“Molotovla Xruşovun hamam davası” – 1957-ci il plenumu 3 “qoca qurd”un ifşası ilə nəticələnib

Oxundu: 108
“Molotovla Xruşovun hamam davası” – 1957-ci il plenumu 3 “qoca qurd”un ifşası ilə nəticələnib

Mərkəzi Komitənin 1957-ci il iyun plenumu SSRİ tarixinə partiyadaxili çəkişmələrin son pik həddi kimi düşüb. Nikita Xruşovu hakimiyyətdən devirmək istəyən əsas üçlük - Vyaçeslav Molotov, Georgi Malenkov və Lazar Kaqanoviç bu mübarizədə məğlub olublar...

İclasın gedişində Molotov Xruşovun siyasi fəaliyyətini sərt tənqid edib. Stenoqrama nəzər yetirəndə aydın olur ki, Molotov öz çıxışında Xruşovun fəaliyyəti ilə bağlı ən xırda detalları belə açıqlayıb:

 

- Nikita Xruşov siyasi səriştəsizliyi ilə ətrafındakıları “ağılsız qoca”, “yaramaz kommunist”, “karyerist” adlandıraraq Mərkəzi Komitədə gərgin və xoşagəlməz atmosfer yaradıb. O, təkcə ölkə daxilində deyil, xarici səfərlərində də sovet liderinə yaraşmayan hərəkətləri ilə Kommunust partiyasının adına ləkə gətirib. SSRİ-nin birinci şəxsinin Finlandiyada gecə saat 3-də saunaya getməsini necə qiymətləndirmək olar? Onunla birlikdə olan Bulqanin bundan imtina edib, amma Xruşov Finlandiya prezidentinin gecə təklifini qəbul edərək səhər saat 6-ya qədər vaxtını hamam əyləncəsində keçirib.

 

 

Bu məqamda Xruşov Molotovun çıxışını kəsərək iclas içtirakçılarına hamam məsələsini izah edib:

 

- Mənim gənclik illərim səhralarda keçib, müharibə vaxtı da normal hamam görməmişəm və mən, ümumiyyətlə, hamama getməyi xoşlamıram. Biz Finlandiyanda olanda tez-tez eşidirdik ki, bu ölkə həm də hamamları ilə məşhurdur. Prezident Kekkonen də bizi hamama dəvət etdi. Mən nə etməliydim, tüpürməliydim onun təklifinə? Əlbəttə ki, yox. Mən təklifi qəbul etdim. Biz hamamda dostyana söhbət etdik, zarafatlaşdıq. Kekkonen SSRİ-yə ən yaxın olan siyasətçilərdən biridir, bunu qiymətləndirmək lazımdır. Eyib olsun sənə, sən belə şeyləri anlamazsan. Çünki sən yalnız konflikt yaratmaqla məşğulsan.

 

 

Ən gərgin məqamlarda belə üzünün bir əzələsi də tərpənməyən Molotov Xruşovla razılaşmayıb:

- Sizin fikirlərinizlə razı deyiləm. Siz Finlandiyada özünüzü daha ləyaqətli apara bilərdiniz.

 

Bu məqamda SSRİ-nin baş prokuroru Roman Rudenko Molotova atmacasını saxlaya bilməyib:

- Yoldaş Molotov, bəs siz Hitlerin yanına gedəndə bunu ləyaqətli sayırdınız?

 

 

Marşal Jukov isə daha sərt çıxış edib:

- Biz bu adamlara inanırdıq, portretlərini ucaldırdıq, bunlar isə qollarını çırmalayıb əllərindəki baltalarla günahsız insanların başlarını kəsirdilər. Xalq bu həqiqətləri bilsəydi, sizi alqışlarla yox, daşlarla qarşılayardı. İndi sən cavab ver (Molotova müraciət edir), ittiham etdiklərinizə cəzaları necə verirdiniz? Əlbəttə ki, sübutsuz, dəlilsiz, məhkəməsiz. İşgəncə verib istədiyiniz ifadəyə qol çəkdirirdiniz.

