NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məhəmməd Peyğəmbərin (s) kəlamlarında ətraf mühitə münasibət

Oxundu: 120
Məhəmməd Peyğəmbərin (s) kəlamlarında ətraf mühitə münasibət

İslamın təbiət varlıqları ilə münasibətlərində insandan istəyi Uca Allahın insanlığa bəxş etdiyi təbiəti, onun gözəlliklərini qorumaqdır

 

Allahın sonuncu elçisi, Məhəmməd Peyğəmbərin (s) həyat və fəaliyyətində əsas yer tutan hədis və kəlamları bu günümüzədək dəyərini itirməmiş, örnək kimi hər zaman diqqəti cəlb etmişdir. Onun möcüzələri arasında canlı və cansız təbiətə münasibət həmişə olub. Dini rəvayətlərdən birində deyilir: "Bir gün səhra çöllüklərində yaşayan oturaq bir ərəb köynəyinin qol hissəsində bir kərtənkələ gizlədərək Peyğəmbərin (s) yanına gəlib uca səslə dedi: Sizə o zaman iman gətirəcəyəm ki, bu kərtənkələ iman gətirsin və həmin an kərtənkələni yerə atdı". Peyğəmbər(s) buyurdu: Ey kərtənkələ!

 

Kərtənkələ hamının aydın və dərk ediləcəyi bir şəkildə və dildə dedi: "Ləbeykkə və sədeyk” (itaət edirəm).” Peyğəmbər (s) buyurdu: Kimə pərəstiş edirsən? Dedi: “O kəsə ki, onun ərşi səmada, rəhməti Behiştdə və əzabı cəhənnəmdədir.”

 

Peyğəmbər (s) buyurdu: “Mən kiməm?” Dedi: “Sən aləmlərin Rəbbinin elçisi və peyğəmbərlərin sonuncususan. Səni təsdiq edən kəs nicat tapar və səni təkzib edən kəs ziyankarlardan olar.”

 

Biyabanda yaşayan kişi elə bir dərəcədə təsir altına düşdü ki, Peyğəmbərə (s) üz tutaraq dedi: Şəhadət verirəm ki. Allah təkdir və şəriki yoxdur və sən onun elçisisən.”

 

Peyğəmbərin hədisləri ilə tanışlıq göstərir ki, o, heyvanara qayğı göstərməyi xoşlayıb. Lakin onları incidənləri və öldürənləri pisləyib. Heyvanları əzabla öldürməyi isə qadağan edib: “Heyvanlara etdiyiniz zülm bağışlansaydı, çoxunuz bağışlanardı”, yaxud “canlıları, istər heyvan olsun, istər insan, əziyyətlə öldürməyi qadağan edirəm.”

İslam peyğəmbəri (s)  Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş kimi müsəlmanı şad etməkdə görürdü. O, mənəvi cəhətdən saflaşmanı hər şeydən üstün tuturdu: “İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

 

Məhəmməd Peyğəmbər (s) daim ətraf mühitin qorunması qayğısına qalmış, özündən əvvəlki peyğəmbərlərlə müqayisədə canlı təbiətə daha diqqətlə yanaşmışdır. Onun kəlamlarında əsas yerlərdən birini bitki və heyvanlara münasibət tutur. O, əkib-becərməyi vacib əməllərdən sayır, heyvanlara qarşı diqqətli olmağa çağırır, onlara qayğı göstərməyi savab iş hesab edirdi. Hər kəsin əməlindəki günahın əvəzini susuzlamış canlıya su verməkdə görürdü: “Günahların çoxalanda, dalbadal təşnələrə su ver”. Bunun isə şübhəsiz, bioekoloji əhəmiyyəti vardır.

 

İslam Peyğəmbəri (s) əhalini hər zaman ağac əkməyə təşviq etmiş və onlarda ağaca-bitkiyə, təbiətə sevgi aşılamışdır. O, deyirdi: “Bir müsəlman bir ağac əkər, onun məhsullarından bir insan, ya da bir heyvan yeyərsə, o yeyilən şey ağacı əkən şəxs üçün bir sədəqə olar.”

 

Beləliklə, İslamın təbiət varlıqları ilə münasibətlərində insandan istəyi Uca Allahın insanlığa bəxş etdiyi təbiəti, onun gözəlliklərini qorumaqdır. Müqəddəs Kitabımız Qurani-Kərimdə belə buyurulur: “Çardaqlı və çardaqsız bağları, dadları müxtəlif olan xurma və bitkiləri, zeytunları, narları, bir-birinə bənzəyən və bənzəməyən halda yaradan Odur. Onların hər birinin meyvəsindən yeyin və yığım zamanı haqqını verin, ancaq israf etməyin. Çünki Allah israf edənləri sevmir (Ənam surəsi, 141).

 

Hər bir sahədə olduğu kimi, ətraf mühit mövzusunda da israf etməməyi öyrəndiyi zaman insanlıq daha da xoşbəxt olacaqdır.

 

Bitkilər haqqında daha sonra deyirdi: “Hər müsəlman bir ağac, ya bir əkin əksə və bir insan, quş, ya da heyvan onun məhsulundan yesə, həmin şəxs üçün sədəqə savabı sayılar”, “Əgər Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin”, “Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar”, “Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın”, “Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onunçün bir sədəqə yazılar”.

 

Heyvanlara haqqında deyirdi: “Allah-taala mehribanlıq göstərməyi sevir və onu yerinə yetirməyə kömək edər. Belə isə, arıq heyvanları mindiyiniz zaman onları öz mənzillərinə gətirin. Quru və otsuz torpaqdan tez keçib-gedin və yaşıllıq, otluq olarsa heyvanları buraxın ki, orada istirahət etsinlər”, “Sağlam heyvanlara minin və onları sağlam saxlayın. Küçələrdə, bazarlarda onlardan öz xütbələriniz və söhbətləriniz üçün kürsü kimi istifadə etməyin. Nə çoxdur, öz suvarisindən daha xeyirli olan və Allah-taalanı daha çox yad edən miniklər”.

 

“Heyvanın öz sahibi üzərində altı haqqı vardır: onun belindən düşən zaman ona ot versin, suyun yanından keçəndə onu suvarsın, səbəbsiz yerə onu vurmasın, gücündən artıq yükləməsin, qüvvəsi çatmadığı məsəfədə yola aparmasın, həddindən artıq müddətdə onun belində qalmasın” “Heyvanların üzündən vurmayın, çünki onlar Allaha həmd və təsbih deyirlər”.

 

“Hər bir heyvan - istər quş olsun, ya qeyrisi, əgər haqsız yerə öldürülərsə, Qiyamət gunu öz qatilindən şikayət edəcək”, “Hər kəs səbəbsiz yerə bir sərçəni öldürsə, həmin sərçə Qiyamət günü Allah dərgahına onun əlindən nalə çəkib deyəcək: “Ey mənim Rəbbim! Filankəs məni istifadə üçün deyil, səbəbsiz yerə öldürdü”, “Əgər heyvanlara etdiyiniz zülmlər bağışlanarsa, günahlarınızın əksəriyyəti bağışlanmışdır”, “Allah-taalanın sənin ixtiyarına verdiyi bu dilsiz-ağızsız heyvana görə Allahdan qorxmursan? Bu dilsiz heyvan onu ac saxlamağından və əziyyət verməyindən mənə şikayət etdi”, “Heyvanı müslə edənə (diri-diri heyvanın qulağını, dilini və burnunu kəsmək) Allah Lənət etsin”.

 

Yusif DİRİLİ (Mahmudov),

Ətraf mühit üzrə tədqiqatçı

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system