Milli Məclis Əli Əsədovun Baş nazir olmağına RAZILIQ VERDİ

Oxundu: 86
Milli Məclis Əli Əsədovun Baş nazir olmağına RAZILIQ VERDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

İslaminSesi xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.

Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.


Əli Əsədov göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

 

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

 

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

 

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.
Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system