Nazarbayevin dünyaya mesajı - Qazaxıstandan nüvə iddiası

Oxundu: 759
Nazarbayevin dünyaya mesajı - Qazaxıstandan nüvə iddiası

Qazaxıstan nüvə dövlətinə çevrilə biləcəkmi?

 

Elçin Xalidbəyli: “Nüvə silahı dünyanın güclü dövlətlərinin əlində əsasən öz maraqlarını, iradələrini başqalarına qəbul etdirmək üçün bir hərbi-siyasi alət rolunu oynayır”

 

Qazaxıstanın nüvə dövləti olmağa hazırlaşdığı iddia edilir. Bu sensasialı xəbəri XII Astana İqtisadi Forumunda Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Türkiyənin “Milliyət” nəşrinə müsahibəsi zamanı deyib.

 

Lider Qazaxıstanın dünya miqyasında sülhün tərəfdarı olduğunu söyləyib. “Ancaq bu, nüvə silahları ilə bağlı işlərimizin davam etmədiyi anlamına gəlməsin. Nüvə arsenalımızı qururuq, sınaq mərhələsindəyik”, - Nazarbayev əlavə edib.

 

Maraqlıdır, Qazaxıstan kimi postsovet ölkəsinin nüvə silahı istehsal etməyə hazırlaşmasına nüvə dövlətləri, xüsusilə Rusiya və ABŞ tərəfindən hansı reaksiyanı gözləmək olar? Ümumiyyətlə Nursultan Nazarbayevin bu açıqlamasının arxasında hansı faktorlar dayanır?

 

Bu mövzuya tanınmış siyasi şərhçi Elçin Xalidbəylinin baxış prizmasından aydınlıq gətirdik.

 

Politoloq “İslamınSesi”nə açıqlamasında maraqlı nüanslara toxundu, bir sıra ciddi məsələləri önə çəkdi. Dedi ki, nüvə silahı dünyanın güclü dövlətlərinin əlində əsasən öz maraqlarını, iradələrini başqalarına qəbul etdirmək üçün bir hərbi-siyasi alət rolunu oynayır. Və ona görə də dünyanın supergücləri nüvə silahının yayılma ehtimalından ciddi şəkildə qıcıqlanırlar: “Bu baxımdan, indiki situasiyada dünyada hər hansı yeni bir dövlətin nüvə silahına sahiblənə bilməsi o qədər də asan məsələ deyil. Vaxtilə keçmiş SSRİ dağıldıqdan sonra Ukrayna ərazisində nüvə silahı mövcud idi. ABŞ-ın maliyyə dəstəyi ilə Ukraynanın həmin nüvə başlıqlarının hamısının məhv edilməsinə nail olundu. Yəni Ukraynanın “nüvə dövlətləri klubu”na daxil olmasına imkan verilmədi. Hazırda nüvə silahına sahiblənməyə can atan iki dövlət – Şimali Koreya və İran beynəlxalq təzyiqlərlə qarşılaşmış vəziyyətdədir. Xüsusilə də ABŞ bu iki dövlətə qarşı ən sərt təzyiqlərin göstərilməsi, sanksiyaların tətbiq edilməsi üçün bütün imkanlarından yararlanır. Bütün bunları nəzərə aldıqda, Qazaxıstanın nüvə silahına sahiblənmək niyyətinə düşməsinin dünyanın supergücləri tərəfində müsbət reaksiya ilə qarşılanacağı qətiyyən inandırıcı görünmür. Yəni dünyada heç kim yeni nüvə dövlətinin peyda olmasından məmnun olmaz”.

 

E.Xalidbəylinin qənaətinə görə, əslində, Qazaxıstanın nüvə silahına sahiblənmək üçün yetərli maliyyə-iqtisadi resurslara sahib ola biləcyi də inandırıcı deyil: “Çünki Qazaxıstan neft ölkəsi olsa da, nüvə proqramlarının reallaşdırılması olduqca bahalı, təhlükəli prosesdir. Ola bilsin ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkəsinin bu niyyəti haqqında danışarkən daha çox sərhəd qonşularına mesaj vermək niyyəti güdüb. Çünki Qazaxıstan Orta Asiya regionunun inkişaf etməkdə olan dövlətlərindən biridir. Bu baxımdan, Qazaxıstanın həm Orta Asiya regionunda, həm də ümumiyyətlə, Asiya qitəsində ön plana çıxmaq, əsas söz sahiblərindən birinə çevrilmək niyyətlərinin ola biləcəyi də qətiyyən istisna deyil. Və nüvə silahının yaradıla biləcyi ilə bağlı bəyanatlar istər-istəməz Qazaxıstan barədə regional gücə çevrilmək perspektivi olan dövlət təsəvvürləri yarada bilər. Ancaq bütün bunlara baxmayaraq, Qazaxıstanın indiki maliyyə-iqtisadi inkişaf səviyyəsi ilə yaxın gələcəkdə nüvə dövlətinə çevrilmə ehtimalı o qədər də ümidverici görünmür”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system