“Müasir yazarlar sənətkar kimi görünmək üçün özlərini anormal aparırlar” – Qonaq Otağı

Oxundu: 4615
"

"Müasir Azərbayacan ədəbiyyatında gənclərin yazdığı nəqliyyat ədəbiyyatıdır"

Artıq bir neçə müddətdir ki, “Qonaq otağı” layihəmiz çərçivəsində ölkənin tanınmış ictimai xadimləri və söz ustadları ilə silsilə görüşlər reallaşdırırıq. Bu dəfə “Qonaq otağı”mızın müsafiri yazıçı, dramaturq və ictimai xadim İlqar Fəhmidir. 

 

Bütün zaman məhdudiyyətinə baxmayaraq bizə vaxt ayırıb görüşdüyünüzə görə sizə təşəkkür edirik.

 

Elə ilk sualımız ədəbiyyat barədədir. Ədəbiyyatda kənd yazarı və şəhər yazarı bölgüsü nə dərəcədə doğrudur?

 

 

  "Mənim fikrimcə bu bölgüyə müəyyən qədər haqq qazandırmaq olar, amma bu məsələdə hansısa tərəfi yüksək tutmaq tərəfdarı deyiləm. Əsas sözün ədəbi keyfiyyətidir."

 

Bilirsiniz, əslində tarixi baxımdan bunun əhəmiyyəti olub. İnsan baxımından elə də fərqli olmayıb. Bu bizdə tarixin tələbi ilə meydana çıxmış bir məsələ olub. Elə bizdə də sovet dövründə bu qabardıldı. Məqsəd isə daha çox insanların kompakt yaşadığı mühiti əks etdirən hadisələrdən yazmaq idi. Oradakı insanlar sıx halda yaşayırdılar və münaqişələr də çox olurdu. Kənd yazarları isə daha çox təbiət təsvirləri və kosmoloji hadisələr barədə yazardılar. Yəni, bu məsələdə yalnız mövzu fərqləri var. Təbii ki, biz əyalət yazarlarmızın əsərlərinə fikir versək, orada konflikt yoxdur, orada sosial təbəqələşmə qabarmır. Mənim fikrimcə bu bölgüyə müəyyən qədər haqq qazandırmaq olar, amma bu məsələdə hansısa tərəfi yüksək tutmaq tərəfdarı deyiləm. Əsas sözün ədəbi keyfiyyətidir.

 

Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

 

"Hər bir insanın özünə qayıdışı elə onun Tanrıya qayıdışıdır."

 

 

Yazarın bütün yazdıqları onun həyat fəlsəfəsini özündə əks etdirir. Bəzən 1 cümlə insanın həyat fəlsəfəsini ifadə edə bilir. İnsanın gələn informasiyadan dönərək, öz içinə dönməsi və Tanrı zərrəsini tapmağı mənim üçün əsas olub. Yəni qısa sözlə ifadə etsək, çox primitiv və çeynənmiş ola bilər. Hər insanın özünə qayıdışı özündə Tanrı zərrəsini aşkarlamaqdır.

 

 

 

Hər bir insanın özünə qayıdışı elə onun Tanrıya qayıdışıdır. Elə Qərb fəlsəfəsində də müəyyən qədər insan psixasına enə biliblər, lakin o həddən sonra davam edə bilməyiblər. Onlar qaranlığı görüb dayandılar və bəyan etdilər ki, insanın içi zülmətdən ibarətdir.

 

Lakin o qaranlığı keçə bilsəydilər, işığı aşkarlayacaqdılar. Bunu aşkarlamaq üçün də iman, inam lazımdır. Amma müasir dünyada iman və inam məsələləri tamamilə kənarda qalıb. Mən uşaq olanda quyu qazanlar-kənkanlar sal daşa rast gələn kimi quyu qazmağı dayandırmazdılar. Onlar məhz o daşa ümidlə baxardılar. Deyərdilər ki, əgər daş varsa deməli su var. Məhz o qatdan sonra suyun olma ehtimalı qətiləşirdi. Halbuki gənc və təcrübəsizlər həmin an işi dayandırardılar. Elə qərb mədəniyyətində də həmin qaranlıq nöqtələrdə dayanmaqdan söhbət gedir.

 

Biz yazılan əsərlərə baxaraq onu yazan yazarların şəxsiyyət göstəricisi kimi qəbul edə bilərikmi? Ola bilər ki, yazar tamamilə başqa bir şəxsiyyəti ortaya qoya bilsin?

 

"Hansısa tənqidi realizmi yazmaq onun islahına xidmət etməyib. Ədəbiyyat fərdiləşəndə  oxunmur. Ədəbiyyat kütləviləşdikcə, təfəkkür də kütləviləşir. Dəliyə dəli deməklə, məqsədim onu düzəltmək deyildirsə, onda niyyətim özümü ağıllı göstərməkdir. Xalqı tənqid edənlərin məqsədi özünü o xalqdan ağıllı göstərməkdir." 

