"Mistral"ın cavabı: Rusiyanın yeni helikopter daşıyanı necə olacaq

Oxundu: 129

2020-ci illərin ortalarında Rusiya donanması tamamilə yeni sinif gəmiləri - universal desant hücum gəmilərini alacaq

Nikolay Protopopov, RİA Novosti

 

Doğma sahillərindən minlərlə kilometr məsafədə yüzlərlə dəniz piyadaları, onlarla zirehli texnika və desant əməliyyatları: 2020-ci illərin ortalarında Rusiya donanması tamamilə yeni sinif gəmiləri - universal desant hücum gəmilərini alacaq. Gəmi inşaatçıları, konstruktorlar və hərbçilər artıq layihənin təfərrüatları və gələcək universal desant gəmilərinin (UDG) vəzifələri barədə razılığa gəliblər.

 

Böyük planlar

 

Helikopterdaşıyanlar Kerçdəki "Zaliv" gəmiqayırma zavodunda inşa ediləcək. İki universal dok gəmisinin təməlinin qoyulması 2020-ci ilə planlaşdırılır, onların Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi 2025 və 2026-cı illərə planlaşdırılır. Gələcəkdə seriya davam edə bilər.

 

Gəmilərin hansı layihə üzərində qurulacağı hələlik məlum deyil. Xatırladaq ki, "Mistral" tipli helikopterdaşıyanların tədarükü ilə bağlı Fransa ilə bağlanmış müqavilə pozulandan sonra Rusiya Konstruktor Bürosu dərhal bir neçə variant hazırlayıb. 2015-ci ildə Nevski Layihə-Konstrutor Bürosu "Ləpədöyən" UDG anlayışını təqdim etdi. 14 min ton su tutumu olan bu gəmi iki aya qədər muxtar üzmə qabiliyyətinə malikdir, marşrutun məsafəsi isə 11 min kilometrdir. "Ləpədöyən" səkkiz Ka-27 helikopteri və altı desant gəmisini yerləşdirmək üçün hazırlanıb. Bundan əlavə, gəmi 500-dək desantçı və 60 ədəd zirehli maşın daşıya bilər.

 

Krılov Dövlət Elmi Mərkəzi özünün vertolyot daşıyıcısı versiyasını təklif edib. O, daha böyükdür, özündə 24 min ton su tutumu olan yarıtrimaranı ehtiva edir. Göyərtəsində və zirzəmisində 16 Ka-52 hücum helikopteri, Ka-29 döyüş nəqliyyatı və Ka-27 çoxməqsədli helikopter yerləşir. Göyərtəsində 500-dək desantçı və əlli ədəd hərbi texnika daşımaq mümkündür. Dəniz piyadalarının bir neçə "Serna" və ya "Raptor" desant gəmilərinin köməyi ilə sahilə çıxmaları nəzərdə tutulur. UDG-nin sürəti 20 düyündən çoxdur, üzmə uzaqlığı "Ləpədöyən"lə eynidir, lakin muxtarlığı daha aşağıdır - cəmi 30 sutkaya qədər.

 

Özünümüdafiə üçün gəmidə 76 mm-lik AK-176M artilleriya qurğusu, bir neçə 30 mm-lik AK-630 "Duet" artilleriya qurğusu, bir cüt "Pantsir-ME" zenit kompleksi və "Paket-NK" qayıq əleyhinə sistemlər mövcuddur.

 

Sualtı ovçular

 

Demək lazımdır ki, yerli HSK artıq belə gəmilərin tikilməsi təcrübəsinə malikdir. Düzdür, hərbi doktrinanın xüsusiyyətləri sovet helikopterdaşıyanlarının əcnəbilərdən həm görkəmcə, həm də qarşıdakı vəzifələrinə görə ciddi fərqini nəzərdə tuturdu. SSRİ banan respublikalarına hücumu, onların limanlarına helikopetrlərlə dolu gəmiləri yaxınlaşdırmağı, sahili təmizləməyi və havadan qorunma ilə desant çıxarmağı planlaşdırmırd. SSRİ-də desant əməliyyatlarına ikinci dərəcəli rol ayrılırdı, dəniz piyadalarının sahilə çıxarılması üçün isə adətən böyük desant gəmilərindən istfadə olunurdu.

  

Sovet admirallarını şərti düşmənin atom sualtı qayıqları daha çox narahat edirdi. 1960-cı illərdə gəmi düzəldənlər sualtı qayıqlarla mübarizə üçün onları bazalarından xeyli aralıda müstəqil surətdə tapan, izləyən və məhv edə bilən kreyser-helikopterdaşıyan hazırlamaq tapşırığını almışdılar.

