NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Mənim ağ-qara dünyamda həm ağ, həm də qara sevgi var” - Səfiyar Məcnun

Oxundu: 3929
“Mənim ağ-qara dünyamda həm ağ, həm də qara sevgi var” - Səfiyar Məcnun

"Sevgi olmasa nə ailəmdən, nə özümdən, nə də sənətimdən başlaya bilmərəm. Məni hər şeyə bağlayan sevgidir. Əminəm ki, Allahdan mənə sevgi payı çox düşüb"

Onlar yaşadıqları cəmiyyətdə fərqli baxışa sahib olan, həyatı digərlərindən daha fərqli görməyi bacaran, hadisələri bəzən olduğu kimi, bəzən isə müxtəlif rənglərdə çatdıran incə ruhlu insanlardır. Onlar həyata obyektiv arxasından baxmağı bacaran qəhrəmanlardır. Həyatın obyektiv arxasından necə göründüyünü isə yalnız onlar - yəni fotoqraflar bilir. 


“İslamınSesi” nin “Kadrdan Kənar” foto layihəsi davam edir. Kadrdan kənar düşüncələrini və obyektiv arxasından həyatın necə göründüyünü bu dəfə sənətində müəyyən uğurlar qazanan və tanınan fotoqraf Səfiyar Məcnun açıqlayacaq.

 

Səfiyar Məcnun haqda qısa tanıtım:

 

11 İyul 1985-ci ildə dünyaya göz açan qəhrəmanım, bir müddət vətəndən kənarda yaşasa da, sonradan geri dönüb. Elə peşəkar foto fəaliyyətinə də Azərbaycana qayıtdıqdan sonra başlayıb. O, “Mənim ağ-qara dünyam”, “Xocalı”, “Veteranlar”, “Lahıc” və digər maraqlı layihələrə imza atıb. Hazırda fəaliyyətini “ATV” telekanalında davam etdirir.

 

“İslaminSesi” Səfiyar Məcnunla müsahibəni təqdim edir.


- Foto Səfiyar Məcnun üçün nədir?

 

- Foto mənim həyat tərzimdir. Özümü fotodan kənar nə görə, nə də hiss edə bilirəm. Əgər başqa sahə ilə məşğul olsaydım, həmin sənət növlərini də bu dərəcədə sevə bilərdim. Düşünürəm ki, bu ruhumla bağlı olan bir məsələdir. Ola bilər ki, bu cür ruha sahib olmağım şer yazmaq həvəsimlə də bağlıdır. Şeirlərimi övladım qədər çox sevsəm də, bu sahəyə bir o qədər də bağlı deyiləm. Foto isə mənim üçün tərzdir. Bu sənəti  pula çevirmək məqsədyönlü şəkildə deyil.

 

 

- Fotoaparat obyektivindən baxılan həyatla adi həyat arasında nə kimi fərq var?

 

- Fərq olduğunu düşünmürəm. Çünki öz gözlərimlə baxarkən nə görürəmsə, fotokameranın obyektivdən baxdıqda da eyni mənzərəni görməyə çalışıram. İnsan sterio, fotokamera isə mono görür. Buna görə də bəzən bir gözümüzü bağlamaq məcburiyyətində qalırıq (red. gülür). Fotokameranın arxasında fotoqrafın beyin məhsulu dayanır. Əslində fotoqrafın nəyi görmək istədiyindən çox şey asılıdır. Yəni insanlar nəyi görmək istəyirlərsə, onu da görürlər. Bu deyim fotoqraflara da aiddir. Fotoqraflar da görmək və ötürmək istədiklərini çəkirlər. Ona görə də, bu sualın cavabı fotoqrafın zövqündən, həyatından, baxışından, inancından, tərzindən, böyüdüyü mühitdən, psixoloji durumundan birbaşa asılıdır. Sənət din, irq, cins tanımadığından, fotokameranın obyektivindən baxarkən həyat qərəzli görünməməlidir. Yəni fotoqraf öz zövqünü və ideyasını fotoya köçürməməlidir. Baş verən hadisəni heç bir şərh vermədən olduğu kimi çəkməyi və çatdırmağı bacarmalıdır. Digər tərəfdən isə dünya olduğu kimi yalnız sadəlövh insanlar üçündür. Yaradıcı və həssas ruhlu insanlar üçün isə dünya olduğu kimi deyil.

 

 

- Azərbaycanda foto sənətinin inkişafı üçün konkret hansı tədbirlər həyata keçirilməlidir?

