaət göstərənin həyat yoldaşıdır.

O, “Mübahilə” və “Bəraət” ayəsində Peyğəmbərin (s) özü və canı kimi qeyd olunanın həyat yoldaşıdır.

O, Həzrət Cəbrailin (ə) "La fəta illə Əli, la səyfə illə Zülfüqar" deyə xitab etdiyi şəxsin həyat yoldaşıdır.

O, Onu tərif və mədhini deməklə bitirə bilməyəcəyimiz uca bir şəxsin həyat yoldaşıdır.

O, təvazösü ilə dillər əzbəri olanın anasıdır.

O, namaza durduğu zaman, Allahın əzəmət və qorxusundan bədəni titrəyənin anasıdır.

O, Qiyaməti xatırladığı zaman ağlayanın anasıdır.

O, 25 dəfə Kəbə ziyarətinə gedənin anasıdır.

O zəhərin təsirindən ciyəri parçalananın anasıdır.

O bütün ailəsini, malını, qanını və canını İslama fəda edənin anasıdır.

O, İslam ağacını öz qanı ilə sulayanın anasıdır.

O, başı bədənindən qoparılanın anasıdır.

O, başı nizəyə taxılanın anasıdır.

O, xeyməsi qarət olunanın anasıdır.

O, Kərbəla çölünü gülüstana çevirənin anasıdır.

O, "Kərbəlada gözəllikdən başqa bir şey görmədim" deyənin anasıdır.

O, Yezidin qabağında bir dağ kimi dayananın anasıdır.

O, Kərbəla həqiqətlərini ən gözəl şəkildə təbliğ edənin anasıdır.

O, qəmdən qocalanın anasıdır.

O qolları kəsilənin anasıdır.

O, gözləri oxlananın anasıdır.                 

O, ən gözəl səcdə edənin anasıdır.

O, hər dəstnamaz aldıqda susuz şəhid olmuş atasına ağlayanın anasıdır.

O, İslami həqiqətləri ən gözəl duaları ilə insanlara çatdıranın anasıdır.

O, elmlərin bağrını dələnin anasıdır.

O, Allah Rəsulunun (s) ona salam göndərdiyi şəxsin anasıdır.

O, qulam və fəhlələrlə birgə işləyib onlarla birgə yemək yeyənin anasıdır.

O, Kəbəni gördükdə göz yaşlarına boğulanın anasıdır.

O, hələ uşaqlığından elmi dillər əzbəri olanın anasıdır.

O, Həzrət Əlidən (ə) sonra “Məni itirməmişdən əvvəl soruşun” deyən yeganə şəxsin anasıdır.

O, Mədinənin qaranlıq küçələrində fəqir və yoxsullara yemək və pul verənin anasıdır.

O qəzəbini udaraq səbr və mülayimliyə çevirənin anasıdır.

O, “zindan nə gözəl ibadət yeridir” deyib, zindanı ilahi bir fəzaya çevirənin anasıdır.

O, öz əməl və itaəti ilə Allahı razı salanın anasıdır.

O, “Ali-Muhammədin alimi” ləqəbi ilə tanınanın anasıdır.

O, kərəm və səxavəti ilə tanınanın anasıdır.

O, hələ kiçik yaşlarında ikən insanlara nur olmuşun anasıdır.

O, müstəhəb namazlara aşiq olanın anasıdır.

O, ömrünün az olmasına baxmayaraq, bir neçə dəfə həccə gedənin anasıdır.

O, bütün yaxşı əməllərin, onun pak vücudu ilə rövnəq tapdığı şəxsin anasıdır.

O, Allahın rizayət və razılığını qazanmaq üçün yetim və əsirlərə kömək edənin anasıdır.

O, etdiyi bəxşişlərlə hətta dövrünün ən zəngin şəxslərini arxada qoyanın anasıdır.

O, öz dövrünün şəraitinə uyğun bir həyat tərzi seçərək və beləliklə zahidanə bir həyat yaşayanın anasıdır.

O, uzun müddət əsgərlərin əhatəsində qalanın anasıdır.

O, heç vaxt həcc ziyarətində ola bilməyənin anasıdır.

O, gözlərdən pünhan olunmuşun anasıdır.

O, 313 nəfər əsgərin intizarında olanın anasıdır.

O, günahlarımız ucbatından zühuru gecikənin anasıdır.

O, dünyanı ədalətlə dolduracaq şəxsin anasıdır.

O, zülmün kökünü kəsənin anasıdır.

O, məzlumların köməkçisinin anasıdır.

İndi bildinizmi o kimdir? O Fatimədir, Fatimə.

 

Mahir Şəkərov - İlahiyyatçı araşdırmaçı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system