Mikoyanı, Malenkovu və Beriyanı Stalinə aşkarda satan Şerbakov – 9 may gecəsi infarktdan ölən MK katibi

Oxundu: 40
Mikoyanı, Malenkovu və Beriyanı Stalinə aşkarda satan Şerbakov – 9 may gecəsi infarktdan ölən MK katibi

Müasirləri onun haqqında fərqli fikirlər söyləyiblər. Bəziləri onu Stalinin ən sədaqətli kadrı, bəziləri yaltaq və simasız məmur, digərləri bacarıqlı və enerjili kommunist adlandırıblar. Hətta Aleksandr Şerbakovu Stalin hakimiyyətinin ən əclaf və yaramaz siyasətçisi kimi də xarakterizə edənlər tapılıb. Amma 1941-ci ildə alman qoşunlarının Moskva ətrafına toplaşdığı dövrdə Şerbakovun xidmətlərini onun haqqında fərqli fikir söyləyənlərin hamısı danılmaz fakt kimi qeyd edib.

Maraqlıdır, 15 yaşında mətbəədə qəzet daşıyan, 35 yaşında isə Stalinin bir addımlığında dayanan Şerbakov kim olub?

 

Aleksandr Şerbakov 1901-ci ildə Moskvada anadan olub. Əvvəlcə gimnaziyada, sonra isə Sverdlov adına Kommunist Universitetində təhsil alıb. 15 yaşında mətbəədə kuryer kimi ilk əmək fəaliyyətinə başlayıb. Ali təhsilini başa vurduqdan sonra komsomol və partiya orqanlarında müxtəlif vəzifələrdə işləyib.

 

Gənc yaşlarından siyasi karyerasında uğurlar qazanan Aleksandr Şerbakov artıq 33 yaşında Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsində özünə yer edib. İki ildən sonra o, Leninqrad vilayət Partiya Komitəsinə ikinci katib, daha sonra isə İrkutsk və Donetsk vilayətləriinin birinci katibi vəzifələrinə təyin edilib.

 

 

Bu vəzifələrdə işləyərkən Şerbakov özünü əsl Stalinçi kimi göstərib, vilayətlərə rəhbərlik etdiyi dövrlərdə Stalinin repressiya planlarını artıqlaması ilə icra edib.

 

Əyalətlərdə bütün çıxış və məruzələrini “Böyük Stalin” ifadəsi ilə başlayan Şerbakovun səsi Stalinə də çatıb və o, bu “səs”i yüksək qiymətləndirərək onu Moskavaya gətirib.

 

Şerbakov Moskvada eyni zamanda bir neçə vəzifəni icra edib. 1938-ci ildə Moskva vilayət Partiya Komitəsinə birinci katib təyin edilən Şerbakov həm də “Sovinfobüro”ya, ordunun siyasi işlər idarəsinə rəhbərlik edib. Həmçinin o, SSRİ Yazıçılar İttifaqının partiya nəzarəti üzrə katibi olub. 1943-cü ildə Şerbakova general-polkovnik rütbəsi verilib.

 

 

1941-ci ildə alman qoşunları Moskvaya yaxınlaşanda Aleksandr Şerbakov radio vasitəsi ilə paytaxt sakinlərinə müraciət edib, onları Moskva uğrunda son damla qanlarınadək vuruşmağa çağırıb. Nikita Xruşov Şerbakovun heç vaxt döyüş ərazilərində olmadığını yazıb. Amma arxiv sənədlərində bu fakt özünü doğrultmur. Belə ki, bir çox məmurlardan fərqli olaraq Şerbakov mütəmadi olaraq düşmənlə təmas xəttində olub, döyüşçülərin maddi-məişət problemlərini həll etmək üçün imkanlarını əsirgəməyib. Məhz həmin ərəfədə o, Stalinlə gün ərzində bir neçə dəfə əlaqə saxlayıb. Stalinin köməkçilərinə verdiyi göstərişə görə Şerbakov sutkanın istənilən vaxtı Stalinlə danışmaq imtiyazına malik olub.

