“Nə qədər ki sionizmi dəstəkləyən ABŞ, “Suriyadakı neft bizimdir” deyirsə, qətnamə də icra olunmayacaq” – Hacı İlham Əliyev

Oxundu: 534
“Nə qədər ki sionizmi dəstəkləyən ABŞ, “Suriyadakı neft bizimdir” deyirsə, qətnamə də icra olunmayacaq” – Hacı İlham Əliyev

“Belə qətnamələrin icrasına yalnız o halda əmin ola bilərik ki, beynəlxalq güclər İsrailin qanunsuz, ədalətsiz, işğalçı hərəkətlərinin arxasından çəkilsinlər. Bu isə o halda mümkündür ki, onların özləri işğalçı, imperialist siyasətlərinə son qoysunlar”

Xəbər verildiyi kimi, BMT Baş Assambleyası (BA) İsraildən işğal etdiyi Holan yüksəkliklərindən çıxmağı tələb edən qətnamə qəbul edib. Sənədin lehinə 91 dövlət səs verib. 9 dövlət qətnaməyə qarşı çıxıb, 65 ölkə isə səsvermədə bitərəf qalıb.

 

Sənədin mətnində BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkliklərindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edilir.

 

Baş Assambleyanın sənədində bildirilib ki, İsrailin 14 dekabr 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyanı və idarəetməni təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyil.

 

 

Bəs belə bir tarixi qərarın perspektivi varmı?

İslaminSesi olaraq bu və digər suallarla Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə müraciət etdik.

 

- Hacı, sizcə BMT Baş Assambleyasının Holan təpələri ilə bağlı qətnaməsinin icra ediləcəyi gözləniləndirmi?

 

- Bismillahir Rəhmanir Rəhim. Gec də olsa BMT-nin qəbul etdiyi bu qətnamə təqdirəlayiqdir. Lakin təcrübə bu qurumun artıq öz nüfuzunu itirdiyini, bir neçə ölkənin alətinə çevrildiyini göstərir. Veto hüquqlu azman dövlətlər özlərinə sərf etməyəndə ya bu hüquqdan sui-istifadə edir (mən əlbəttə, TŞ-nı nəzərdə tuturam - İ.Ə) və beləliklə vacib sənədin qəbulunu əngəlləyirlər, ya da icrasına imkan vermirlər. BMT BA-da isə xüsusən müsəlman ölkələrinin lehinə olan qətnamələr birmənalı şəkildə sadəcə kağız üzərində qalır. Ona görə bu tipli sənədlər sanki siyahını uzatmaq üçün qəbul edilir. Belə olan halda şübhəsiz ki, həmişə olduğu kimi ABŞ yenə də İsrailin yanında olacaq və bu qətnamənin icrasına imkan verməyəcək.

Artıq bu günkü reallıqlar şəraitində problemləri siyasətdən daha çox hərbi güc, necə deyərlər, qoluzorluluq həll edir. Kimin gücü varsa ondan da çəkinirlər. Bu artıq heç kəsə sirr deyil.

 

- Nədən bu qənaətə gəldiniz? Ümumiyyətlə dediklərinizi sübut etmək üçün konkret faktlar göstərə bilərsinizmi?

 

- Bilirsiniz, belə faktlar yetərincədir. Məsələn, BMT Təhlükəsizlik Şurasının 23 dekabr 2016-cı ildə qəbul etdiyi 2334 saylı qətnaməyə əsasən İsrail rejimi Fələstin torpaqlarında yəhudilər üçün yeni yaşayış məskənlərinin inşasını dayandırmalı idi. Amma indiyə qədər bunun şahidi olmadıq.

 

Bütün tarixi faktlara, intifadalara, xalq dirənişlərinə və BMT-nin qərarlarına baxmayaraq 72 il əvvəl Fələstin ərazisinin ilhaqı hesabına qondarma İsrail dövləti təsis edildi. Lakin eyni qətnamənin digər bəndi olan müstəqil Fələstin dövlətinin qurulması hələ də reallaşmamış qalır.

 

ABŞ həmçinin BMT Təhlükəsizlik Şurasının İsrailin fələstinlilərə qarşı güc tətbiqini pisləyən Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyur.

