Mircəfər Bağırov oruc tutan fəhlə ilə necə rəftar etdi...

Oxundu: 1669
Mircəfər Bağırov oruc tutan fəhlə ilə necə rəftar etdi...

“Bədbəxtin ev ünvanını da bilmirik ki, ailəsinə xəbər çatdıraq...”

Bu əhvalatı mənə 80 yaşlı Rəşid kişi danışıb. Ramazana kimi onunla səhər gəzintisinə çıxardıq. Rəşid kişi gəzə-gəzə keçmişi xatırlayır, görüb-eşitdiklərindən ən maraqlılarını nəql etməyi çox xoşlayırdı. Bir gün orucluqdan söz düşəndə dedi:

 

- Söz vaxtına çəkər, Bakıda yayın oğlan çağı idi. Ramazan ayı yenicə başlamışdı. Mircəfər Bağırovun rəhbərlik etdiyi o çağlar dini ayinləri açıq-aşkar icra etmək qorxulu əməl sayılırdı. İmanlı adamlar gizlicə oruc tutur, bəzən həyatları bahasına olsa da Allah qarşısında öz borclarını yerinə yetirərdilər.

 

Bir dəfə Mircəfər Bağırov Mərkəzi Komitəyə yaxın küçədən ötüb-keçirmiş. Görür ki, yola isti asfalt çəkən fəhlələrdən dörd-beş nəfəri nəhəng bir ağacın kölgəsində sərinlənir. Yaxınlaşıb “oruc tutubsunuz?” – deyə soruşur.

 

Fəhlələrin matı-qutu quruyur, heç birindən səs çıxmır. Ortaboylu, hərbi geyimli, eynəkli rəhbər təkrar amiranə səslənir: “Kim oruc tutub?”. Və bu dəfə zəhmli baxışlarla sanki onları bir-bir “sorğu-sual” edir.

 

Kimisi lal-dinməz başını bulayır, kimisi yavaşcadan “yox” deyir. Yalnız bir nəfər özündə cürət tapıb cavab verir ki, “yoldaş Bağırov, mən orucam...”.

Bağırov ona “maşına otur!” deyir. Qara “ZİM”in arxasınca boylanan fəhlələr oruc olduğunu etiraf edən iş yoldaşlarının halına acıyırlar: “Bədbəxtin ev ünvanını da bilmirik ki, ailəsinə xəbər çatdıraq... İftara yolunu gözləməsinlər...”.

 

...İndiki “Yaşıl Teatr”-ın ərazisində o zaman Mərkəzi Komitənin ərzaq anbarları yerləşərdi. Bağırov maşını birbaşa anbarın həyətinə sürdürür. Oruc tutan fəhləni anbara nəzarət edən zabitə göstərib deyir:

- Bu adama bir aylıq hər növ ərzaqdan verin. Özünü də maşınla evinə aparın, bir də ona oruc olduğuna görə iki həftəlik istirahəti üçün icazə kağızı yazın!..

Bağırovun əmri dərhal icra olunur. Fəhləni ərzaq kisələri yüklənmiş “poluturka” maşınla evinə aparırlar... O gün ev sahibi iftar süfrəsinə yaxın qonşularını da dəvət edir.

 

İki həftədən sonra iş yoldaşları onu sağ-salamat görəndə gözlərinə inanmırlar:

- Ə, biz neçə gündür sənin halına vaysınırdıq ki, yazıq, heç nədən öz dilinin bəlasına düşdü... Elə bildik Bağırovun əmriylə səni “gedər-gəlməzə” yolladılar...

 

Bağırovun mərhəmətini görən fəhlə yoldaşlarına belə cavab verir:

- Orucluq sahibi hamınıza zamin dursun! Allahdan gizlin olmayan, bəndədən də gizlin qalmaz! Düzü, yoldaş Mircəfər Bağırov həm də səxavətli, əliaçıq, fəqir-füqaraya mərhəmət edən adamdı...

Beləcə başına gələnləri iş yoldaşlarına danışır.

 

Rəhbərin iş yoldaşlarına necə qayğı göstərdiyini eşidən fəhlələr Orucluq ayı çıxana qədər Allaha dua edirlər ki, kaş Mircəfər Bağırov bir də onlara yaxınlaşıb soruşaydı: “Kim oruc tutub?”.

 

P. S: Oruc ağızla söhbətinə xitam verən Rəşid kişi bildirdi ki, həmin fəhlələrin biri ilə illər sonra müalicə olunduğu xəstəxanada tanış olub... Mənə nəql elədiyi bu əhvalatı onun dilindən eşidib.

 

Nurəddin Ədiloğlu 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system