NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Moskva-İrəvan münasibətlərində aldadıcı görüntü

Oxundu: 442
Moskva-İrəvan münasibətlərində aldadıcı görüntü

Mütəllim Rəhimli: “Ermənistanın indiki iqtidarı regionda dəyişməkdə olan geosiyasi maraqlara rəğmən, Rusiya əleyhinə hər hansı addım atmır”

 

Ermənistanın yeni baş nazirinin ölkəsini Rusiyanın təsirindən çıxarmaq üçün etdiyi cəhdlər Kreml tərəfindən birmənalı qarşılanmır. Paşinyanın öz sələfləri ikimi "iki stulda"oturmaq səyləri isə Qərb dairələrinin xoşuna gəlmir və onlar yeni baş naziri Rusiyanın təsirindən tam uzaqlaşmağa, öz mövqeyini dəqiqləşdirməyə çağırırlar. ABŞ-ın “Stratfor” analitik şirkəti ekspertlərinin yazdığı məqalədə qeyd olunub ki, Rusiya və Ermənistan arasındakı gərginlik perspektivdə bu iki ölkənin münasibətlərini poza bilər. Siyasi eksperlərə görə,  Rusiyanın Ermənistanda 5000 hərbi qüvvəyə malik 102 saylı hərbi baza saxlaması, ölkənin boru kəmərlərindən başlayaraq telekommunikasiya xətlərinə qədər iqtisadiyyatın önəmli sahələrinə nəzarət etməsi rəsmi İrəvanın seçim imkanlarını heçə endirir.

 

Ekspertlər həmçinin, iki ölkə arasında gərginliyi artıran daha bir mühüm faktor kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfəri və burada onun ABŞ silahının Ermənistana satılmasının mümkünlüyü barədə sözləri olduğuni düşünürlər. Rusiya və Ermənistan arasında energetika sahəsində də ziddiyyətlərin olmasını, bu məsələnin Ermənistana qaz tədarükündə özünü göstərə biləcəyini vurğulayan yazı müəlliflərinin qənaətinə görə, Rusiya-Ermənistan münasibətlərinin bu gedişlə pisləşməyə davam edəcəyi təqdirdə ABŞ, Türkiyə və İran kimi ölkələr Qafqaz bölgəsinə daxil olub burada rəsmi Moskvanın mövqelərini zəiflədəcəklər.

 

Maraqlıdır, Rusiya-Ermənistan münasibətlərinin ciddi şəkildə pozulması Moskvanın regiondakı mövqelərinə təsir göstərə bilərmi?

 

"İslamınSəsi"nin sualına aydınlıq gətirən politoloq Mütəllim Rəhimlinin düşüncəsinə görə, Ermənistanda Sarkisyan iqtidarı dəyişdikdən sonra, Rusiya və Ermənistan arasında gərginliyin yaranması haqqında deyilənlər fakt olsa da, bu məsələ həddən artıq şişirdilir: "Biz doğru qərar qəbul etmək üçün hadisələrin ilk növbədə  mahiyyətinə nəzər salmalıyıq, nəinki onun zahiri tərəflərinə. Əgər doğrudan da Rusiya Ermənistandakı dəyişikliklərin əleyhinə olsaydı, biz  bu ölkədə başqa mənzərənin şahidi olardıq. Yəni Ermənistan vətəndaş müharibəsinin içərisində çabalamalı idi. Amma bunun əksinə olaraq, demək olar ki, hakimiyyətin dinc yolla ötürülməsini müşahidə etdik".

 

Politoloqun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında deyildiyi qədər də gərgin münasibətlər yoxdu. Ortada olan müəyyən anlaşılmazlıqlar aldadıcı görüntü də ola bilər. Ona görə də Azərbaycan hakimiyyəti xarici siyasətində bu faktora əminliklə istinad etməməlidir: "Rəsmi Moskvanın Ermənistandakı əsas mövqelərini itirməsi ilə bağlı iddia irəli sürmək tələsik addım ola bilər. Çünki Ermənistanın indiki iqtidarı regionda dəyişməkdə olan geosiyasi maraqlara rəğmən, Rusiya əleyhinə hər hansı addım atmır. Əgər belə bir hal baş versəydi Rusiya ən azı bu ölkəni ən zəif yerindən – işğal etdiyi ərazilərin boşaldılması tələbi ilə - vurardı. Müşahidələr göstərir ki, Ermənistanın indiki hakimiyyəti Qərbə yönəlik, xalqın demokratik istəklərini qarşılayan bəyanatlar verir, çıxışlar edir. Lakin bütün bunlar hələ söz olaraq qalır, real addımlara çevrilməyib. Bununla belə, ortada bir reallıq da var ki, Moskva əvvəlki kimi Ermənistana etibar etmir. Lakin münasibətlərin pisləşməsinin Rusiyanın özünə və bölgə ölkələrinə hansısa təsirindən danışmaq hələ tezdir".

 

Siyasi şərhçi Eldəniz Quliyev isə diqqəti iki ölkə arasında münasibətlərin son zamanlar həqiqətən soyuqlaşmasına yönəltdi: "Amma buna ağanın öz nökərindən narazılığı kontekstində baxmaq lazımdır. Digər tərəfdən, əgər bu gərginlik güclənərsə, araları ciddi şəkildə pozularsa zənnimcə, region bundan daha çox udar. Daha dəqiq desək, region ölkələri iddialı- hikkəli bir orbitrdən xilas olar. Bu halda regionda munaqişədə olan tərəflər öz aralarında danışıqlar apararaq məsələləri özləri tənzimləyə, problemlərin həllinə öz aralarında nail ola bilərlər. Bu, düşünürəm ki, bəzi münaqişələrin həllində daha qısa və əlverişli yol olardı".

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system