Xatırladım ki, İsrailin Qüdsü paytaxt elan etməsi və ABŞ-ın da bu qərarı tanıyaraq öz səfirliyini Qüdsə köçürməsi də sionist İsrail rejiminin işğalçılıq siyasətinə əlavə stimul verən amillər sırasındadır.

 

Çox yaxın tarix olduğuna görə bu hadisə ilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusunun silahlı güc tətbiq etdiyi, nəticədə 59 fələstinlinin öldüyü, 2771 nəfərin yaralandığı da yəqin ki, hər kəsin yadındadır. ABŞ-ın bölgədə qarşıdurmaya gətirən bu addımının qarşısını almaq üçün Fələstin nümayəndə heyəti bir neçə dəfə BMT TŞ-na müraciət etsə də, məsələ ilə bağlı xüsusi toplantı keçirilmədi.

 

Ümumiyyətlə desək, Fələstin-İsrail münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 86, BMT Baş Assambleyasının isə qəbul etdiyi 720 qətnamənin heç birinə indiyədək əməl edilməyib. Bütün bu tarixi faktları nəzərə alanda Holan təpələri ilə bağlı çıxarılan qətnamənin icra edilməyəcəyini söyləmək üçün əlimizdə kifayət qədər əsasların olduğunu rahatlıqla deyə bilərik.

 

Əgər İsrail hələ də qanunsuz yaşayış məskənləri salırsa, onu dəstəkləyən ABŞ bir supergüc kimi Suriyanın neftlə zəngin ərazilərini işğal altında saxlayırsa və Tramp da həyasızcasına “Suriyadakı neft bizimdir, bu bizim haqqımızdır, istədiyimizi edə bilərik” deyirsə, əgər Holan təpələri ilə bağlı qətnamənin qəbulunda bitərəf qalan və əleyhinə çıxanlar Suriya məsələsində Amerika ilə eyni koalisiyada olan ölkələrdirsə, onda qətnamənin icra olunmayacağına şübhə edə bilmərik. Bütövlükdə isə bunu şərtləndirən digər həlledici faktor BMT-nin icra mexanizminin olmamasıdır. Amma məsələ ondadır ki, bunu daha çox ABŞ və onun müttəfiqlərindən asılı olan həmin beynəlxalq qurumun özü də bilir.

 

- Dediniz ki, BMT-nin adətən müsəlman ölkələri ilə bağlı qətnamələri icra olunmur. Necə düşünürsünüz, qətnamələr hansı halda yerinə yetirilə bilər? Ümumiyyətlə çıxış yolunu nədə görürsünüz?  

 

- Belə qətnamələrin icra edilməsinə yalnız o halda əmin ola bilərik ki, beynəlxalq güclər İsrailin qanunsuz, ədalətsiz, işğalçı hərəkətlərinin arxasından çəkilsinlər. Bu isə o halda mümkündür ki, onların özləri işğalçı, imperialist siyasətlərindən əl çəksinlər. Çünki bu bir faktdır ki, adətən işğalçı işğalçını dəstəkləyir, ya da ən yaxşı halda “saman altından su yeridir”. Bu siyasət, bu gerçəklik bizə yaxşı tanışdır - ortada Qarabağ kimi təcrübə var. Hansı ki BMT TŞ-nin, Ermənistan qoşunlarının işğal etdiyi bu ərazilərdən dərhal çıxarılmasına dair qəbul etdiyi dörd qətnamə 25-26 ildir ki, icra olunmur.

 

Əgər BMT və onu idarə edənlər doğrudan da Yaxın Şərqdə sabitlik və sülh istəyirlərsə, onda İsraili işğal etdiyi tarixi Fələstin ərazilərindən, Holan təpələrindən çıxarmalıdırlar. Yəni bu kimi qətnamələrin qəbul olmasından əlavə icrasına zəmanət də lazımdır.

 

Müsəlman ölkələrinin nə etməli olduqlarına gəldikdə isə, onlar öz hüquqlarını qorumaq, daha doğrusu, onu əldə etmək üçün güc toplamalıdır. Bu güc isə onların  birliyində, birlikdə müqavimət göstərmələrindədir. Əgər İslam ölkələri bir olub BMT- nin qəbul etdiyi qətnamələrin icrası üçün müqavimət göstərsələr, o halda bir-iki  hegemon dövlətin səyi nəticəsiz qalar, müsəlman torpaqları düşmən tapdağından azad olar.

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system