 

1941-ci ilin payızında paytaxtı tərk etmək istəyən Moskva vilayətinin onlarla yüksək vəzifəlisini, zavod və fabrik direktorlarını Şerbakov həbs etdirərək yerindəcə güllələtdirib.

 

 

Stalin komandasının köhnə üzvləri arasında özünü heç də narahat hiss etməyən Şerbakov Siyasi Büroya üzv olduqdan sonra Kremldə özünü daha güclü, rəhbərə daha yaxın sayıb. Zaman-zaman o, büro üzvlərini Stalinin qarşısında tənqid etməkdən də çəkinməyib.

 

Şerbakov təkcə rəsmi tədbirlərdə yox, həmçinin qeyri-rəsmi ziyafətlərdə, yığıncaqlarda da Stalinə xoş görünmək üçün bütün vasitələrə əl atıb.

 

 

Məlum olduğu kimi, Stalin mütəmadi olaraq silahdaşlarını öz bağına dəvət edib. Ziyafət təşkil olunub, süfrə arxasında bir çox məsələlər müzakirə edilib. İçki süfrəsi arxasında Stalin Kreml məmurlarını içirtməklə onların fikirlərini daha dəqiq öyrənmək istəyib və bir çox hallarda sərxoş olan məmurların iç üzünə bələd olub. Şerbakov da bu məclislərdə iştirak edib və içkiyə hədsiz meylli olsa da özünü tam normal apara bilib. Belə bağ məclislərinin birində Mikoyan, Malenkov və Beriya süfrəyə xidmət edənlərə əvvəlcədən göstəriş veriblər ki, onların qarşısına su əlavə olunmuş şərab, yaxud da şərab rəngində olan meyvə şirəsi qoysunlar. Bu sövdələşmədən Şerbakov xəbər tutub. Məclisin qızğın vaxtında o, Mikoyanın qarşısındakı şərab qrafinini götürüb öz bakalına süzüb, axıra qədər içib. Stalin bu səhnədən təəccüblənib:

 

- Yoldaş Şerbakov, siz axı bizim məclisdə birinci dəfə deyilsiniz. Tost demədən içmək bizdə qəbul olunmur.

 

- Mən eksperiment aparırdım. Yoldaş Stalin, icazə verin sizi bir məsələ ilə bağlı məlumatlandırım.

 

Stalin təbəssümlə Şerbakova cavab verib:

 

- Moskvanın sahibi kimi siz həmişə söz sahibisiniz.

 

- Yoldaş Stalin, bunlar (o əli ilə Mikoyanı, Malenkovu və Beriyanı göstərib) sizi aldadırlar. Onların içdiyi heç də şərab deyil.
Bu açıqlamadan sonra Stalin qəzəblənib. Xruşov həmin hadisəni öz xatirələrində belə bölüşüb:

 

“Şerbakovdan hər şey gözləmək olardı. Amma belə bir addım atması heç kimin ağlına gəlməzdi. O, bunu etdi, utanmadan və çəkinmədən. Stalinin necə qəzəbləndiyini isə sözlə ifadə etmək çətindir...”

 

 

Stalinin Şerbakov haqqında fikirləri yüksək olub, bəlkə də o, Şerbakovun daha yüksək vəzifələrə təyin olunması haqqında da düşünüb. Amma Şerbakovun ölümü həmin planları yarımçıq qoyub.

 

1944-cü ildə infarkt keçirən Şerbakovun səhhətində ciddi problemlər yaranıb. Həkimlərin qadağasına baxmayaraq Şerbakov gərgin iş rejimini dəyişməyib. 1945-ci ilin my ayının əvvələrində onun ürək xəstəliyi yenidən şiddətlənib və o, bağ evində müalicə alıb. Mayın 9-da Stalin Şerbakova zəng vurub, onu qələbə münasibətilə təbrik edib. Elə həmin gecə, mayın 9-dan 10-na keçən gün Şerbakov 44 yaşında vəfat edib.

 

Aleksandr Şerbakovun yandırılmış nəşinin külü Kreml divarlarında yerləşdirilərək üzərinə xatirə lövhəsi vurulub./Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system