 

- Bu mövzuda fikirlərim bir neçə istiqamətə ayrılır. Azərbaycanda fotoqrafiya inkişaf edib. Amma baxır kimə görə bu belədir. Bu günki gənclər təəssüf ki, Azərbaycan fotoqrafiyasını beynəlxalq arenaya çıxardan insanların adlarını bilmirlər. Eyni zamanda həmin insanlar da bu cür gəncləri tanımaq istəmirlər. Yəni ortada böyük bir sədd var. Bunu cəmiyyətin sevgisizlik sindromu ilə əlaqələndirirəm. Biz cəmiyyət olaraq bir-birimizi sevmirik. Bu özünü foto sənətində və fotoqraflar arasında göstərir. Əgər cəsarət, praktik iş, qarşıya konkret hədəf qoyub o nöqtəyə çatmaq üçün çalışmaq olmasa, o zaman fotoqrafiyada ümumi deyil, fərdi inkişafı müşahidə edəcəyik. Foto sənətində irəliləmiş yaşlı nəsilə Azərbaycan fotoqrafiyasının gələcəyi maraqlı olmalıdır. Bu isə müqayisə olunmayacaq qədər azdır. Üstəlik gənclərin də bu insanları tanımaq üçün təşəbbüs göstərməmələri inkişafa mane olan səbəblərdəndir. İndiki gənclər Eldar Əkbərovu, Sənan Ələsgərovu, Asim Bakunu, Rafael Qənbərovu, Sevinc Aslanovanı və digər peşəkar fotoqrafları tanımırlar. Amma gənclərə bu insanlar maraqlı olmalıdır, onlardan yararlanmalıdırlar.

 

- Bu günə kimi çəkmək istədiyiniz, lakin çəkə bilmədiyiniz hər hansı bir foto, yaxud reportaj olubmu? Əgər olubsa hansı səbəbdən çəkə bilməmisiniz?

 

- Əvvala onu deyim ki, sənət adamının öhdəliyi olmamalıdır. Əgər sənət adamının öhdəliyi varsa, bu onun sənətində axsaqlıq yaradacaq. Biz elə mental dəyərləri olan cəmiyyətdə böyümüşük ki, özümüzü tanımağa başlayan andan üzərimizə müəyyən öhdəliklər götürmüşük. Sənətə özümüzü qurban verməyə hazır olduqda isə həmin öhdəliklər buna icazə verməyib. Ümumiyyətlə hər bir işdə uğur qazanmaq üçün, nəyisə qurban vermək lazımdır. Lakin addım atmazdan öncə düşünürsən ki, verdiyin qurban buna dəyərmi? Sırf bu səbəbdən beynimdə olan müəyyən layihələri həyata keçirə bilməmişəm. Lakin bu onları heç zaman etməyəcəyim anlamına gəlmir. Məsələn Azərbaycanda və Qafqazda olan “Alban kilsələri” ni çəkmək istəmişəm. Azərbaycanda cüzam xəstələrinin müalicə olunduğu tibb müəssisəsini çəkmək fikirim olub. Küçə fotoqrafiyasına özümü fəda etməyi düşünmüşəm. Lakin müəyyən öhdəliklər səbəbindən bu layihələri həyata keçirmək hələlik qismət olmayıb.

 

- Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü olmusunuz. Hazırda isə həmin qurumdan çıxmısınız. Səbəbi bilmək olar?. Sizi bu qurumdan uzaqlaşmağa nə məcbur etdi?. Nə qane etmədi size AFB-də?

 

- Əslində bu problemin yaranmasını nə AFB rəhbəri Mirnaib Həsənoğlu, nə də ki digər üzvlər istəməzdi. Eyni zamanda mən də... Mirnaib Həsənoğlunun fotoqraf kimi Azərbaycan fotoqrafiyasına töhfəsi var. Amma mümkündür ki, biz fotoqrafiyanı fərqli anlayaq və başa düşək. Sədr kimi də, Mirnaib Həsənoğlu AFB-nin sənəd işlərini yaxşı görürdü. Lakin mən Mirnaib Həsənoğlu ilə yox, AFB-nin sədr postunu tutan insanın fəaliyyəti ilə mübarizə etdim. Bu problemin bizim şəxsi münasibətlərimiz səbəbindən qaynaqlandığını düşünənlər də oldu. Lakin bu əsla belə deyil. Bizim şəxsi münasibətlərimiz hər zaman normal olub. Məsələ orasındadır ki, Mirnaib Həsənoğlunun sədr postundakı münasibətləri düzgün deyildi. Qısqanc idi. Şəxsi münasibətləri sənətə qatırdı. Fəaliyyəti qənaətbəxş deyildi. Bütün bunların düzəlməsi üçün verilən təkliflərə etinasız yanaşırdı. Lakin bu günə qədər heç yerdə demədiyim başqa səbəb də var. AFB-də “İşıqlar” adlı aylıq müsahibə elan olundu. Aylıq müsahibənin mətnini oxuyarkən rastlaşdığım iki cümlə məni çox utandırdı. Bu cümləni yaza biləcək birliyin idarə heyətində olduğum üçün utandım. Cümlə belə idi: “ İşıq fotoqrafiyada əsas ünsürlərdən biridir. Yer üçün işıq mənbəyi Günəş, Ay, Ulduzlar”... Mən bu cümlələrin səhv olduğu barədə bir neçə insana, o cümlədən Mirnaib Həsənoğluna yazdım. Çünki işıq fotoqrafiyada yeganə ünsürdür. İkinci ünsür yoxdur. İşıq yoxdursa, foto mövcud deyil. Yer üçün yeganə işıq mənbəyi isə Günəşdir. Ay işığı əks etdirir. Ulduzların işığı isə bizə gəlib çatmır. Yəni Yer üçün Ay və ulduzlar işıq mənbəyi deyil”. Mənə gələn cavab daha çox toxundu. Cavab təxminən belə idi: “ Biz düz yazmışıq, bizi qane edir, sən narahat olma”. Mən AFB-nin yaxşılığını istəyərək, rəzil edən cümlələrin düzəldilməsinə çalışdım. Lakin aldığım cavabdan sonra belə qərara gəldim ki, bunlar (idarə heyəti, üzvlər və qeyri-üzvlər arasında istisnalar var) Azərbaycan fotoqrafiyasının düşmənləridir. Ona görə də, AFB-ni tərk etdim.