 

 

Bu məsələdə də Şərq mədəniyyəti ilə Qərb mədəniyyəti toqquşur. Məsələn, Qərb mədəniyyəti əsasən axırıncı 200 ildə insanın öz daxili aləminin hiss və duyğularını yazmaqla üzə çıxartmağın üstündə kökləniblər. Amma Şərq mədəniyyətinə fikir verək. Nizami,Füzulidən üzü bəri hansı fərdi intim və ya sosial bir fəryadı eşidə bilmişik? Ən uzağı fələyə lənət oxuyublar vəssalam. Yəni ədəbiyyatı fərdi səviyyə endirməyiblər.

 

Burada artıq ikili dünyagörüşü toqquşur. Ədəbiyyat nədir? Ədəbiyyat ümmiyyətlə insanın özünün içinin boşalıb yüngülləşməsinə xidmət edir, yoxsa kimlərinsə maariflənməsinə? Onlar “Bizə əziyyət verən hiss və duyğuları yazıb paylaşaraq özümüzü azad edirik”- deyə bildirirlər. Bu ona bənzəyir ki, bütün dərdi ilə bir insan gəlir bir nəfərin yanına və bütün problemini danışır. Sonra yüngülləşib gedir və dərdi dinləyən də bütün mənfi enerji ilə yüklənir. Həmin mənfi enerji ilə yüklənmiş əsərləri qətiyyən oxumuram.

 

Kafkasından tumuş modern yazarlara qədər hamısı belədir. Şərq nə deyir? Şərq deyir ki, əgər bunu hamı üçün yazıbsansa, bu tamamilə başqa aspektdə olmalıdır. Əgər özün üçün yazıbsansa, çap etdirmə. Şərq mədəniyyəti pisi özünə saxlamağın, yaxşını verməyin tərəfdarı olmalıdır. Məsələn, Osmanlı və Səfəvi müharibəsinin qızğın çağında Füzuli aşiqanə qəzəllərini yazırdı.

 

Neqativi görmək lazım deyil. Hansısa tənqidi realizmi yazmaq onun islahına xidmət etməyib. Əgər kömək etməyibsə, deməli məqsəd yazmaq olub. Sadəcə yazar içini boşaldıb. Onda da ədəbiyyat fərdiləşir. Ədəbiyyat fərdiləşəndə isə oxunmur. Çünki yazar öz mənfi enerjisini ötürür, mənfi enerjidən bezmiş oxucu isə onu oxumaq istəmir.

 

Sözlə nələrisə düzəltmək mümkün deyil. Bunu başqa yolla etmək lazımdır. O başqa yolu da tapmaq lazımdır. Bu zaman belə bir sual meydana çıxır: Ədəbiyyat kütləvi sənətdir, yoxsa elitar? Elitar sənətdirsə onda onunla hər kəs məşğul olmamalıdır. Ədəbiyyat kütləviləşdikcə, təfəkkür də kütləviləşir. Onlar problemin həll yolunu göstərmirlər, yalnız yazırlar. İnsan psixasının ən dərin qatlarında gedən iyrənc prossesləri çıxaraq yazaq. Yazmaqla düzələcək?

 

 

Əgər düzəlməyəcəksə niyə yazım? Dəliyə dəli deməklə, məqsədim onu düzəltmək deyildirsə, onda niyyətim özümü ağıllı göstərməkdir. Xalqı tənqid edənlərin məqsədi özünü o xalqdan ağıllı göstərməkdir. Əgər hər şeyi açıb-ağartmaq istəyiriksə onda dəyərlərdən imtina etməliyik. Ələləxüsus da dini dəyərlərdən imtina etmək lazımdır.

 

Mənim dini inancımın kökündə isə nələrisə açıb-tökməyə, ağartmağa yaxşı baxılmır. Allah Səttarül-Eyyubdur. Yəni eyibləri örtəndir. Problemləri həll etməyin başqa vasitələri var. Şərq mədəniyyətinin kriteriyalarından biri estetik dəyərdir. Müasir Azərbayacan ədəbiyyatında gənclərin yazdığı nəqliyyat ədəbiyyatıdır. Filan yerdə qadın belə dedi, filan yerdə belə kobudluq olundu. Burada estetikadan söhbət gedə bilməz. İstənilən tənqiddə özünü o tənqid ediləndən üstün tutmaq istəyi vardır. Şərq ədəbiyyatında sevgi ilə islah var. Tənqidlə islaha nail olmaq mümkün deyil. XX əsrin əvvəllərindəki tənqidi realizmində də bu var.

 

Elə Qərb mədəniyyətində də buna rast gələ bilərik. Dünyəvi dəyərlər naminə bəzən hər şeyi qurban verirlər. Sonda isə hamısının təəssüf hissi ilə qaldığını görə bilərik. Əgər bütün dəyərlər imtina edərək, təəssüf hissinə qapılacayıqsa, onda bu qurbanları verməyə dəyərmi? Hətta belə bir tendensiya yaranıb ki, yaxşı sənətkar anormal olmalıdır.

