NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 3383
Müxalifətin boykot qərarı beynəlxalq aləmdə seçkinin legitimliyinə təsir göstərəckmi?

Müxalifətin boykot qərarı beynəlxalq aləmdə seçkinin legitimliyinə təsir göstərəckmi?

Zərdüşt Əlizadə: “Beynəlxalq aləmin demokratiya anlayışı əlbəttə ki, pul və maraqlar üzərində qurulub”

 

Məlum olduğu kimi Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalanıb. Beləliklə prezident seçkiləri aprel ayının 11-nə təyin edilib. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar seçkidə iştirar edib-etməməklə bağlı müzakirələrə başlayıblar. Yeni Azərbaycan Partiyası (YAP) artıq İlham Əliyevin namizədliyini irəli sürüb. Lakin “Milli Şura”, Müsavat və Ümid Partiyası, REAL Hərəkatı seçkini boykot edərək iştirakdan imtina ediblər.

 

Bəs görəsən siyasi partiyaların boykot qərarı nə ilə nəticələnəcək? Beynəlxalq təşkilatlar seçkinin legitimliyini tanıyacaqlarmı?

 

İslaminSesi mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Politoloq bildirib ki, beynəlxalq aləmin nə deyəcəyi Azərbaycan hakimiyyətinin vecinə deyil: “ Hakimiyyət hesab edir ki, əgər pulu varsa və daxildə heç bir təhlükə yoxdursa, o zaman digər məsələlər əhəmiyyətsizdir. Təkcə Azərbaycan xalqından qorxurlar. Ona görə də, xalqı məlumatsız, cahil, öz yaxın tarixindən, iqtisadiyyatından, hüquqlarından bixəbər edirlər. Bu cahil kütlə ilə istədiklərini də həyata keçirirlər. Xalqın təşkilatlanmaması üçün isə müxalifəti məhv etməyə çalışırlar. Prinsipial, qətiyyətli müxalifəti məhv edib, əvəzində süni bir qüvvə yaradıb xalqa sırıyırlar. Bütün bunlara da nail olublar”.

 

Zərdüşt Əlizadənin sözlərinə görə, seçkidə adətən eynihüquqlu, eyniimkanlı və eyniqüvvətli insanlar iştirak edirlər: “Lakin hakimiyyət seçki ərəfəsi müddətdə müxalifəti məhv edib, maliyyə qaynaqlarını kəsib, informasiya mənbələrindən məhrum edib, fəal üzvlərini həbsə atıb. Belə olan halda normal seçkidən söhbət gedə bilməz. Bu sadəcə mənasız bir mərasimdir. Azərbaycan demokratiyası ölüb. Çünki heç bir insan hüquqları mövcud deyil və konstitusiyaya əməl edilmir”.


Politoloq qeyd edib ki, siyasi partiyaların seçkidən imtina etməsinin səbəbi, bunun bir nəticə verməyəcəyini bilmələridir: “Onların tərəfdarları, pulları, fərqli platformaları, konstitusiyanın təmin etdiyi hüquqları yoxdur. Buna görə də iştirakdan imtina edirlər. O ki, qaldı 3-4 nəfər şəxsin seçkidə iştiraka qərar verməsinə, bunlar formal xarakter daşıyır. Yəni prezident aparatının tapşırığı ilə həyata keçirilir”.


Zərdüşt Əlizadə əlavə edib ki, beynəlxalq aləm bu seçkinin legitimliyini tanıyacaq: “Çünki beynəlxalq aləmə Azərbaycanda keçiriləcək demokratik seçkilər lazım deyil. Ona görə ki, qərbin iqtisadi-siyasi maraqları Azərbaycan hakimiyyəti tərəfindən təmin edilir. Beynəlxalq aləmin demokratiya anlayışı əlbəttə ki, pul və maraqlar üzərində qurulub. Əgər bunu kimsə bilmirsə, o zaman çox acınacaqlı haldır. Ümumiyyətlə beynəlxalq və daxili siyasətdə hər şey maraqlar üzərində qurulub. Qərbin maraqları onu tələb edir ki, Azərbaycan hökuməti qərbin biznesinin, siyasətinin ölkəmizdə maneəsiz həyata keçirilməsinə zəmanət versin və şərait yaratsın. Azərbaycan hökuməti də müəyyən həddə qədər bunu təmin edir. Ona görə də, Qərb üçün Azərbaycandakı hakim zümrə çox münasibdir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system