 

Molotov özünə haqq qazındarmağa çalışıb:

- Bu, Siyasi Büronun ümumi razılığı ilə olub.

 

Malenkov müdaxilə edib:

- Bu, Stalinin göstərişi olub.

 

Zaldan Malenkovun fikrinə qarşı çıxıblar:

- Günahlarınızı ölülərin üstünə atmayın.

 

Xruşov bir daha həmin illəri Molotova xatırladıb:

 

- Sən Stalindən sonra ikinci şəxs idin. Bütöv bir mərtəbəni zəbt etmişdin, iki-üç kabinetin, iki-üç istirahət otağın var idi. Amma heç vaxt başqaları haqqında düşünməmisən. İndi isə məsuliyyəti boynundan atırsan. Mənə hamam məsələsini xatırladırsan, mən isə sənə daha ciddi məsələləri xatırladaram. Əsirlikdən qayıdan 126 min sovet zabitinin taleyinə kim son qoyub? Marşal Jukov bu məsələləri daha yaxşı bilir.

 

 

Jukov Xruşovun dediklərini təsdiqləyib:

- Əsirlikdən 126 min zabitimiz geri qayıdanda sən onları hərbi rütbələrdən məhrum etdin və hər birini inzabati qaydada 6 il müddətinə düşərgələrə göndərdin. 22 oktyabr 1945-ci ildə bununla bağlı imzaladığın sənəd məndədir.

 

Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri, vaxtilə bir müddət Stalinin köməkçisi olan Vladimir Malin də Molotov haqqında fikirlərini bildirib:

- Mən sizə yüz minlərlə insanın repressiya olunması haqqında arxiv sənədləri təqdim edə bilərəm. Bu sənədlərin bir çoxunun üstündə Molotovun öz xətti ilə dərkənarı var: “Vurmaq və yenə də vurmaq...”

 

Vladimir Malinin çıxışından sonra zaldan Molotovun ünvanına sərt ifadələr səslənib: “Eyib olsun”; “Tribunanı tərk et”; “Xəyanətkar!” və s.

 

 

İclasda Molotovun yetirməsi olan, bir neçə ay əvvəl xarici işlər naziri təyin olunmuş Andrey Qromıko da münasibət bildirməyi özünə borc sayıb:
- Molotovun çıxışından sonra adamın ona yazığı gəlir. Başdan-ayağa çirkab içində olan bir kəsin başqasına ləkə yaxmaq istəyi həqiqətən də yazıqlıq əlamətidir.

 

Digər çıxış edənlərdən sonra iclasa Moskva vilayət Partiya Komitəsinin birinci katibi İvan Kapitonov son qoyub:

 

- Əgər Vyaçeslav Molotov həqiqətən də bizim aramızda olsaydı, kolxozlara, zavodlara, müəssisələrə getsəydi, kabinetindən heş olmasa bir dəfə də olsun cəmiyyətimizə boylansaydı, yəqin ki, fikirlərində yanlış olduğunu dərk edərdi. Amma təəssüf ki, o, bunu dərk edə bilmir. Mən belə hesab edirəm ki, Molotovun bu gündən sonra Mərkəzi Komitənin Rəyasət Heyətində (Siyasi Büroda), Mərkəzi Komitə üzvlüyündə, partiya sıralarında qalması məqsədəuyğun deyil.

 

Zal Kapitonovun təklifini alqışlayıb.

 

Beləliklə, plenum müvafiq qərar çıxarıb. “Antipartiya qrupu”nun üzvləri vəzifələrindən uzaqlaşdırılıb.

 

 

Sonralar, 1964-cü ildə Xruşovu devirmək cəhdi baş tutanda Leonid İliç Brejnev 1957-ci il plenumunu qeyri-rəsmi “Molotovla Xruşovun hamam davası” adlandırıb.

/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system