 

Bir neçə ildən sonra Qara dəniz donanması 1123 layihəsinin iki "Kondor" kreyseri ilə təchiz olundu. Gəmilərə "Moskva" və "Leninqrad" adları verilmişdi. Onların quruluşunu qeyri-adi adlandırmaq olar. Əgər ön hissə adi V hərfi şəklində idisə, ortaya doğru korpus xeyli genişlənirdi. Üstdən gəmi armudu xatırladırdı. Belə qərar uçuş göyərtəsinin sahəsini artırmağa imkan verirdi.

 

Anqarlarda 14-ə qədər qayıq əleyhinə helikopter yerləşirdi. Onlar növbə ilə döyüş patruluna çıxır, dənizə hidroakustik siqnal üzgəcləri atır və kəşfiyyat işlərini aparırdılar.

 

"Kondor"lar güclü radiolokasiya avadanlıqları və silahlar ilə təchiz olunurdular. Kreyserlər nüvə başlıqlı döyüş sursatları da daxil olmaqla raketlərdən atəş aça bilən qurğular, 533 mm-lik kalibrli torpeda aparatları, reaktiv bomba atanlar, zenit-raket kompleksləri və artilleriya qurğuları ilə təchiz olunurdular.

 

Ancaq əhəmiyyətli çatışmazlıqlar da var idi. Məsələn, qeyri-standart forması səbəbindən fırtına zamanı bu kreyserlər sanki dalğalar altında basılırdılar. Göyərtədən içəri axan su asanlıqla avadanlıqların bir hissəsini sıradan çıxara bilərdi. Bundan əlavə, gəmini idarə etmək və onun sistemlərinə quluq etmək üçün böyük sayda insan qüvvəsi tələb olunurdu - ekipajların sayı 800 dənizçi və zabitə qədər ola bilərdi.

 

Buna baxmayaraq, helikopter daşıyan gəmilər Aralıq dənizində və Atlantik okeanda vəzifələrini uğurla yerinə yetirdilər. Onlar birbaşa tapşırıqları - sualtı qayıqlarla mübarizə ilə məşğul olmaqla yanaşı, həm də xilasetmə və axtarış əməliyyatlarında iştirak edirdilər. Məsələn, 1974-cü ildə “Leninqrad” Süveyş kanalının minalardan təmizlənməsi missiyasına cəlb edilib.

 

Bu kreyser 1991-ci ildə istismardan çıxarılıb və metal kimi Hindistan şirkətinə satılıb. “Moskva” isə bir qədər uzun yaşaya bilib – onun dənizə son çıxışı 1993-cü ildə baş tutub, bundan sonra onu üzən kazarmaya çeviriblər. 1997-ci ildə isə bu gəmi də metal kimi satılıb.

 

Ümumi ideya

 

Qərb ölkələrinin helikopterdaşıyanlar tikintisində təcrübəsi daha böyükdür. Xüsusən bu işdə amerikalılar qabağa gediblər. 1970-ci illərin ortalarından ABŞ HDD-nin arsenalında "Tarava" universal desant gəmisi olub. Bu, desant əməliyyatı rayonuna iki min dəniz piyadasını, onlarla zirehli texnikanı və helikopteri çatdıra bilən nəhəng ekspedisiya gəmisidr.

 

"Tarava"lar 2015-ci ilədək ABŞ donanmasına xidmət ediblər, onları daha müasir "Uosp"lar əvəz ediblər. Bundan əlavə, ABŞ-da artıq "Amerika" desant gəmiləri seriyasından əsas gəmi tikilib və donanmanın tərkibinə daxil edilib.

 

Qeyd etmək lazımdır ki, SSRİ-nin də ABŞ-da olanlar kimi desant gəmilərinin tikilməsi planları var idi. 1980-ci illərin ortalarında konstruktorlar 11780 şifrəsi altında universal desant gəmisinin layihəsini hazırlayıblar. Gəmi amerikalı analoquna o qədər oxşayırmış ki, adını qeyri-rəsmi olaraq "İvan Tarava" qoyubmuşlar.

 

30 min tondan artıq su tutumu olan nəhəng gəminin 200 metrlik göyərtəsinə həm helikopterlər, həm də Yak-38 təyyarələri enə bilirmiş. UDG-yə mindən artıq desantçı, 40 tank və 15 zirehli transportyor yerləşirmiş. Lakin ali hərbi komandanlıq arasında fikir ayrılığı səbəbindən layihə həyata keçməyib. SSRİ dağıldıqdan sonra isə ümumiyyətlə arxivə atılıb./sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system