 

Hətta müşahidə edirəmki, yaxşı adamlar da sənətkar kimi görünmək üçün özlərini anormal aparırlar. Bu da Qərb mədəniyyətin diktəsi ilə meydana çıxıb. Artıq anormallıq maraqlı olmağa başlayıb. Axı, normalı çox çeynəyiblər, daha maraqlı deyil. Baxın, XX əsr boyunca psixi xəstələr haqqında yüzlərlə film çəkilib. Yəni psixi xəstənin dünyası niyə maraqlı olsun?  Artıq bir yol var və hər kəs onunla gedir. Başqa yol da yoxdur, çünki alternativ qoymayıblar. Lakin başqa yol var. O yolu aşkarlamaq mümkündür. Amma bu yol çətindir. Maneələri çoxdur.

 

Sosial media məsələsinə münasibətiniz necədir? Sosial  mediada aktiv deyilsiniz. Sosial media son zamanlar istedadları məhv etməklə məşğuldur.Ümumiyyətlə ədəbiyyatın  sosial media xəttiilə inkişafını necə qiymətləndirirsiniz?

 

"Sosial media əsəri ala-çiy edir və onun tez unudulmasına gətirib çıxarır. Sosial media  sənətkarın püxtələşməsini sıradan çıxarır."

 

Ümumiyyətlə dünya səviyyəsində belədir. Mədəniyyət sanki iflas keçirir. Bunun ən başlıca səbəbi istedadın müstəqilliyidir. İstedad sıxılmalıdır. İstedad bişməlidir. Bu gün isə sosial media yazını elə olduğu kimi bişməmiş qəbul edir. Sosial media meydana çıxmamış bir əsər günlərlə aylarla müzakirə edildikdən sonra meydana çıxardı. Sosial media əsəri ala-çiy edir və onun tez unudulmasına gətirib çıxarır. Sosial mediada sənətkarın püxtələşməsini sıradan çıxarır. Ona görə də mən ən istedadlı adamlardan da istedadlı əsər gözləmirəm.

 

 

 

Bu gün televiziya o qədər kütləviləşib ki, bəzən çox bayağı olur. Bu bayağı məkanda ssenari müəllifi işləmək şair ruhlu bir adam kimi sizin üçün çətin deyil?

 

Televiziyalar üçün ssenarilərin yazılması da elə bu cürdür. Bəzən 1 günə bir filmin ssenarisi yazılır. Lakin burada bir müsbət cəhət var ki, tamaşaçı Meksika, Braziliya kimi əcnəbi məhsulu izləməkdənsə, zəif də olsa yerli filmləri izləməsi daha məntiqlidir.

 

İntiharlara münasibətiniz?

 

"Maddi güc hərçənd mənəvi sakitlik yaratmır."

 

İnsan özünü dünyəvi dəyərlərə qurban verdikdə və içindəki o işığı kəşf edə bilmədikdə intihar edir. Heç bir dünyavi  dəyər insana sakitlik gətirə bilməz. Bizim klassik ədəbiyyatda övliyalar olub. Onların psixoloqlardan ən böyük fərqi bəsirət gözlərinin açıq olmasıdır. Psixologiyanın ümdə məsələrindən biri də intuisiyadır. Yəni insan psixologiyası da barmaq izi kimi fərdidir.

 

 

Psixoloqlar bu intuisiyaya malik olmalıdırlar. İntiharların ən başlıca səbəbi cəmiyyətdə yaranan mənəvi boşluqdur. Yardım edən qurumun da bu yardıma möhtac olması daha dəhşətlidir. Elə qərbin XX əsr intelektlərinin çoxu intihar edib. Heminqueydən tutmuş Vulfa qədər. Deməli, maddi güc hərçənd mənəvi sakitlik yaratmır.

 

Şah İsmayıl şəxsiyyətinin Azərbaycan cəmiyyətində gizlədilməsində nə kimi məqsədlər var?

 

Şah İsmayılın məzhəb təfriqəçiliyi salmasını iddia edənlərin Uzun Həsəndən, Qaraqoyunlulardan xəbəri yoxdu. Halbuki Şah İsmayıldan əvvəldə müharibələr olmuşdu.

 

Onun dini mövqeyinin qabardılmasının tərəfdarı deyiləm. Çünki deyirlər ki, şiəliklə o Türk dünyasını parçaladı. Bu absurd məsələdir. Onda Şah İsmayıldan öncə Qaraqoyunlular da Osmanlılarla döyüşmüşdü. Uzun Həsən də döyüşmüşdü. Onda Teymur və Bəyazidlə niyə döyüşürdü? Hər ikisi sünni idi. Bu tarixin ümumi gedişatı idi. Xalqların bu cür formalaşmasında bu dövlətlərin misilsiz rolu olub. Bizim də taleyimizə Şah İsmayılın dövlətçiliyi düşüb.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system