NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Müsəlman kişisinin “suveren” hüquqları - Nəriman Mahmud

Oxundu: 877
Müsəlman kişisinin “suveren” hüquqları - Nəriman Mahmud

Bu bir faktdır və olduqca acınacaqlı haldır ki, milli-mənəvi, əxlaqi dəyərlərimiz özünün xəzan dövrünü yaşamaqdadır.

  

Az qala iməkdən yeriməyə təzə dönən, yenicə dil açan uşaqlar da dil boğaza qoymur, valideyndən azadlıq, tam sərbəstlik tələb edir. Və yenə də az qalır ki, əndazəsini aşan uşağa tərs-tərs, acıqlı baxan valideyn cinayət məsuliyyətinə cəlb olunsun. Deyəsən belə getsə ölkəmizdə valideynlərin hüquqları, fərqi yoxdur ya rəsmi, ya da qeyri-rəsmi tamamilə əllərindən alınacaq, öz övladları üzərində nəzarətlərini tamamilə itirəcəklər. Məişətimizə soxulan yabançı dəyərlərin öz “arealını” sürətlə genişləndirməsinin qarşısı alınmasa hökmən belə olacaq.

 

Fikir verin, əgər valideyn evə gec gələn və ya siqaret çəkən övladına “qulaqburması” verdiyi üçün cərimə olunacaqsa, yaxud ictimai qınağa məruz qalacaqsa, onda bu ailədən nəsə gözləmək olarmı? Təbii ki yox. Əgər nəzərə alsaq ki, ailənin özü də kiçik cəmiyyətdir və fərdlər cəm halında Azərbaycan adında bütöv bir cəmiyyət təşkil edirlər, onda heç sonuncudan da yaxşı nəsə gözləməyə dəyməz. Anlamaq lazımdır və yad dəyərlərin ən mənfi tərəfinin cəmiyyətimizə kor-koranə tətbiqini müsbət qiymətləndirənlər anlamalıdırlar ki, onsuz da mənəviyyatın getdikcə aşınmaya məruz qaldığı ölkəmizdə qeyrət, milli-mənəvi dəyərlər tamamilə tarixə çevirilə bilər. Ən yaxşı halda isə onu “kitab-muzeylərdə” görmək mümkündür.

 

Unutmaq lazım deyil ki, bizdə Şərq mentaliteti var. Və bu mentalitet övladın valideynə, ümumiyyətlə böyüklərə hörmət ruhunda tərbiyəsini təmin edir. Məhz belə tərbiyənin nəticəsidir ki, Azərbaycan adamı, məsələn, nəqliyyat vasitələrində öz yerini böyüklərə verir. İndiki halda isə yad dəyərlərin qanımıza hopdurulmasının nəticəsidir ki, son zamanlar böyük-kiçik anlamı mental şüurumuzdan sıxışdırılmağa başlayıb.

Bir anlığa təsəvvür edək ki, əgər evə gec gəldiyinə görə valideyn öz övladına ağır söz deyirsə, yaxud qafasına yüngülvari vurursa, ya da bir siqaretini əlindən alır və ya damağından dartıb çıxarırsa xırda xuliqanlıq, bütövlükdə siqaret qutusunu cibindən götürürsə soyğunçuluq, kötəkləyirsə və ya Hacı Əbdülsayağı şallaqlayırsa, qulağını çəkirsə, onda ona qarşı quldurluq maddəsi ilə cinayət işi qaldırılır.

 

Yaxud başqa bir biabırçılıq. Kişi öz arvadına evə gec gəlməyi, ya da başqa kişilərlə gəzməyi qadağan etdiyi və arvadın buna məhəl qoymadığı halda yəqin ki ərin qeyrəti “xoda” düşməli olur. Birinci halda söyüş və əlbəyaxa döyüş, ikinci halda isə imkandan asılı olaraq soyuq və ya odlu silah işə düşür. Nəticədə kişilər təbii ki, haqsız çıxarılaraq onlara həbs cəzası kəsilir. Bu, cinayətin ağırlığından asılı olaraq cərimədən tutmuş, ömürlük həbs cəzasına qədər ola bilər. Bu halda kişinin damarlarındakı qeyrətin təbii yolla bədəndən çıxan tullantıya çevrilməsi qorxusu yaranır. Və bu qorxu kişinin həm uşaqlara, həm də arvada tam azadlıq və müstəqillik verməsi ilə nəticələnir. Beləliklə həm övladı, həm də arvadı üzərində suverenliyini itirir. Biz Dağlıq Qarabağda suverenliyimizi itirdiyimiz kimi.

 

Bax, Azərbaycan mühitini nəzərə almadan gender bərabərliyinin tətbiqinin əcaib forması budur. Düşə biləcəyimiz bu durumla hara getdiyimizi düşünəndə adamı vahimə basır. Vətəndaş cəmiyyətləri və ailə institutları, fərdi şəkildə hər bir kəs bu haqda düşünməli, həyəcan təbili çalınmalıdır. Çünki bunun birbaşa işğal altındakı torpaqların azadlığına da təsiri var. Və onu da unutmayaq ki, uşaq hüquqlarının qorunması valideyn hüquqlarının qorunmasından keçir.

 

İslaminSesi

Yazıçı, publisist Nəriman Mahmud

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system