 

- “Mənim ağ-qara dünyam”, “Xocalı”, “Veteranlar”, “Lahıc” sizin əsərlərinizdir. Səfiyar Məcnunun ağ-qara dünyası nədən ibarətdir?

 

- Öncə deyim ki, mənə fotoqrafiyada rəng yox, işıq maraqlıdır. Rənglər olanda insan mövzudan çox rənglərə meylli olur. Mövzu, mesaj, yanaşma istiqamətini dəyişir. Elə foto var ki, onu ağ-qara etmirsən. Çünki birmənalı olaraq həmin fotoda rəng vacibdir. Elə foto da var ki, o mütləq ağ-qara olmalıdır. Rəngli fotolar izləyicinin daha çox xoşuna gəlir. Lakin məni fotoqrafiya düşündürdüyü üçün “Mənim ağ-qara dünyam” layihəsi sona qədər ağ-qara olacaq. Səfiyar Məcnunun ağ-qara dünyası nədən ibarətdir? Bu o qədər çoxşaxəli sualdır ki, cavaba hardan istəsəm başlaya bilərəm və bitirmərəm. Məsələn bu sualın cavabına özümdən, ailəmdən, sənətimdən başlaya bilərəm. Amma sevgidən başlayacam. Çünki sevgi olmasa nə ailəmdən, nə özümdən, nə də sənətimdən başlaya bilmərəm. Məni hər şeyə bağlayan sevgidir. Əminəm ki, Allahdan mənə sevgi payı çox düşüb. Şair ruhlu olduğum üçün bəzən mənə hicranın verdiyi həzzi, vüsal verə bilmir. Ona görə də, mənim ağ-qara dünyamda həm ağ, həm də qara sevgi var.


Foto sənəti sizdən nəyi alıb?

 

- Foto məndən heç nəyi almayıb. Əksinə çox şey qazandırıb. Bundan sonra nəyisə alacağına inanmıram. Həm də ərk edərək “ala bilməz” deyirəm ( red. sözünü Ramiz Rövşənin şeiri ilə davam edir).

 


- Foto sənətinə yeni gələn, sənətin sirlərinə yiyələnmək istəyən gənclərə irad və tövsiyyələriniz?

 

- İradım ondan ibarətdir ki, bu gün gənclər çox danışırlar. Gənc fotoqraflar arasında nədənsə danışmağa meyllilik var. Amma danışmağa tələsməsinlər. Hansısa məqama sahib olduqdan sonra nəyəsə ümumi fikir bildirsinlər. Azərbaycan fotoqrafiyasına töhfə verən fotoqrafları axtarsınlar, onlardan yararlansınlar. Çoxlu mütaliə etsinlər. Çünki bu işin yerini, məqamını bilmədikdən sonra, niyə çəkdiklərini anlamayacaqlar. Gənclər bir-birinə yaxın olan janrlarda işləməyə çalışsınlar. Çünki çox janrlara müraciət etdikdə, digərlərində axsaqlıq yaranır. Daha sonra özlərinə üslub seçsinlər. Hər bir halda öz baxışlarını, beyinlərini, ürəklərini çəkdikləri fotoya qatsınlar. Bu zaman əsl peşəkar fotoqraf kimi yetişə biləcəklər.

 

Müşviq Əhmədov

Foto: İlkin Əzimov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system